Azərbaycanın kommersiya banklarının filiallarına rəhbər təyinatı zamanı Mərkəzi Banka bildiriş göndərib rəy almaq tələbi ləğv edilib. Filial rəhbəri təyin olunarkən bankların Mərkəzi Bankı yazılı bildiriş ilə məlumatlandırması kifayət edəcəkdir.
Azərbaycanda “Mərkəzi Bank haqqında” qanun dəyişib - FƏRMAN
FED.az xəbər verir ki, "Banklar haqqında" qanuna dəyişiklik edilib və Azərbaycan Prezidenti tərəfindən imzalanıb.
Qanunun əvvəlki redaksiyasında göstərilirdi ki, bank və ya yerli filialı olan xarici bank, bankın və ya xarici bankın yerli filialının inzibatçısı vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində maliyyə bazarlarına nəzarət orqanına (Mərkəzi Bank) yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda nəzərdə tutulan məlumatlar və sənədlər əlavə olunur. Maliyyə bazarlarına nəzarət orqanı bildirişə dair öz münasibətini 30 təqvim günü müddətində banka və ya xarici bankın yerli filialına bildirməlidir. Bu təyinatlara maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayırlar.
Qeyd edək ki, inzibatçı dedikdə - bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, xarici bankın yerli filialının və nümayəndəliyinin rəhbəri, habelə bankın (xarici bankın yerli filialının) baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin əməkdaşları, bankın filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri nəzərdə tutulur.
Dəyişikliyə görə, bankın Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərməlidir (10.5-ci maddə). Bildirişə müvafiq olaraq Banklar haqqında Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunmalıdır. Göründüyü kimi, maddədə bildiriş göndərilməsi yalnız Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri üçün nəzərdə tutulur, filial rəhbərləri qeyd olunmur.
Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə banka və ya xarici banka sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.
Bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, inzibatçı vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində bank və ya xarici bankın yerli filialı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci maddələrində nəzərdə tutulan məlumat və sənədlər əlavə olunur. Bildirişdə həmçinin təyin olunmuş inzibatçıların bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir (10.6).
Qanunun 10.5-ci və 10.6-cı maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.
10.8-ci maddədə qeyd edilir ki, bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.
8.2.8-ci, 9.3.10-cu bəndlərdə nəzərdə tutulan sənədlər aşağıdakılardır:
8.2.8. -bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.
9.3.10.- filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.
Qanunun 10.3 – 10.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;
10.3.2. bankın İdarə Heyətinin sədri və üzvləri, habelə xarici bankın yerli filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 10 illik iş təcrübəsinin (azı 5 ili rəhbər vəzifədə olmaqla) olması;
10.3.3. yerli bankın filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
10.3.4. bankın daxili audit bölməsinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
10.3.5. bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və bankda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması (bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır);
10.3.6. bank şöbəsinin və nümayəndəliyinin, habelə xarici bankın yerli nümayəndəliyinin rəhbəri üçün - ali təhsil və bankda azı 2 illik iş təcrübəsinin olması.
10.4. Bu Qanunun 10.3.5-ci maddəsində baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər bankda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.