"DəmirBank" da niyə bu qədər sığortalanmayan əmanət var? Əmanətçilər əmanətlərinin sığortalanmadığını bilirdimi?
FED.az xəbər verir ki, “Dəmirbank”da vətəndaşların sığortalı (qorunan, kompensasiya olunan) və sığortasız (qorunmayan, kompensasiya olunmayan) əmanətlərinin məbləğini açıqlayıb. Hüquqi şəxslərin bankda qalmış vəsaitləri, habelə bankın mövcud borcları və digər mühüm məlumatlar isə hələ də açıqlanmır. Niyə? Ya Palata bu məlumatlara malik deyil və onda sual yaranır ki, banklara necə nəzarət edir?! Ya da Palata bu məlumatları hansısa qeyri-sağlam məramla gizlədir.
Əkrəm Həsənov bildirir ki, hazırda diqqəti Palatanın açıqladığı məlumata yönəltmək istəyirəm. Palata deyir ki, bankda 63,5 mln. manat sığortalı və 28,3 mln. manat sığortasız əmanət var. Əslində, Palata belə ümumiləşdirilmiş deyil, daha konkret məlumat verməli idi: heç olmasa hansı valyutada nə qədər əmanət var. Nə isə, əsas bu deyil.
Onun sözlərinə görə, təəccüblüsü bankın əmanətlərinin 1/3 hissəsinin sığortasız olmasıdır. Ötən ilin martın 1-dən etibarən əmanətlərin tam sığortalanması sistemi işə düşdükdən sonra əmanətçilərin mütləq əksəriyyəti mövcud əmanətlərinin şərtlərini dəyişdirərək onları tam sığortalamağa üstünlük verib (xüsusən də ötən ilin oktyabrın 1-də “Bank Standard”ın bağlanmasından sonra: orada sığortalanmayan əmanətlərin cəmi məbləği – 157 mln. manat hamıya dərs oldu!). İlk növbədə bu, xarici valyutada olan əmanətlərə aiddir: sığortalama şərti kimi maksimal faiz dərəcəsinin 3% olmasını nəzərə alaraq, əmanətçilər faiz dərəcələrinin endirilməsinə razı olublar. Yalnız Beynəlxlaq Bankda əmanətçilərin xeyli hissəsi buna getmədi, çünki orada şərtlərindən asılı olmayaraq əmanətlər üzrə tam dövlət zəmanəti var və həmin zəmanət sığortalanmadan qat-qat etibarlıdır.
"Bəs onda görəsən “Dəmirbank”ın əmanətçilərinin 1/3 hissəsi nəyə güvənərək əmanətlərini tam sığortamayıblar? Axı xeyli vaxtdır ki, “Dəmirbank”ın ətrafında mənfi söhbətlər dolaşırdı! Məndə olan və hələlik tam təsdiqlənməmiş məlumata əsasən sözügedən 1/3 hissənin, yəni 28,3 mln. manatın sahibi olan vətəndaşların əksəriyyəti əmanətinin sığortasız olduğunu heç bilmir də! Əsasən də xarici valyutada olan əmanətlərin sahibləri. Məsələ burasındadır ki, onların əmanəti üzrə faiz dərəcəsi 3% olsa da, müştəriləri şirnikləndirmək üçün bank onlara 2% də bonus ödəyirmiş. Beləliklə də faktiki olaraq faiz dərəcəsi 5% olub! Təbii, bu halda əmanət böyük ehtimalla (bunu müqavilələrin şərtləri əsasında daha dəqiq təhlil etmək lazımdır) sığortasız hesab olunmalıdır və Əmanətlərin Sığortalanması Fondu da təbii belə əmanətləri kompensasiya etməyə razılaşmayacaq. Lakin vətəndaşlar bunu bilməyib, faktiki bank onları aldadıb, Palata da buna göz yumub. Bu isə o deməkdir ki, bu yolla aldadılmış əmanətçilər onlara dəyən zərərin əvəzini bankın rəhbərliyindən və Palatadan tanış ola bilərlər" -deyə Ə.Həsənov bildirib.
DəmirBank əmanətçilərinə - EKSPERT MƏSLƏHƏTİ
09:09
28 Dek 2017