Azərbaycanda əmanətlərin tam sığortalanmasının vaxtı 4 mart 2019-cu ildə bitir.
FED.az xəbər verir ki, bu barədə yazan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov xatırladıb ki, göstərilən tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur: “Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.
Bu sistemin cəmi 50 günlük ömrü qalıb. Bu tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2019-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.
Məlum olduğu kimi, ölkə başçısı tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməli idi. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalı idi.
Lakin Palata digər vəzifələrinin icrasında olduğu kimi bu işin də öhdəsindən gəlmədi, prosesi bitirə bilmədi. Deməli, problemli bankların bağlanması bu ilə qaldı. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanmasının müddətinin uzadılmadığı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30 000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq həmin məbləğdən çox olan hissəni itirəcəklər”.
Ə. Həsənov qeyd edib ki, vəziyyətdən hali olan bəzi əmanətçilər artıq ötən ilin payız aylarından başlayaraq banklardan əmanətlərini geri götürməyə başlayıb: “Belə ki, əgər 1 oktyabr tarixinə banklarda 8,1991 mlrd. manat əmanət var idisə, 1 noyabrda 8,14 mlrd. manat, 1 dekabrda isə 8,0735 mlrd. manat qalmışdı. Yəni təkcə 2 ay ərzində banklardan 125,6 mln. manat çıxarılıb. Digər əmanətçilər vəsaitlərini daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklara yerləşdirməyə üstünlük verir. Həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır, bu da onların daha təhlükəsiz olmasından irəli gəlir. Bəziləri sadəcə əmanətlərinin məbləğini bölüşdürür. Yəni elə edirlər ki, bir nəfərin adına bir bankda 30 000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölürlər (hər bankda maksimum 30 000 manat), ya da bir bankda qohumları arasında bölürlər (hər qohumun adına maksimum 30 000 manat). Əlbəttə, istisna deyil ki, son anda əmanətlərin tam sığortalanmasının müddəti uzadılacaq. Lakin getdikcə bu ehtimal azalır. Bu istək varsa, bunu mümkün qədər tez etmək lazımdır ki, əmanətçilər sakitləşsin. Buna görə də böyük ehtimalla ya hələlik yekun qərar yoxdur, ya da əmanətlərin tam sığortalanması sisteminin ləğvi qərara alınıb”.
Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, “Əmanətlərin tam sığortalanması haqqında” 2016-ci ildə Milli Məclisdə müzakirə edildikdən sonra prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Məlumdur ki, qanunun qüvvədə olma müddəti 2019-cu ilin 4 martında bitir. Bu qanun qüvvədən düşdükdən sonra əmanətlərin sığortalanması məsələsi “Əmanətlərin sığortalanması haqqında” qanunla tənzimlənəcək. Ancaq bir məsələni vurğulamaq lazımdır ki, əmanətlərin sığortalanması məsələsi hökumətin ciddi nəzarəti altındadır”.
Məsələ ilə bağlı Milli Məclis üzvlərinə də müraciət edilib. Məlumdur ki, parlament payız tətilindən bu gün qayıdıb. Bir qədər sonra Milli Məclisin komitələrinin iclası başlayacaq. Bu zaman yaz sessiyasında hansı qanunlara dəyişikliklərin ediləcəyi məsələsi bilinəcək.