Əhali üçün sərbəst vəsaitlərin ən təhlükəsiz və effektiv saxlanılması yeri, sözsüz ki, banklardır. Lakin ayrı-ayrı vaxtlarda banklarla bağlı baş verən bəzi proseslər buna mütləq həqiqət kimi yanaşmağın düzgün olmadığını göstərib. Bununla belə, istənilən bank həmişə özünə inamı qoruyub saxlamağa çalışır və fəailiyyətinin əsas istiqamətlərindən birini məhz bu amil təşkil edir. Çünki bank pul müəssisəsidir, sərbəst vəsaitləri cəlb edərək, dövriyyəyə buraxmaq üçündür.
Bizdə kommersiya banklarının verdikləri kreditlər əsasən, 3 mənbə hesabına formalaşır: Mərkəzi Bankın (AMB) vəsaiti, xarici maliyyə qurumlarından aldıqları maliyyə vəsaitləri ilə əhalidən cəlb etdikləri vəsaitlər, yəni depozitlər. Bunların sırasında ən çox paya malik olan sonuncudur – yəni, əhalidən cəlb edilən əmanətlər.
Məsələ bundadır ki, ilin əvvəlindən bəri kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək, yəni 725 milyon manat azalıb. Bu isə heç də yaxşı tendensiya deyil. Belə ki, kommersiya banklarında depozitlərin həcmi azalırsa, deməli, ya əhali əmanətlərini geri çəkir, ya da cəlbedicilik olmadığından, əmanət yerləşdirilməsi dayanıb. Hansı səbəbdən baş verdiyindən asılı olmayaraq, depozit həcminin azalması banklar üçün likvidlik probleminin əsasını qoyur.
Yeri gəlmişkən, məlumdur ki, ölkədə kreditləşdirmə neçə müddətdir pis vəziyyətdədir. Ümumiyyətlə, bank sektorunun normal fəaliyyəti, başqa sözlə desəm, gəlirliyi mövcud sərbəst vəsaitləri nə dərəcədə cəlb edərək, dövriyyəyə buraxa bildiyi ilə ölçüldüyündən, problemin kökü məhz buradan qaynaqlanır. Çünki hər bir bankın gəlirini bütün mənbələr üzrə qəbul etdiyi əmanətlər və digər növ vəsaitlər üzrə dövriyyəyə buraxdığı kreditlərə əsasən əldə etdiyi faiz məbləğləri təşkil edir. Bank əgər, kredit verə bilmirsə deməli, vəsaiti yoxdur, yəni onu cəlb edə bilmir; yox, əgər krediti verib, onu geri qaytara bilmirsə, deməli, gəliri yoxdur, ona görə də fəaliyyəti iflic vəziyyətə düşür. Bəs, əmanətlərin həcminin azalmasının əsl səbəbi nədir?!
Əslində bu tendensiya 2015-ci ilin dekabr ayından müşahidə edilir. Belə ki, ev təsərrüfatları üzrə ölkəməzin kommersiya banklarında məcmu depozitlərin həcmi maksimal səviyyədə sonuncu dəfə 2015-ci ilin dekabrında qeydə alınmışdı. Həmin aydan sonra hər ay azalma dinamikası müşahidə olunub. Sual olunur ki, niyə?!
Əvvəla, 2015-ci ildəki 2 devalvasiya əhalinin banklara olan inamını sarsıtdı. İkincisi, ölkə vətəndaşlarının real gəlirləri azaldı. Üçüncüsü, neftin dünya bazar qiymətlərinin enməsi ilk növbədə bank sektorunu vurdu, nəticədə, əmanət cəlbi məhdudlaşdı. Stimullaşdırıcı tədbirlər arxa plana keçdi. Dördüncüsü isə, problemli kreditlər və ümumən, gəlirliliyin azalması ucbatından yerləşdirilmiş əmanətlər üzrə adi faiz dərəcələrinin ödənilməsi işi də çətinləşdi.
Banklarda depozitlərin həcminin azalmasına paralel olaraq, əmanətlər üzrə faiz dərəcələri də enib. Hətta kreditlər üzrə faiz dərəcələri artmalı olsa da, bu sahədə də cüzi eniş qeydə alınıb. Halbuki, depozitər üzrə məbləğ azalırsa, kredit faizləri yüksəlməlidir. Çünki yuxarıda da qeyd etdik ki, bizdə kommersiya banklarının verdikləri kreditlər əsasən, 3 mənbə hesabına formalaşır ki, bunların sırasında ən çox pay təşkil edəni əhalidən cəlb edilən əmanətlərdir.
Yəni, demək istədiyim odur ki, banklarda əhalinin əmanətlərinin azalması bank sektorunda yaranmış ümumi vəziyyətin mühüm bir tərkib hissəsidir, Buna ayrı konteksdə baxmaq olmaz. Yeri gəlmişkən, ötən yazıda da xatırlatmışdım ki, 2015-ci ilin 21 fevral və dekabr devalvasiyalarından sonra 13 bank bağlanıb – 11-nin lisenziyası geri alınıb, 2-si isə birləşib. Real olaraq, mövcud banklardan 20-dən çoxunun vəziyyəti isə heç də yaxşı deyil. Hər halda, 14-ü zərərlə işləyir.
Əlbəttə ki, banklar əhalinin iqtisadi mənafeyinin qorunması haqda qabaqcadan düşünməli idilər. Ancaq bu haqda danışmaq artıq gecdir. İndi bank sistemində bəzi göstəricilər ümid yaradır. Növbəti ildə vəziyyətin daha da yaxşı olacağı haqda proqnozlar verilir, məsələn, problemli kreditlərin azalmağa doğru gedəcəyi, likvidliyin artacağı, kapitallaşma səviyyəsinin yüksələciyi deyilir.
Eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidliyin verilməsi alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində də tədbirlər görülməyə başlanacağı bəyan edilir.
Ümumiyyətlə, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımların davam etdiriləcəyi qeyd olunur.
Çox yaxşı… Lakin bütün bunların effektiv nəticəsi özünü ilk növbədə, məhz əhalinin banklara inamının necə və nə dərəcədə bərpa olunacağı tendensiyasında göstəcək. Buna çox qısa zaman kəsiyində nail olunmalıdır. Çünki əmanətlərin azalması prosesi iqtisadiyyat üçün çox təhlükəlidir.
İnsider©
Banklar üçün təhlükəli vəziyyət: Əmanətlər niyə azalır?
10:43
18 Dek 2017