Cari ilin üçüncü rübü yekunlaşıb və banklar rübün yekunlarına dair hesabatlarını açıqlayır. Bu günə qədər hesabatlarını açıqlayan bankların əksəriyyətinin zərərlə işlədiyi məlum olur.
Bankların dərc etdiyi hesabatlardan da görünür ki, bankların vəziyyəti düzəlmək yerinə, getdikcə daha da pisləşir. Böhranın ən ciddi şəkildə hiss olunduğu 2016-cı ildə bankların 2017-ci ilə nisbətdə vəziyyəti daha yaxşı idi. Maraqlıdır, bankların vəziyyəti niyə getdikcə ağırlaşır?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bunun bir neçə səbəbi var. Ə.Həsənov hesab edir ki, bu məsələdə bank rəhbərlərinin özü günahkardır:
“Bankların vəziyyəti ona görə pisdir ki, ilk növbədə vətəndaşlar əmanətlərini geri çəkir, kreditlərin həcmi azalıb və faktiki olaraq bankın gəliri yoxdur. Problemli kreditlərin həcmi isə günü-gündən artır. Ona görə də banklar zərərlə fəaliyyət göstərirlər. Bunun qarşısını almaq əslində o, qədər də çətin deyil. Dəfələrlə demişəm ki, banklarda olan problemli kreditlərin böyük hissəsinin səbəbkarı məhz bank rəhbərlərinin, inzibatçılarının özləridir. İlk növbədə bu problemi həll etmək lazımdır. Ona görə də onlara nəzərət edən dövlət orqanları yoxlamalar keçirməlidir. Qanunsuz çıxarılan pulların banka geri qaytarılmasını tələb etməlidir. Pullar qaytarıldıqdan sonra həmin vəsait hesabına əhaliyə güzəştlər olunmalıdır. Yəqin ki, orada cüzi problemlər qalacaq. O, zaman dövlət də banklara kömək edə bilər. Bundan sonra vəziyyət düzələcək. Bunun üçün elə də uzun zaman lazım deyil. Uzağı 1 ilə bu prosesi yekunlaşdırmaq olar. Mənə imkan versələr, 6 aya bütün bankları yoxlayıb əslində pullar hardadı, kimin cibindədi deyərəm. Bu elə də çətin iş deyil. Sadəcə, iradə yoxdur və dövlət orqanlarında işləyənlər bunu etmək istəmirlər. Müəyyən bağlılıqlar, korrupsiya maraqları var. Hərənin öz bankı var və ona görə də heç kim bir-birinin üzərinə getmək istəmir. Buna görə də hamısı bir-birinə bağlı olduğu üçün heç bir tədbir görmürlər, görəndə də yarımçıq görürlər. Bu cür davam etsə, əlbəttə ki, vəziyyət düzəlməyəcək”.
Zərərlə işləyən bankların aqibətinə gəlincə, ekspert hesab edir ki, əslində bu gün fəaliyyət göstərən bir çox bank bağlanmalıdır. Əkrəm Həsənov bankların bağlanmamasının səbəbini isə Maliyyə Bazarlarına Nəzarət Palatasında görür:
“Bu il bankların əksəriyyəti bağlanmalıdır. Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) onları bağlamaq istəmir. Palatanın İdarə Heyətinin sədri İbrahim Alışov “pis” bankların rəhbərlərini yanına çağırır və onlara deyir ki, gedin birləşin. Guya ki, vəziyyəti yaxşı olmayan banklar birləşəndə problem həll olunacaq.Bu gün faktiki olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının səlahiyyətləri əlindən alınıb.Buna görə də faktiki Palatanın rəhbəri İbrahim Alışovdur.
O, da bank sahəsi üzrə elə də dərin adam deyil. Böyük təcrübəsi də yoxdur.CDB Bankın Müşahidə Şurasının sədri idi, o bank da bağlandı. Rüfət Aslanlı bu sahəni müəyyən qədər bilirdi.İbrahim Alışov isə faktiki olaraq bankların bağlanması haqqında qərar verməyə qorxur.Yəni, bir növ dövlət rəhbərliyini sakitləşdirirlər ki, hər şey yaxşıdır.Vəziyyətə nəzarət edirik, banklar bağlanmayacaq. Çox güman ki, Palata bu xətti tutduğu üçün bu il banklar bağlanmayacaq. Amma bu o demək deyil ki, bağlamaq lazım deyil.Azərbaycanda uzun illərdir fəaliyyət göstərən banklar var idi ki, onlar bağlanmalı idi.Bağlanmadıqları üçün bu gün bank sistemi bu günə düşüb. Ötən il 11 bank bağlandı. İndi də prosesi uzadırlar və bunun da axırı çox pis qurtaracaq”.