Azərbaycan bankları kredit şərtlərini çox sərtləşdiriblər – başadüşüləndir. Son 2 ildə bankların problemli kreditlər üzündən hansı çətinliklərlə üzləşdiyi məlumdur: əhalinin, ictimaiyyətin qınağı bir tərəfdən, maliyyə-bank sektorunu idarə edən qurumların təzyiqləri digər tərəfdən. Üstəlik, bankların qaytarılmayan kreditlərə görə üzləşdikləri maddi zərər...
Məsələnin bir başqa tərəfi də var ki, bankların kredit verəcəyi çevrə də həddindən çox məhdudlaşıb. Dayanıqlı və böyük özəl şirkətlər istisna olmaqla, banklar yenidən xırda və orta özəl şirkətlərdə çalışan şəxslərə kredit ayırmırlar. Yenə başadüşüləndir - iki illik təcrübə göstərdi ki, böhranlarda ilk zərbə məhz belə şirkətlər və onların işçilərinə dəyir. Amma Azərbaycanda dayanıqlı və iri özəl şirkətlərin sayı isə çox azdır. Bu halda bütün bankların diqqəti yönəlir dövlət təşkilatları, dövlətə məxsus şirkətlərin işçi heyətinə. Məsələn, bu gün SOCAR-ın hansı işçisindən soruşsaq, görəcəyik ki, azı 4-5 bankdan kredit təkliflərini əks etdirən mesajlar alıb. Müəllimlərə, həkimlərə, polislərə, digər büdcəçilərə xüsusi kampaniyalar barədə məlumatlar da gündəmdən düşmür.
Lakin bu cür təkliflərlə banka gedən çoxsaylı dost-tanış əliboş qayıdır – banklar həmin şəxslərdən bütün digər banklara olan borclarını bağlamalarını, hətta kredit kartlarını belə ləğv etdirmələrini istəyirlər. Üstəlik, kiməsə kredit almaq üçün zamin durmusansa, ala biləcəyin məbləğ ikiqat azalır. Maraqlıdır ki, bütün banklar bunların Mərkəzi Bankın tətbiq etdiyi vahid sistemin tələbləri olduğunu bildirirlər. Bu şərtlərə cavab verəcək müştəri tapmaq isə getdikcə daha da çətinləşir.
Banklardan kredit almaq yalnız fərdi şəxslər üçün deyil, sahibkarlar üçün də dəfələrlə çətinləşib. Bir müddət əvvəl söhbət etdiyimiz iri sahibkarlardan biri hətta onlar üçün də banklardan kredit almağın müşkül olduğunu etiraf etmişdi. İri sahibkarın bunu deməsi orta və xırda sahibkarların kredit almaqda hansı çətinliklə üzləşə biləcəyini açıq göstərir.
Aydın məsələdir ki, bu durum bankları və digər kredit təşkilatlarını da razı salmır. Bir müddət əvvəl bank olmayan kredit təşkilatlarının verdiyi məlumatdan aydın oldu ki, müştərilərinin sayında 3 dəfədən çox azalma var. Banklar da 6 milyard manatdan çox likvid vəsaitlərinin olduğunu bəyan etdilər. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamasına görə isə banklarda hətta izafi likvid vəsaitlər toplanıb.
Məlumdur ki, kredit vermək üçün bazanın - müştərinin çox az olduğu bir şəraitdə belə sərt şərtlər çərçivəsində banklar əllərindəki vəsaitdən səmərəli istifadə edə bilməyəcəklər. Köhnədən verilən kreditlərin çoxunun müddəti bu il və gələn il üçün bitir. Bu şəraitdə kredit verib, gəlir əldə edə bilməyən bank sektorunda müşahidə olunmağa başlayan cüzi inkişaf meyllərinin də dayanması təhlükəsi yaranır.
Təsadüfi deyil ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev ölkədə yeni “mülayim-yumşaq” pul kredit siyasətinə keçilməsinin zəruriliyini bəyan edib. Təcrübəli bankir olan Z.Nuriyevin fikrincə, “mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə əlaqədar olaraq “monetar və nəzarət orqanları məhdudlaşdırıcı siyasətdən stimullaşdırıcı pul-kredit siyasətinə keçməli, inflyasiyanın hədəflənməsi ilə yanaşı UDM artımına, uzunmüddətli kreditlərin aşağı faizli olmasına və manatın volatilliyinin aşağı salınmasına hədəflənməlidirlər. İnflyasiyanın artmasından ehtiyatlanmadan iqtisadiyyatın aşağı monetarizasiya şəraitindən, yavaş-yavaş pul təklifini artırmaqla geniş bazaya keçmək lazımdır. Yeni pullar isə tam həcmdə, məqsədli şəkildə, geri qaytarılan kreditlər formasında real sektora investisiyaların stimullaşdırılmasına yönəldilməlidir”.
Z.Nuriyevlə təxminən eyni zamanda Milli Məclisdə çıxışında E.Rüstəmov isə gələn il də ölkədə sərt pul-kredit siyasətinin davam etdiriləcəyini açıqlayıb. Görünən budur ki, hökumət ən azı gələn il inflyasiyanı sürətləndirə biləcək addımlardan çəkinməkdə israrlıdır. Lakin böhrandan böyük zərər görmüş bank sektorunun daha bir ili bu şərtlərə davam gətirib-gətirməyəcəyi də ciddi sual altındadır.