“Mərkəzi Bankın “üzən” məzənnə rejiminə keçməsi yalnız devalvasiya şəkilində başa düşülməməlidir”.
FED.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev bildirib.
Eləcə də bax: “Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil”
İqtisadçının sözlərinə görə, bu gün “üzən” məzənnəyə keçid Manatın bahalaşması ilə nəticələnə bilər:
“2015-2016-cı illərdə Manatın məzənnəsinin bazarın müəyyən etməsinə icazə verilməsi, yəni “üzən” məzənnəyə keçilməsi devalvasiyaya səbəb ola bilərdi, yəni Manat ucuzlaşardı. Bu gün isə Mərkəzi Bank “üzən” məzənnəyə keçərsə devalvasiya baş verməyə bilər, əksinə Manat bahalaşar. Bu gün 1,70 səviyyəsində olan Dollar/Manat məzənnəsi, mənim fikirimcə, 1,50- 1.60 səviyyələrinə qədər düşə bilər”.
Samir Əliyev əlavə edib ki, əgər bu gün Manat “üzən” məzənnə rejimində olarsa onun bahalaşması tədiyyə balansının müsbət saldoya malik olmasından qaynaqlanacaqdır. Bu müsbət saldo da neft qiymətlərinin yüksək olması ilə əlaqədardır. Əgər 2015-ci ildəki şəkildə neft qiymətlərinin düşməsi təkrarlanarsa, tədiyyə balansının saldosu mənfiyə düşər və məzənnə “üzən” rejimdə olduğundan Manat dəyər itirər.
“Bu gedişlə biz 2025-ci ildə, hətta 2030-cu ildə də tam “üzən” məzənnəyə keçə bilməyəcəyik”, - Samir Əliyev əlavə edib.
Qeyd edək ki, bu il valyuta hərraclarında təklif tələbi üstələyib (Dollar tam satılmır). Neftin qiymətinin 60-70 civarında qalması Azərbaycanın tədiyyə balansının müsbət saldoda qalmasını təmin edib. Hazırda ölkəyə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutanın həcmini üstələyir. 9 ayın nəticələrinə görə Azərbaycanın tədiyyə balansının saldosu 4 milyard dollardan yüksəkdir.
Neft qiymətləri düşən və ölkəyə valyutanın daxil olması azalan zaman “üzən” məzənnə rejimi riskli ola bilər. Belə bir ssenaridə məzənnənin kəskin yüksələ biləcəyi, biznes inamının pozulacağı, proqnozlaşdırmanın çətinləşəcəyi, inflyasiyanın yüksələcəyi hesab edilir. Tam “üzən” məzənnəyə keçid üçün Azərbaycanın ixracında qeyri-neft qaz məhsullarının payı artmalıdır.
Bir sıra iqtisadçılar valyuta ehtiyatlarını qorumaq üçün “üzən” məzənnə rejiminə keçməyi labüd hesab edirlər.
Eləcə də bax: "İndiki şərtlərlə üzən məzənnəyə keçid mümkün deyil"
Marja