Xəbər verildiyi kimi Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti «Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası»nı təsdiq edib.
FED.az xəbər verir ki, bu Qayda “Valyuta tənzimi haqqında” Qanunun 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə, habelə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunun 22.0.4-cü maddəsinə uyğun olaraq AMB isə banklar arasında xarici valyutanın alqı-satqısı əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.
Qaydaya əsasən, Mərkəzi Bankın valyuta müdaxiləsi MBVB-də hərrac vasitəsilə və hərracdankənar həyata keçirilir və bu zaman Mərkəzi Bankın kontragenti kimi yalnız banklar çıxış edir.
Sənəddə göstərilir ki, valyuta müdaxiləsi hərrac vasitəsilə və ya hərracdan kənar ola bilər.
Hərrac vasitəsilə valyuta müdaxiləsi
Hərrac vasitəsilə valyuta müdaxiləsi zamanı keçirilən hərraclarda o banklar iştirak edə bilər ki,
- «Banklar haqqında» Qanununa müvafiq olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmasın;
- Mərkəzi Bank qarşısında vaxtı keçmiş öhdəliyi olmasın;
- son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozmasın.
Qaydaya görə, məcburi ehtiyatlar üzrə tələbi pozmuş banklar növbəti saxlama dövrü ərzində valyuta hərraclarına buraxılmır.
Hərracın keçirilməsi prosesi
Qaydalara əsasən, hərraclarda iştirak hüququna malik olan bütün banklara hərracdan ən azı 30 dəqiqə əvvəl hərracın keçirilməsi ilə bağlı MBVB-də məlumat göndərilir. Məlumatda hərracın keçirilmə tarixi və vaxtı; valyutası və Mərkəzi Bankın əməliyyat istiqaməti – valyutanı alıb və ya satacağı, bir bank tərəfindən verilə bilən sifarişlərin sayına və həcminə limit; hərrac məzənnəsi (müəyyən olunduqda); hərraca çıxarılacaq məbləğ (müəyyən olunduqda), eləcə də sifarişlər üzrə məzənnənin əməliyyat gününün rəsmi məzənnəsindən kənarlaşma diapozonu (müəyyən olunduqda) göstərilir.
Yeni qaydaya görə, Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı prosesində hərrac - birbaşa hərrac və ya rəqabətli hərrac formasında keçirilə bilər.
Birbaşa hərracda sifarişlər yalnız xarici valyutanın manata qarşı əvvəlcədən elan olunmuş hərrac məzənnəsi ilə təqdim edilir. Sifarişlərin həcmi tam təmin oluna bilmədikdə sifarişlər mütənasib qaydada təmin edilir.
Rəqabətli hərracda isə sifarişlər diapozonu tətbiq edildikdə həmin diapozon daxilində, kənarlaşma diapozonu tətbiq edilmədikdə məhdudiyyət olmadan təqdim edilir.
Rəqabətli hərrac necə keçirilir?
Rəqabətli hərrac zamanı toplanmış sifarişlər ən yuxarı məzənnə ilə verilmiş sifarişdən hərracda təmin olunacaq məbləğin icra olunmasına imkan verən ən aşağı məzənnə ilə verilmiş sifarişədək təmin edilir. Bərabər qiymət şərtləri ilə verilmiş sifarişlərin həcmi tam təmin oluna bilmədikdə bu sifarişlər mütənasib qaydada təmin edilir.
Hərracda sifariş qəbulu üçün elan olunmuş müddət ərzində banklar tərəfindən verilmiş sifariş dəyişdirilə və ya geri götürülə bilər. Sifarişdə göstərilən şərtlər valyuta əməliyyatının aparılması üçün bankın təklifi hesab olunur.
Hərracın sonunda bankın manat müxbir hesabında verilmiş sifarişin tam məbləğində manat ekvivalenti olmadıqda sifariş təmin edilmir.
Hərracın nəticəsi
Hərracda sifariş qəbulu üçün elan olunmuş müddət başa çatdıqdan sonra banklara ən geci 30 (otuz) dəqiqə ərzində hərracın nəticəsi ilə bağlı MBVB-də bildiriş göndərilir. Bildiriş hərracda iştirak edən bank ilə Mərkəzi Bank arasında valyuta əqdinin bağlandığını və tərəflər arasında qarşılıqlı hesablaşmanın aparılması öhdəliyini təsdiq edir.
