Banklardakı maliyyə qurumlarının depozitləri bir ayda 284 milyon manat azalıb. FED.az xəbər verir ki, aprel ayında banklardakı bu portfel 945.7 milyon manata düşüb. Portfelə isə yerli və xarici maliyyə institutlarının banklara qoyduqları vəsait və eləcə də sığorta şirkətlərinin əmanətləri də daxildir.
Beləliklə, maliyyə sektoru likvid vəsaitinin bankda əmanət şəklində yerləşdirilməsində maraqlı deyil. Xüsusən də sığorta sektoru topladığı vəsaitin bir hissəsini bankda yerləşdirərək, bundan faiz gəlirləri əldə edirdi. Hazırda banklarda manatla depozit qəbulu 2-12% arasında dəyişir. Təbii ki, 12% depozit qəbulu uzun müddətli əmanətlərə aiddir. Bu isə maliyyə sektoru və ümumiyyətlə biznes üçün sərfəli deyil. Ona görə də hamı qısamüddətli depozitlərə üstünlük verir, bu zaman təklif olunan faiz dərəcələri isə məqbul deyil. Bunu hesablayan maliyyəçilər artıq pullarını daha sərfəli variantlara yerləşdirmək üçün addımlar atırlar. Məsələn, “Atəşgah” Sığorta Qrupu Bakı Fond Birjasının listinq proqramına qoşuldu. Ümumilikdə sığorta şirkətlərinin qiymətli kağızlar bazarında payı artır. Artıq banklar özləri də likvid vəsaitlərini yerləşdirmək üçün əlavə maliyyə alətləri axtarırlar, çünki hazırki bazar imkanları böyük deyil. Təbii ki, banklar özləri də qiymətli kağızlara yatırımlarını yüksəldirlər. Statistik məlumatlar da bu gedişləri təsdiqləyir. 1 may, 2018-ci il tarixə bankların aktivlərində qiymətli kağızların həcmi 2 milyard 846 milyon manata yüksəlib. Halbu ki, bir ay əvvəl bu göstərici 2 milyard 302 milyon manat təşkil edirdi.
İlhamə Abdullayeva
Depozit qoymaq yaxşıdırsa, niyə maliyyəçilər pulunu geri çəkir? - İNFOQRAFİKA
14:23
5 İyun 2018