Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Banklarda korporativ idarəetmə Standartları”na (2023-cü il 28 avqust tarixli) dəyişiklik edib.
FED.az xəbər verir ki, bu qaydalara edilən bu dəyişiklik qərar ilk növbədə banklarda dividendin və mükafatların (bonusların) verilməsi qaydalarına təsir edir.
Qaydalara edilən dəyişikliyə əsasən, mükafatın (bonusun) ödənişi bankın kapital adekvatlığı əmsalları və likvidlik normativləri üzrə minimum tələblərin pozulması ilə nəticələnməməlidir.
İndiyədək bu tələb belə səslənirdi: «Mükafatın ödənişi bankın kapital adekvatlığı və likvidlik göstəricilərinin pisləşməsinə yol verməməlidir». Yəni indiki dəyişiklik, daha konkret tələbi nəzərdə tutur.
Bundan başqa, qaydalara edilən əlavəyə əsasən mükafata dair qərar qəbul edilən zaman xalis mənfəət Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 8-2.2-ci yarımbəndində müəyyən edilmiş hədlər nəzərə alınmaqla bölüşdürülməlidir.
Sözügedən 8-2.2-ci yarımbəndində isə bu məsələ rəqəmlərlə dəqiq hesablanıb. Ümumiyyətlə, qaydaların 8-2-ci maddəsi bankın konservasiya kapital buferini və ona aid tələbləri tənzimləyir.
Qaydaya əsasən, ölkə bankları kapitalın minimum adekvatlıq əmsalları üzrə tələbdən əlavə olaraq 2,5 faiz həddində konservasiya kapital buferi də saxlamalıdırlar. Konservasiya kapital buferinin tətbiqindən sonra kapitalın adekvatlıq əmsallarının tələb olunan həddi də dəyişir və yeni hədlər aşağıdakı kimi müəyyən edilir:
Əsas I dərəcəli kapitalın adekvatlıq əmsalı – 7 faiz;
I dərəcəli kapitalın adekvatlıq əmsalı – 8,5 faiz;
məcmu kapitalın adekvatlıq əmsalı – 10,5 faiz.
Yeni qaydaya əsasən bankın konservasiya kapital buferi burada göstərilən həddən aşağı düşdükdə mükafat və dividend ödənişi, o cümlədən aralıq dividend ödənişi aşağıdakı cədvəldə müəyyən edilmiş qaydada məhdudlaşdırılır:
|
Konservasiya kapital buferinin həddi |
Xalis mənfəətin bölüşdürülə bilən hissəsi |
|
2,5% olduqda |
Xalis mənfəətin bölüşdürülməsi üzrə məhdudiyyət tətbiq edilmir |
|
1.875%-dən artıq və 2.5%-dən az olduqda |
Xalis mənfəətin 60%-dək hissəsi bölüşdürülə bilər |
|
1.25%-dən artıq, lakin 1.875%-dən çox olmadıqda |
Xalis mənfəətin 40%-dək hissəsi bölüşdürülə bilər |
|
0.625%-dən artıq, lakin 1.25%-dən çox olmadıqda |
Xalis mənfəətin 20%-dək hissəsi bölüşdürülə bilər |
|
0.625% və ya ondan az olduqda |
Xalis mənfəətin bölüşdürülməsinə yol verilmir |
Bankın konservasiya kapital buferi burada göstərilən həddən aşağı düşdükdə bank bu barədə Mərkəzi Bankı dərhal məlumatlandırır və pozuntudan sonrakı 5 iş günü ərzində Mərkəzi Banka bu həddin bərpa olunmasına dair plan təqdim edir. Bərpa planında - bankın qiymətləndirmə nəticələri və proqnozları; konservasiya kapital buferinin artırılması üzrə bankın nəzərdə tutduğu tədbirlər; konservasiya kapital buferinə tam əməl olunması üçün tələb olunan müddət. Mərkəzi Bank bu planı 15 gün ərzində təhlil edir, müddət və tədbirlər ağlabatan olduqda planı təsdiq edir.












