Ekspert: Cinayət məsuliyyətinin aradan qaldırılması, hüquqi mübarizənin dayandırılması anlamına gəlməməlidir.
Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı hüquq üzrə fəlsəfə doktoru, ekspert Səbuhi Əliyev, Ata Bankın İdarə heyətinin sədrinin müavini öz münasibətini açıqlayıb.
Onun sözlərinə görə, daim dəyişən, inkişaf edən, yeni münasibətləri formalaşdıran, lakin bu inkişafı ilə paralel hüquqazidd əməllərin yarandığı cəmiyyətdə, münasibətlərin tənzimlənməsi, bu sahədə ümumi vəziyyətin təhlil olunması və lazımi iqtisadi-hüquqi tədbirlərin görülməsi olduqca vacibdir.
Bildiyimiz kimi, Cinayət Məcəlləsinə, cəza sisteminin və ayrı-ayrı cinayət tərkiblərinin yaranmasının yenidən formalaşdırılmasını özündə ehtiva edən xeyli sayda dəyişikliklərin edilməsi təklif olunmuşdur və hazırda Qanunverici orqan olan Milli Məclis bu təklifləri müzakirə edir. Qeyd olunan təkliflərin qəbul ediləcəyi təqdirdə Cinayət Məcəlləsinə kompleks dəyişikliklər edilmiş olacaqdır ki, bu dəyişikliklər içərisində yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əsas cəza növü kimi yenidən müəyyən ediləcəkdir. Bundan əlavə, iqtisadi sahədə olan bəzi cinayətlər üzrə (məsələn, oğurluq, dələduzluq, soyğunculuq, quldurluq və s.) yeni ağırlaşdırıcı hal kimi əməlin “xüsusilə külli miqdarda ziyan vurmaqla” törədilməsi ayrıca cinayət tərkibi olaraq müəyyən ediləcəkdir.
Eyni zamanda bu dəyişikliklərlə, ümumiyyətlə əməlin cinayət olmasını şərtləndirən maddi ziyanın vurulması həddində də dəyişikliklər nəzərdə tutulur. Məsələn, mövcud qanunvericiliyə görə, ağırlaşdırıcı hal olmadan, sadə tərkibdə oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə əməlləri üzrə cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təklif olunan dəyişikliyə görə isə, eyni əməllər üzrə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranacaqdır.
Məlumdur ki, bu dəyişikliklərin edilməsi ilə bağlı hüquqşünas alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülür. Məsələn, hörmətli professor İlham Rəhimov, cinayətkarlara münasibətin hazırki durumda liberallaşdırılmasının tez olduğunu bildirmişdir. Həqiqətən də, dəyişikliklərin əsas hissəsini təşkil edən iqtisadi sahədə cinayətlərin dinamikasında artmanın olmasını nəzərə alsaq, belə əməllərlə cinayət hüquqi deyil, inzibati və digər qaydada mübarizənin aparılmasının effektiv olacağına tam əmin ola bilmirik.
Ümumi mənzərə bundan ibarətdir ki, bu dəyişikliklərlə cinayət-hüquq siyasətində humanist addımların atılması nəzərdə tutulmuşdur. Məqsəd iqtisadi sahədə törədilən bəzi əməllərə görə cinayətlərin dekriminallaşdırılması, məsuliyyət müəyyən edilmiş tərkiblər üzrə isə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunmasını ən son vasitə kimi müəyyən edilməsidir.
Bilirsiniz ki, cənab Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10.02.2017-ci il tarixli Sərəncamında da xüsusilə iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məhkumetmənin artmasını və bu sahədə dekriminallaşdırmanın aparılmasının labüd olduğu, ümumilikdə cəza siyasətində humanistləşdirmə islahatının aparılması istiqamətində tədbirlər görülməsinin vacibliyi vurğulanmışdır.
Ekspert hesab edir ki, bu sahədə humanist addımların atılması özlüyündə hüquq-mühafizə orqanlarının üzərinə əlavə məsuliyyət müəyyənləşdirməlidir. Belə ki, bu orqanlar tərəfindən qanunvericiliklə dekriminallaşdırılan əməllər yenidən təhlil olunmalı, onlarla mübarizənin yeni və effektiv metodları müəyyən edilməlidir. Belə əməllərə görə bəzi hallarda cinayət məsuliyyətinin aradan qaldırılması, onlarla mübarizənin dayandırılması anlamına gəlməməlidir. Çünki, bir daha qeyd edirəm ki, xüsusilə iqtisadi sahədə törədilən cinayətlərin dinamikasında artım müşahidə edilir və iqtisadi proseslər dərinləşdikcə bu sahədə yeni metodlarla cinayətlərin törədilməsinə rast gəlinir.