Azərbaycanın məhkəmə-hüquq sistemində banklar üçün xoşagəlməz qərar qəbul edilib.
FED.az xəbər verir ki, yeniliyə əsasən banklar kredit borcuna görə, cavabdeh tərəfin əmək haqqından artıq vəsait tuta bilməyəcəklər. Bununla bağlı Konstitusiya Məhkəməsi qərar çıxarıb.
Belə ki, iyulun 28-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin bu iclası “Kapital Bank” ASC-nin şikayəti ilə əlaqədar keçirilib.
Sözügedən bank Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının tətbiqi ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının bu il yanvarın 17-də qəbul etdiyi qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını istəyib.
Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 176-cı maddəsi əmək haqqından (yəni maaşdan) tutulan məbləğlərin miqdarının məhdudlaşdırılmasına aiddir. Yəni əmək haqqından nə qədər pul tutula biləcəyini bu maddə tənzimləyir. Bu maddədə deyilir ki, əmək haqqından tutulan bütün məbləğlərin ümumi miqdarı əmək haqqının 20%-dən, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz. «Müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallar» dedikdə həm də bank qarşısında öhdəlik, yəni kredit götürmək və zaminlik də nəzərdə tutulur.
Ali Məhkəmənin Mülki Kollegiyasının bu ilin yanvar ayında elə bu işlə bağlı qəbul etdiyi qərara əsasən banka kredit borcu olan və ya zaminlik müqaviləsi olan şəxsin əmək haqqından kreditə görə 50%-dən artıq vəsait tutula bilməz. «Kapitalbank» ASC də Konstitusiya Məhkəməsinə bu qərarla bağlı müraciət edib.
Konstitusiya Məhkəməsi bu məsələni mühakirə edərək Ali Məhkəmənin qərarının doğruluğunu təsdiqləyib.
KM-in qərarında deyilir ki, Ali Məhkəmənin sözügedən qərarında qanunvericilik normalarının düzgün tətbiq edilməməsi halı aşkar edilməyib. Ona görə də həmin qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı və 418-ci maddələrinə uyğun hesab edilməlidir.
Qərarda deyilir ki, Konstitusiyanın 12-ci, 16-cı və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əməkhaqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından akseptsiz qaydada maksimum 50% tutula bilər. Akseptsiz qayda – o deməkdir ki, bunun üçün müştərinin ayrıca icazəsi və ya razılığı tələb olunmur. Yəni daha sadə desək, Konstitusiya Məhkəməsinin bu qərarından sonra banklar kreit borcuna görə, müştərilərin əmək haqqının 50%-dən artığını tuta bilməyəcəklər.
«Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz»-deyə KM-in ənənəvi qərar sonluğunda bildirilir.
Amma qərarın özün bank sistemi üçün ənənəvi deyil. Əvvəla bu qərarın gətirdiyi yeni hüquqi vəziyyət bankların müştərilərlə münasibətlərinə yenidən baxmasına və kreit müraciətlərini cavablandırarkən daha sərt tələblər qoymasına səbəb olacaq.
«50%-lik limit norması» bankların istehla kreditləri üzrə nəinki bundan sonra ayıracaqları kreditlərə ehtiyatla yanaşmasına səbəb olacaq, həm də indiyədək verilən kreditlər üzrə potensial risk yaradacaq. Məsələ bundadır ki, müştəri tərəfindən təmin olunan və KM-də də son OK verilən iddia ölkənin bütün məhkəmələri üçün presedent kimi qəbul oluna bilər.
Əlavə olaraq qeyd edək ki, bu məhkəmə prosesi bank-müştəri münasibətlərində olduqca mühüm məsələlərdən birini dəqiqləşdirməklə yanaşı, həm də bəzi dövlət qurumlarının öz ictimai öhdəliklərini necə məsuliyyətsizcəsinə yerinə yetirmədiyini də göstərdi.
MƏLUMAT YENİLƏNƏCƏK...