Bank sektorunda hazırda bir neçə bank böhran vəziyyətindədir. Bunlardan biri “Bank of Baku”dur. FED.az xəbər verir ki, yaxın günlərdə iki bank haqqında müvafiq qərarların olması gözlənilir. Dövlət qurumları hər iki bankın bank bazarından getməməsi üçün yollar axtarırlar.
"Bank of Baku"da vəziyyət
Bu bank bazarda böyük paya malikdir. Vaxtilə pərakəndə bankçılıqda lider olan Bank of Baku hazırda külli miqdarda ziyanla ölüm-qalım sualı ilə qarşılaşıb. Bankın AFB Bankla birləşməsi xəbəri bu bankın xilası kimi görünürdüsə, hazırda bu müzakirə mövzusu deyil. Səbəb kimi Gilan Holding-ə məxsus olan AFB Bankın birləşmə qərarından vaz keçdiyi söylənilir. Son məlumata görə, AFB Bank öz dayanıqlığını təmin etmək hədəfini əsas tutaraq Bank of Baku ilə birləşib əlavə problemləri çiyninə götürmək istəmir. Bankın səhmdarlarının sırasına nəzər saldıqda isə banka yiyələnmək üçüm heç birinin maddi vəziyyətini məqbul hesab etmək olmaz. Belə ki, 2017-ci ilin 3-cü rübünün nəticələrinə görə, “Bank of Baku”nun cəmi aktivləri 443 678.63 min manat, nizamnamə kapitalı – 52, 870 min manatdır. Cəmi öhdəliklər 393,170.21 min manat təşkil edib. Müştəri depoziti üzrə bankın portfeli 272, 121.49 min manat səviyyəsindədir. Artıq 2 aydır ki, bank ümumiyyətlə depozit qəbul etmir. Bankın səhmdarları aşağıdakılardır:
Hikmət İsmayılov - 31,11%, elan olunmuş məbləğ 16, 447 min manat.
Elçin İsayev – 5%, elan olunmuş məbləğ 2 milyon 643 min manat
“Azpetrol Neft Şirkəti” MMC – 28,8%, elan olunmuş məbləğ 15 274 min manat
Cəmi rezident səhmdarların payı 65 faiz təşkil edir. Qeyri-rezident səhmdar kimi yalnız NAB 35% paya malikdir. Onun elan olunmuş məbləği isə 18 milyon 504 min manatdır.
Türkiyənin NAB Holdinq şirkətinin bankdakı payına gəlincə, bu şirkətin Türkiyədəki ofislərində axtarış aparıldıqdan sonra hesablarına hökumət tərəfindən həbs qoyulub. Digər səhmdarlardan biri kimi fiziki şəxs qismində təmsil olunan şəxslərin “Gilan Holding” ilə bağlı olduğu söylənilir. Gilan Holdinq isə yuxarıda dediyimiz kimi problemli banka sərmayə yatırmaq istəmir. Lakin hazırda müvafiq hökumət qurumları ilə holdinq arasında danışıqlar davam edir. Deyilənlərə görə, bankın səhmdarlarından biri – Azpetrol şirkəti digər iki səhmdarın payını ala bilər. Yəni bu, bankın xilası üçün çıxış yollarından biridir. Hərçənd “Azpetrol”un aid olduğu Dövlət Neft Şirkətinin də maliyyə vəziyyətini əla qiymətləndirmək mümkün deyil.
Bankların müştəri portfeli
Bank of Baku bank bazarında ən iri və bazar payı yüksək olan banklardandır. Bank of Baku-nun sahibkar hesabları üzrə əməliyyatları, xüsusən də istehlak kreditləri portfeli gəlirli hesab olunur. Bu bankda əmanət qoyuluşlarının həcmi və bank köçürmələrinin payı az deyil. Ona görə də bankın birləşdirilməsi və ya satılması yolu ilə bazarda qalmasına çalışan müvafiq dövlət qurumları hesab edirlər ki, əks təqdirdə ölkədə bank sektoruna etimad tam şəkildə sarsılacaq.
Bankir olmaq istəmirəm...
Bank bazarı yerli və xarici investorlar üçün əvvəlki kimi cəlbedici deyil. Hərçənd, “Şahdəniz” qazının satışa başlaması ilə ölkəyə yenidən külli miqdarda valyuta axını daxil olacaq və ölkədə pul kütləsinin artması eyni zamanda əməliyyatların yüksəlməsinə, bank xidmətlərinə ehtiyacın atması ilə nəticələnəcək.
Hazırda isə 2015-ci ildə yaşanan bank böhranından sonra ölkədə bankların sayının sürətlə azalması tendensiyası davam edir. Ölkədə 2014-cü ildə 44 bank vardısa, indi sayı 32-ə düşüb.
İlhamə Abdullayeva
Banklardan kim qalır, kim gedir? – SON VƏZİYYƏT
10:48
9 Yan 2018