Bu gün martın 19-da Azərbaycan Mərkəzi Bankı 2020-ci ildə pul siyasətinə həsr olunan ikinci iclasını keçirəcək.
Eləcə də bax: Mərkəzi Bank istifadə haqqlarını - 10 DƏFƏ AZALTDI
FED.az məlumat verir ki, iclasda ölkədəki uçot dərəcəsinə (faiz dəhlizinin parametrlərinə) yenidən baxıla bilər. Hər halda AMB yanvarın 31-də keçirilən əvvəlki iclasın sonunda elan etmişdi ki, növbəti belə iclas martın 19-u keçiriləcək və faiz dəhlizinin parametrlərinə dair qərarlar növbəti dəfə həmin gün veriləcək.
İndiyədək keçirilən iclaslarda, o cümlədən 2019-ci ilin əvvəlindən başlayaraq, AMB-nin qərarları faiz dərəcəsinin azalması istiqamətində olub. 2019-cu ilin əvvəlində uçot dərəcəsi 9,25% idi. İndiyədək Mərkəzi Bank ehtiyatla, hər dəfə 0,25% azaltmaqla indiyədək faiz dərəcəsini 7.25%-ə endirib. Sonuncu iclas yanvar ayının 31-də keçirilmişdi.
Bu qərarlarda məqsəd ölkədə olduqca gec irəliləyən iqtisadi aktivliyi canlandırmaq idi. Məsələ bundadır ki, əslində ciddi irəliləyiş gözlənilən 2019-cu ildə bu irəliləyiş baş verməmişdi.
Həmin gün keçirilən mətbuat konfransında AMB rəhbərliyi tələb olunarsa, tendensiyanın davam edəcəyini bildirmişdi.
Və bu gün martın 19-dur. Amma Mərkəzi Bankın rəhbərliyi bu günkü toplantıda tamamilə fərqli əhval-ruhiyyədədir. Yanvarın 31-dən keçən 50 gün ərzində, nəinki Azərbaycan iqtisadiyyatı, hətta bütün dünyada tamamilə fərqli situasiya idi.
Fevral ayından bəri yayılan koronavirus və onun gətirdiyi problemlər vəziyyəti kökündən dəyişib.
Əgər yanvarın 31-də hökumət neftin dünya bazarındakı az-çox normal qiymətindən istifadə edib qeyri-neft sektorunu inkişaf etdirmək istəyirdisə, hazırda dünyanın neft bazarı faktiki çökmüş vəziyyətdədir.
Neftin qiyməti dövlət büdəsində nəzərdə tutulan bütün mümkün, hətta qeyri-real səviyyələri keçərək son 17 ildə ən şağı həddə düşüb. Təkcə martın 18-də Azərbaycan nefti 16%-dən ucuzlaşaraq 24,5 dollara düşüb. Büdcə tərtib edilərkən nəzərdə tutulan 55 dollar, hətta, pessimis variant sayılan 40 dollarlıq qiymət indi əlçatmaz görünür. Bu vəziyyətin səbəbləri də fərqlidir – koronavirus təkcə neft bazarını deyil, qeyri neft sektorunu da çökdürüb.
Belə vəziyyətdə AMB hansı addımı atacaq?
Əvvəla, hamını maraqlandıran sual - devalvasiya yaxın vaxtlarda olmayacaq. Dünən, martın 18-də dünya bazarında neft növbəti kəskin enişini yaşayıb – qiymətlər 15%-ə yaxın, Azərbaycaan nefti 16% ucuzlaşaraq 24-25 dollara enib.
Prosesi izləyən AMB cəlb tərpəndi və bu dəyişikliyin manatın qiymətinə təsir etməyəcəyi mesajını vermək üçün bu gün hələ saat 10-da elan etdi ki, dolların məzənnəsi martın sonunadək 1,7 manatdan fərqənməyəcək. Necə deyərlər, ayın axırına kimi vəziyyət bəllidir. Bəs sonra?
Hər şey dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olacaq. Bir neçə gün əvvəl AMB rəhbəri Elman Rüstəmov FED.az-ın «Azərbaycan neftin 30-35 dollarlıq qiymətinə nə qədər davam gətirə bilər?» sualına «Rusiyadan da artıq müddətdə» cavabını vermişdi (Həmin vaxt Rusiya tərəfi bu qiymətlərə bir neçə il davam gətirəcəyini bildirmişdi).
Amma indi qiymətlər 30-35 dollardan da aşağı – 25-26 dollar ətrafında dəyişir. Bəzi beynəlxalq təşkilatlar koronavirusun təsirləri aradan qaldırılmasa neftin 18-20 dollarlara enəcəyini bildirirlər.
