Azərbaycanda fəaliyyət göstərən bankların sayının azalması iqtisadi durumun daha da gərginləşməsinə səbəb olur. Ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının “Dəmir Bank”ın lisenziyasını ləğv etməsi bir çox biznes sahiblərinin işinə ciddi əngəl yaradıb. Bütün sahibkarları qeyri-nağd ödənişlərə məcbur edən Palata son qərarı ilə onların hesablarını da bağlayıb.
Hələ bank bağlanmazdan bir qədər əvvəl də artıq iş adamları öz hesablarından ödəniş etməyə çətinlik çəkirdilər. Bankın bağlanması ilə vəziyyət daha da ağırlaşdı. Heç kim həmin hesabları istifadə edə bilmir. Bu isə biznes sahələrinin işinə və ümumilikdə iqtisadiyyata zərbədir.
Son bağlanan “Dəmir Bank”da olan depozitlərin məbləği 117 milyon manat təşkil edir. Bunun 8,7 milyon manatı məhz hüquqi şəxslərin depozit hesablarındakı vəsaitlərdir.
Mərkəzi Bankın statistikasına əsasən, 2017-ci il il noyabrın 1-dək banklarda olan depozitlərin ümumi həcmi 19 696.7 milyon manat olub. Bu məbləğin 7 280.1 milyon manatını fiziki şəxslərin əmanətləri təşkil edib. Qalan 12 416,6 milyon manatı məhz hüquqi şəxslərin depozitləridir.
Bu onu göstərir ki, banklar bağlandıqda və ya fəaliyyətində çətinlik yarandıqda bundan ən çox real sektor zərər görür. Çünki banklara etibar edilən əmanətlər əksər hallarda sığortalanır və bank müflis olduqda və ya lisenziyası ləğv edildikdə Əmanətlərin Sığortalanması Fondu onların vəsaitlərini geri qaytarır. Lakin sahibkarlara məxsus depozit hesablarındakı vəsaitlərin taleyi hələ də məlum deyil.
İndiyədək bağlanan banklarda, xüsusilə sistem bankı sayılan “Bank Standart”da kiçik sahibkarlarla yanaşı ölkənin tanınmış şirkətlərinin vəsaitləri qalıb. Lakin hələ də onlar öz pullarını geri ala bilməyiblər.
İqtisadçı ekspert Samir Əliyevin fikrincə, bu kimi hallar hüquqi şəxslərin, xüsusilə sahibkarların banklara inamını daha da aşağı salır. Xüsusilə, iş adamlarından nağdsız hesablaşmaların tələb olunduğu bir vaxtda bankların bağlanması real sektora ciddi zərbə vurur.
“Hüququ şəxslərin əmanətlərinin, depozitlərinin qorunması qanunla tənzimlənməlidir. Bu məsələ hələ devalvasiyadan öncə də qaldırılmışdı. Bir neçə ildir ki, aktual olaraq qalır. Xüsusilə, bankların bağlanmasından sonra hüquqi şəxslərin depozitlərinin qorunması mexanizminin hazırlanması müzakirə edildi. Lakin hələ də bununla bağlı qanunvericilikdə dəyişiklik olmayıb. Bu da sahibkarların işinə birbaşa mənfi təsir edir, vəsaitləri üzərində sərəncam verə bilmirlər”.
Ekspert onu da qeyd edib ki, 2016-cı ildən sonra banklarda təmərküzləşmə artıb. Əhali və iş adamları vəsaitlərini daha iri və maliyyə dayanıqlığı nisbətən yaxşı olan banklara etibar etməyə üstünlük verirlər. Ardıcıl olaraq bankların bağlanması bu prosesi daha da sürətləndirəcək.
Xatırladaq ki, qonşu Rusiyada hüquqi şəxslərin banklardakı depozitləri sığortalanır və hər hansı neqativ hal baş verdikdə həmin vəsaitlər qanunvericilik əsasında geri qaytarılır.
İnsider©
Bankın bağlanması daha çox kimə ziyan vurur?
11:21
26 Dek 2017