İki il bundan əvvəl fəaliyyətini dayandırmış «Bank Standard»ın əmanətçiləri hələ də bu banka yerləşdiyi pullarını geri qaytarmaq üçün mübarizə aparırlar. FED.az xəbər verir ki, bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu müxtəlif səbəblər gətirərək bəzi əmanətlərin qaytarılmasından imtina edir.
Amma bir neçə gün əvvəl belə müştərilərdən biri banka yatırdığı əmanəti bütünlüklə geri ala bilib. Bu barədə FED.az-a hüquqşünas İlkin İbrahimov bildirib.
Qeyd edək ki, adətən sığorta mübahisələrinin həlli üzrə ixtisaslaşan hüqüqşünas bank mübahisələrinin həlli ilə də məşğul olur. Onun sözlərinə görə, «Bank Standard»ın müştərisi bankın bağlanmasından düz bir il əvvəl buraya 14 min dollar və 4 min dolar olmaqla ümumilikdə 18 min dollar əmanət yerləşdirib.
Eləcə də bax: 20%-dən aşağı faizlə nağd pul krediti verən banklar – SİYAHI
Müqavilə şərtlərinə görə, müştərilən əmanət illik 3% olmaqla qəbul edilib. Başqa sözlə, əmanətin şərtləri Əmanətlərin Sığortalanması Fondunun tələblərinə cavab verirmiş. «Amma həmin vaxt bankda əmanət kampaniyası keçirilirmiş və kampaniyaya görə, müqavilədən asılı olmayaraq banka əmanət yerləşdirən şəxslər 1%-lik bonus alırmışlar. Amma müqavilədə əmanətin illik 3%-lə qəbul edildiyi əksini tapıb. Başqa sözlə, əmanət sığortalanan əmanətlər sırasında olub».
Bank bağlandıqdan sonra onun hüquqi varisi və ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məsələni araşdırarkən müştəriyə 1%-lik bonus verildiyi aşkar edilib. ƏSF bu səbəbi əsas gətirərək əmanətə görə kompensasiya verməkdən imtina edib.
Belə vəziyyətdə müştəri hüquqşünas İlkin İbrahimova müraciət edib, və bu müraciət əsasında sənədlər hazırlanaraq məhkəmə iddiası qaldırılıb.
Birinci instansiya məhkəməsində Nəsimi rayon məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Fondun imtina üçün gətirdiyi dəlillər əsasız sayılıb və məhkəmə vətəndaşın xeyrinə qərar çıxarıb.
Qarşı tərəf - Əmanətlərin Sığortalanması Fondu bu qərardan narazı qalaraq 1 saylı Bakı Apellyasiya məhkəməsinə müraciət edib.
Bu işə hazırlıq davam etdiyi vaxt Konstitusiya Məhkəməsi də əmanətlər və onlara hesablanan faizlərlə bağlı qərarını açıqlayıb. Həmin qərarda da bildirilirdi ki, əmanətlərə görə, müştərilərə limitdən artıq ödənilən bonuslar əlavə faiz sayılmır. Həmin qərar da «Bank Standard»da əmanəti olan müştərinin xeyrinə idi. Belə vəziyyətdə Fond müqavimət göstərməyi mənasız sayaraq müştərini danışıqlara və sonra məlum olduğu kimi, barışığa dəvət edib.
Qarşılıqlı razılaşmaya görə, müştəriyə «Bank Standard»a yerəşdirdiyi 18 min dollar əmanət qaytarılıb.
Əmanətin faizləri isə ödənilməyib. Başqa sözlə, müştəri bir ilə hesablanmış 540 dollarlıq faiz gəlirlərini almayıb, üstəlik əvvəl ödənilən 1%-lik bonus - 180 dollar da bu məbləğdən çıxılıb.
Hüquqşünas bankın bu razılaşmaya getməsini iki səbəblə izah edib. «Əvvəla, Konstitusiya Məhkəməsinin qərarı da göstərdi ki, artıq bu məsələdə hüquq kimin tərəfindədir. Yəni fond üçün bui şin məhkəmə perspektivi yoxdur». İkinci və daha vacib səbəb isə odur ki, məhkəmədə əmanətçinin xeyrinə verilən qərar başqa əmanətçiləri lə presedent yaradar və məhkəməyə həvəsləndirə bilərdi: «Eyni vəziyyətdə olan başqa əmanətçilər də biləcəkdilər ki, belə vəziyyətdə məhkəmə kimin xeyrinə qərar çıxarır və onlar kütləvi şəkildə məhkəmələrə üz tutacaqdılar».
Yeri gəlmişkən, İ.İbrahimov bildirir ki, bankda əmanəti olan və müxtəlif səbəblərdən onu geri almaqda çətinlik çəkən müştərilər də ona müraciət edə bilərlər: «Biz artıq bu sahədə əmanətçilərə xidmətlərimizi təklif edirik».