Xarici ölkələr iqtisadiyyata pul buraxmağa başlayıb
Belə vəziyyətdə dünya ölkələri iqtisadiyyatı canlandırmaq, istehlakı artırmaq üçün bazara böyük vəsaitlər buraxırlar. ABŞ bu məqsədlə 1,2 trilyon dollar, və adambaşına 1000 dollar, Britaniya 300 milyard sterlinq, şirkət başına 700 min funt, İtaliya 25 milyard avro, İspanya 200 milyard avro, Kanada 82 milyard dollar, Yaponya 193 milyard dollar, Türkiyə 100 milyard lirə (təqribən 13 milyard dollar) məbləğində təşviq paketləri tətbiq edəcək. Avropa Birliyində isə biznesə ümumilikdə 750 milyard avroluq dəstək veriləcək. Amma koronavirusun təsirləri azaldılmasa bu tədbirlər müvəqəti təsir göstərəcək.
Məsələ laboratoriyada həll olunur
Əsas çıxış yolu, virusun vaksininin tapılması, onun yayılmasının qarşısının alınması və iqtisadi canlanmanın başlanmasıdır. Məhz buna görə, bütün dünyanın diqqəti tibb laboratoriyalardadır. Hazırda bir neçə ölkədə koronavirusun vaksininin hazırlanması ilə bağlı işlər aparılır. Məsələn, ABŞ-ın Milli Allergiya və İnfeksion xəstəliklər İnstitutu, bu vaksinin insanlar üzərində sınağına başlayıb. Amma bu yoxlamalar hələ bir neçə ay davam edəcək. Başqa ölkələrdə də oxşar tədbirlər davam edir. Dünya bazarında neftin qiymətləri və neft ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadi vəziyyəti dolayısı ilə bu sınaqlardan da asılıdır. Hələliksə,
Tədiyyə balansında vəziyyət oxşardır
Nə qədər maraqlı olsa da, 2015 və 2020-ci ilin əvvəlinə Azərbaycanın tədiyyə balansının ümumi göstəriciləri demək olar eynidir. 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti 4 milyard 167 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansının profisiti 3 milyard 665 milyon dollar təşkil etmişdi. Beləliklə, illik müqayisədə tədiyyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artıb. 2015-ci il ərəfəsində – 2014-cü ilin yekun Tədiyyə balansında da 4 milyad 194 milyon dollar müsbət saldo var idi. Başqa sözlə, neftin qiymətlərinin təqribən həmin həddə olması ilə maliyyə axınları da demək olar ki, identikdir.
İndi nəzarət daha güclüdür
Amma 2015 və 2020-ci illər arasında Azərbaycanda valyuta rejimi və pul siyasəti ilə bağlı ciddi dəyişikliklər var. Ötən dövrdə hökumət nağd pul kütləsini nəzarətə götürmək üçün banklardan nağd pulun çıxarılmasına məhdudiyyət qoyub - indi banklardan nağd formada yalnız 15-30 min manat çıxarmaq mükündür. Bundan başqa, ölkədən valyutanın avans ödənişləri şəklində çıxarılmasının qarşısını almaq üçün valyuta nəzarət rejimi sərtləşdirilib. Maraqlıdır ki, cəmi bir neçə həftə əvvəl bu rejim yumşaldılmışdı. Bu addımlar ölkədən valyutanın axınının qarşısını almaqda kömək edə bilər, amma həlledici deyil.
«Pul dəyişənlər əllərində 7-10 min manat olanlardır»
Elman Rüstəmov deyib ki, 2015-ci ildə devalvasiyaya səbəb olan səbəblərdən biri də ölkədə kölgə iqtisadiyyatının həcminin yüksək olması idi: «Məhz həmin dövrdə yaradılmış ajiotaj, psixoloji təsir və kölgə iqtisadiyyatının byöüklüyü məsələlərə mənfi təsir etdi. Bu gün (yəni 2020-ci ildə) bu təzyiq bizə o vətəndaşlardan gəlir ki, (yəni o adamlar daha çox dollar alır ki) onların kiçik yığımları var – 10 min manatadək olan məbləğlərdir. Bu (yəni pullarını dollara çevirmək) onların haqlarıdır təbii ki. Amma o vaxt (2015-də devalvasiya olan vaxt) ölkədə ciddi kölgə iqtisadiyyatı və kənarda çoxlu pullar vardı».
AMB sədri bildirib ki, uölkə iqtisadiyyatı adi günlərdə də Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir: «Həmin vəziyyətlərdə (2015-də) isə oradakı pullar banklardan, maliyyə və vergi nəzarətindən kənarda olduğuna görə, o pullar ölkə üçün, iqtisadi sabitlik və təhlükəsizlik üçün ciddi təhlükələr yaradırdı və 2015-2016-cı illərdə bu amil olduqca əhəmiyyətli təsir göstərdi. Yəni həmin vaxtı obyektiv iqtisadi şok amillərindən başqa, hesab edirəm ki, o dövrdə bu amillər də çox ciddi rol oynadı».
