Bakı Slavyan Universitetinin (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində “Bank Respublika”nın Müştəri xidmətləri departamentinin əməkdaşları üçün “İnklüziv bankçılıq” peşəkar təlim proqramı təşkil olunub. Təlim Bank Respublika”nın rəsmi müraciətinə əsasən reallaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təlim proqramının əsas məqsədi bank mühitində inklüzivlik anlayışının mahiyyətini izah etmək, müştəri davranışlarına fərqli baxış bucağından yanaşmanı formalaşdırmaq, eləcə də xidmət proseslərinin insan hüquqlarına əsaslanan, çevik və müştəriyönümlü yanaşma əsasında qurulmasının vacibliyini ön plana çıxarmaq olub.
Proqram iki modul üzrə həyata keçirilib. Birinci modulda “İnklüziv bank: müştəri mərkəzli yanaşma”, ikinci modulda isə “Müştəri xidmətində inklüzivlik: ünsiyyət, əlçatanlıq və təhlükəsiz xidmət” mövzularında ətraflı məlumat verilib.
Təlim zamanı “çətin”, “problemli”, “susqun” və “əsəbi” kimi xarakterizə edilən müştəri davranışlarının arxasında dayanan mümkün fiziki, psixososial və koqnitiv səbəblər izah edilib, inklüziv bankçılığın mərhəmət deyil, ədalət və funksionallıq prinsiplərinə əsaslanan xidmət standartı olduğu xüsusi vurğulanıb.
İnteraktiv formatda təşkil olunan proqram çərçivəsində iştirakçılar üçün situativ tapşırıqlar təqdim edilib, real iş mühitində rast gəlinən hallara uyğun həll yolları müzakirə olunub. Təlimdə həm görünən, həm də görünməyən əlillik anlayışlarına diqqət yetirilib.
Təlimin sonda iştirakçılar arasında təlimlə bağlı məmnunluq sorğusu keçirilib.
Qeyd edək ki, təlimin yekun görüşünün fevralın 4-də Bakı Slavyan Universitetində keçirilməsi, aparılan sorğunun nəticələrinin müzakirəsi və iştirakçılara sertifikatların təqdim olunması nəzərdə tutulur.












