Yola saldığımız ildə manat kütləsi və əhalinin gəlirlərinin bir qədər artmasına baxmayaraq, banklarda əhalinin manatla olan müddətli əmanətləri sürətlə kiçilir. FED.az Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən xəbər verir ki, bu mənzərə bank sektorundan kənarda olan manat kütləsinin həcminin artması fonunda baş verib.
Manatın məzənnəsinin stabilləşməsi fonunda bank sistemindən kənarda, yəni əhalinin əlində olan manat pul kütləsinin həcmi getdikcə artır. 2017-ci ilin əvvəlində 5 milyard 923 milyon manatdan 11 ayın sonunda 7 milyard 149 milyon manata yüksəlib.
Hazırda əksər bankların depozit portfellərində isə hüququ şəxslərin manatla depozit payı artdığından cəmi depozit portfelinin göstəriciləri yüksəlib. Konkret manatla müddətli əmanət qoyanlar isə azalır. Məsələn, ilin əvvəlində bu kateqoriya üzrə rəqəm 2 milyard 564 milyon manat olsa da, 2017-ci ilin noyabrında 1 milyard 940 manata düşüb. Manatla olan depozitlərin tam şəkildə sığortalanması və hazırda yüksək faiz gəlirliyi təklif edildiyi halda Azərbaycan banklarına uzunmüddətli pul etibar edənlərin sıraları seyrəlir. Bəs, 624 milyon manatlıq azalmanın səbəbləri nə ola bilər?
İqtisadçı Vüqar Bayramovun versiyası daha çox bank sisteminə və manatın məzənnəsinə dair dəqiq rəsmi proqozların olmaması üzrədində dayanır. Belə ki, Mərkəzi Bank manatın məzənnəsi üçün uzunmüddətli proqnozlarını açıqlamalıdır. Bunu həm əmanət yerləşdirmək istəyənlər, həm də investorlar gözləyir. Lakin gözləntilərə baxmayaraq, Mərkəzi Bank 2018-ci ildə də hər hansı şoklar baş verməzsə, kursun sabit qalacağını gözlədiklərinə dair bəyanat səsləndirib. Beləliklə, uzunmüddətli bir tərəfə, heç orta müddətli dövr üçün belə konkret proqnozlar açıqlamır. Nəticədə potensial depozitar pulunu banklarda saxlamaqda maraqlı deyil: “Ən azı 1-2 il müddətinə proqnozlar təqdim edilməlidir. Bu iqtisadiyyatın da inkişafına müsbət təsir edəcək. Çünki sahibkar ilk növbədə qoyduğu sərmayənin risklərini düşünür”.
V.Bayramov hesab edir ki, bağlanan banklardakı əmanətlərin qaytarılması da müddətli depozitlərin səviyyəsinin düşməsinə təsir edir. Lakin 2017-ci ilin yanvarından noyabrın sonuna qədər Azərbaycanda heç bir bankın bağlanmadığını nəzərə alsaq, yerigəlmişən “Dəmirbank”ın fəaliyyəti dekabr ayında dayandırlıb, bunun səbəblərini daha çox bank sektorundakı vəziyyətlə əlaqələndirmək olar. Çünki sektorda bir neçə bankın birləşməsi və ya bağlanması ilə bağlı informasiyalar dolaşır. Ona görə də həmin dövr üçün konkret adları çəkilən bir neçə bankdan depozitlərini geri götürənlərin sayı artıb. Başqa sözlə, bir bankdan əmanətini çəkən vətəndaş sistemdəki digər banka getməyib və ya gedibsə belə bu çıxarılan məbləğin fonunda çox az olub ki, statistikada 622 milyon manatlıq geriləmə qeydə alınıb.