Azərbaycanda kölgə iqtisadiyyatının həcmi indi də az deyil, amma 2015-ci illə müqayisədə «ağarmalar» da baş verib. Bu hal manata təsiri nisbətən azaldır. Amma…
Qonşu ölkələrdə də dollar 38-86% bahalaşıb
Azərbaycanda dolların məzənnəsi təkcə neftin qiymətindən asılı deyil. Ölkəmizin əsas tərəfdaş ölkələrində də dollar bu dövrdə dollar davamlı olaraq bahalaşıb.
Azərbaycanda dolların məzənnəsinin 1,7 manatda sabitləşdiyi 2017-ci ilin iyunundan indiyədək Rusiyada dollar 38% bahalaşaraq 58 rubldan 80 rubla yüksəlib. Türk lirəsi isə bu müddət ərzində dollar qarşısında 86% ucuzlaşaraq 1 ABŞ dolları üçün 3,54 lirədən 6,5 lirəyə düşüb. Qazaxıstanda doların məzənnəsi 2017-ci ilin iyunundan indiyədək 312 tengedən 482 tengeyə yüksəlib.
Bu dövrdə manatın dollar qarşısında dəyişməməsi onun adı çəkilən ölkələrin valyutası qarşısında rəqabət qabiliyyətini azaldıb. Bunu rəsmilər də etiraf edirlər. Bəzi ekspertlərin hesablamalarına görə, hazırda manatın indiki real effektiv məzənnəsi 1 dollar 2,09 manat olmalıdır. Amma məsələnin başqa tərəfi var….
Hökumət biznesə «söz verib»
Manatın məzənnəsi ilə bağlı məsələnin başqa tərəfi də var – hökumət və biznes arasında manatın məzənnəsinin bir müddət dəyişməyəcəyi ilə bağlı «centlmen razılaşması». Belə razılaşma açıq bəyan edilməsə də, hökumət nümayəndələri, o cümlədən prezident İlham Əliyev manatın məzənnəsinin sabit olduğunu və bunun ölkəyə yatırım üçün əlverişli şərait yaratdığını bəyan edib. Başqa sözlə, sabit manat ölkəyə investisiya cəlbi üçün indiyədək hökumətin irəli sürdüyü əsas «kart»lardandır. Biznes ölkəyə yatırım etmək üçün bu şəraitin uzun müddət davam etməsini istəyir. Ona görə də hökumət azı bu ilin sonunadək bu razılaşmanın qorunmasına çalışacaq.
Manatı …koronavirus xilas edə bilər
Nə qədər qəribə olsa da, koronavirus və onun yaratdığı problemlər manatın devalvasiya riskini azaldır. Məsələ bundadır ki, virusun gətirdiyi problemlər qeyri-neft ölkələrini də «vurur» və qeyd etdiyimiz kimi, həmin ölkələrdə iqtisadiyyatın dəstəklənməsi üçün böyük vəsaitlər ayrılır. Azərbaycanda bu məsələ ilə bağlı hökumət rəsmilərinin açıqlamaları bir qədər ehtiyatlıdır, hansısa məbləğin ayrılması ilə bağlı məlumat yayılmayıb, sadəcə hökumətin biznesə dəstəklə bağlı təkliflər hazırladığı bildirilir. Amma belə vəziyyətdə biznesin dəstəklənməsi üçün vergi və digər güzəştlərin verilməsi, maliyyə dəstəyinin göstərilməsi qaçılmaz olacaq. Başqa sözlə, hökumət istənilən halda valyuta ehtiyatlarından istifadə edəcək. Belə bir vəziyyətdə manatın devalvasiyası iqtisadiyyat üçün ikiqat zərbə ola bilər.
Banklar «taym-aut» götürdü
Son günlər atılan addımlar da hökumətin manatı qorumaq fikrində olduğuna işarə edir. Belə ki, bayram günlərində banklar fəaliyyətlərini dayandıracaqlar. Mərkəzi Bank bayramdan sonra ilk iş günü üçün dolların məzənnəsin elan edərək (dəyişməyib - 1,7 manat) bayram dövründə bankların işləməyəcəyin elan etdi. Belə bir vaxtda dollar almaq fiziki cəhətdən mümkün deyil. Digər tərəfdən banklarda ollar satışı limitlə aparılır, eləcə də açıq elan edilir ki, 20 min manatdan artıq mələğdə dollar alanlar barədə məlumatlar Maliyyə Monitorinq Xidmətində qeydə alınır və araşdırma üçün əsas ola bilər. Başqa sözlə, dolların satışının azaldılması üçün müxtəlif alətlər işə salınıb.
Belə bir vəziyyətdə ən yaxşı xəbər neftin bahalaşması ola bilər ki, bu da qeyd edildiyi kimi, koronavirusla bağlı vaksinin tapılmasından asılıdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, indi yaranmış vəziyyət ötən devalvasiyadan keçən 5 il ərzində qeyri-neft sektorunun hələ də lazımınca inkişaf etmədiyini və bundan sonra həmin sahədə ciddi addımların atılmasının vacibliyini göstərdi.