Hərracdankənar valyuta müdaxiləsi zamanı isə xarici valyutanın alqı-satqısı əməliyyatları Mərkəzi Bankın İdarə Heyəti və ya onun həvalə etdiyi daxili komitənin qərarı ilə rəsmi məzənnə ilə, sifarişlər kitabında əks olunan sifarişlərin məzənnəsi ilə, eləcə də müəyyən olunmuş məzənnədən kənarlaşma həddi tətbiq olunmaqla hesablanmış məzənnə ilə aparıla bilər.
Valyuta müdaxiləsi zamanı istifadə olunan maliyyə alətləri
Qaydalara əsasən, valyuta müdaxiləsi bir qayda olaraq spot vasitəsilə həyata keçirilir. Pul və məzənnə siyasətinin məqsədlərindən asılı olaraq spot ilə yanaşı svop, forvard, valyuta mübadiləsi aparılmayan forvard, opsion və digər maliyyə alətlərindən istifadə edilə bilər.
Qaydada istifadə olunan əsas anlayışlar
mütəşəkkil banklararası valyuta bazarı (MBVB) - Mərkəzi Bank ilə banklar arasında, həmçinin bankların öz aralarında valyuta alqı-satqısı əməliyyatlarının aparıldığı ticarət platforması;
valyuta müdaxiləsi - manatın sabitliyini təmin etmək məqsədilə Mərkəzi Bank ilə banklar arasında aparılan xarici valyutaların manata qarşı alqı-satqısı əməliyyatları;
birbaşa hərrac - Mərkəzi Bank tərəfindən elan olunmuş məzənnə ilə keçirilən hərrac;
rəqabətli hərrac - banklar tərəfindən müəyyən edilmiş məzənnə ilə sifarişlərin təqdim ediliyi hərrac;
sifarişlər kitabı - MBVB-də xarici valyutanın alqı və ya satqısı üzrə daxil edilmiş sifarişlərin məzənnələri əsasında ən yaxşı məzənnədən ən pis məzənnəyə (xarici valyutanın alışı üzrə ən yüksək məzənnədən ən aşağı məzənnəyə, xarici valyutanın satışı üzrə ən aşağı məzənnədən ən yüksək məzənnəyə) doğru sıralandığı pəncərə;
valyutalaşma tarixi - valyuta əqdinin şərtlərinə uyğun olaraq tələb və öhdəliklərin icra olunması üçün tərəflər arasında müəyyən edilmiş gün;
valyuta spotu - bir tərəfin alıcı, digər tərəfin satıcı qismində çıxış etdiyi və tərəflər arasında razılaşdırılmış məzənnə ilə xarici valyutanın manata qarşı alqı-satqısını nəzərdə tutan, valyutalaşma tarixi əqdin bağlanıldığı tarixdən 2 (iki) iş günündən gec olmayan maliyyə aləti;
valyuta forvardı - bir tərəfin alıcı, digər tərəfin satıcı qismində çıxış etdiyi və tərəflər arasında razılaşdırılmış məzənnə ilə xarici valyutanın manata qarşı alqı-satqısını nəzərdə tutan, valyutalaşma tarixinin əqdin bağlanıldığı tarixdən 2 (iki) iş günündən çox olduğu maliyyə aləti;
valyuta mübadiləsi aparılmayan forvard - bir tərəfin alıcı, digər tərəfin satıcı qismində çıxış etdiyi və valyutalaşma tarixində faktiki olaraq valyuta mübadiləsini nəzərdə tutmayan, yalnız forvard məzənnə ilə forvard tarixinə olan rəsmi məzənnə arasındakı fərqdən yaranan məbləğin manatla ödənişini nəzərdə tutan maliyyə aləti;
valyuta opsionu - sahibinə əvvəlcədən müəyyən edilmiş tarixdə və qiymətə xarici valyutanı almaq (kol opsionu) və ya satmaq (put opsionu) hüququnu verən, opsion yazana isə razılaşdırılmış şərtlərlə valyuta əqdini icra etmək öhdəliyi yaradan maliyyə aləti və sair.