Ümumi göstəricilər əsasında qiymətləndirdikdə 2018-ci ildə bank sektorunda təmərküzləşmə meylləri əsasən səngiyib.
FED.az Təhlil Qrupu bildirir ki, əgər 2017-ci ildə bank aktivlərində ən yüksək paya malik 5 bankın xüsusi çəkisi 65.4% olmuşdusa, 2018-ci ildə də həmin göstərici faktiki olaraq dəyişməyib və 65.5% təşkil edib. Yalnız fərq odur ki, Azərbaycan Sənaye Bankı sektor üzrə aktivlərdə tutduğa paya görə ilk 5-likdəki yerini Bank Respublikaya verib.
Eləcə də bax: Azərbaycandə ən yüksək faizlə kredit verilən - BÖLGƏLƏR - SİYAHI
Beynəlxalq Banksız....
Bank sektoru üzrə konsentrasiyanı qiymətləndirərkən Beynəlxalq Bankla bağlı göstəriciləri nəzərdən qaçırmaq olmaz. Çünki bu bank sağlamlaşdırılması proqramı çərçivəsində 2016-cı ildən başlanan tədbirlər nəticəsində bankın aktivlərinin azalması baş verir və 2018-ci ildə də bu proses davam edib.
Rəqəmlərdən göründüyü kimi, əvvəlki ilə nisbətən 2018-ci ildə Beynəlxalq Bankın aktivlərinin məbləği 8.8% (762.3 mln. manat), Sənaye Bankının aktivləri isə 13% (123 mln. manat) azalmışdır. Beynəlxalq Bankın aktivlərinin azalması onun sektordakı mövqeyini dəyişməmiş və yenə də 1-ciliyini qoruyub saxlaya bilmişdir. Lakin Sənaye Bankı aktivlərini azaltmaqla ilk 5-likdəki mövqeyini Bank Respublikaya təhvil vermşdir. Ötən il Bank Respublikanın aktivləri kəskin şəkildə - 40% (281 mln. manat) artmışdır.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı Rotşildlərlə - MÜQAVİLƏ BAĞLAYIR
FED.az Təhlil Qrupu bildirir ki, Beynəlxalq Bank nəzərə alınmadıqda, 2017-ci ildə aktivlərin həcminə görə aparıcı 5 bank PaşaBank, KapitalBank, Xalq Bank, Sənaye Bankı və AccessBank olumuşdur. 2018-ci ildə isə bu siyahıda Sənaye Bankını Bank Respublika əvəzlədi. Beynəlxalq Bankın göstəriciləri nəzərə alınmazsa, 2017-ci ildə aparıcı 5 bankın bank aktivlərində payı 54% idisə, 2018-ci ildə həmin göstərici 57%-ə yüksəlib.
Ən kiçik aktivlərə malik son 5-likdə olan bankların isə məcmu aktivlərdə payı 2018-ci ildə 2% təşkil edib ki, bu əvvəlki ilə nisbətən 0.2% azdır.
Kredit və depozitlərdə təmərküzləşmə
Kredit portfelində təmərküzləşmə səviyyəsində kiçik də olsa artım müşahidə edilib. Belə ki, 2018-ci ildə bank sektoru üzrə kreditlərdə ən yüksək xüsusi çəkisi olan 5 bankın göstəricisi 55.2% təşkil etdiyi halda, 2017-ci ildə həmin göstərici 53.9% olmuşdu.
Diaqramdan göründüyü kimi, Beynəlxalq Bankın kreditləşmədə xüsusi çəkisi əvvəlki ilə nisbətən 2018-ci ildə 16.6%-ə, Xalq Bankın payı isə 12.2%-dən 11.4-ə enmişdir. Kapital Bankın payı 11.6%-dən 12.4%-ə, PaşaBankın xüsusi çəkisi isə 8.8%-dən 10.9%-ə yüksəlmişdi.
FED.az Təhlil Qrupu bildirir ki, Bu nəzərəçarpayan dəyişikliklər adıçəkilən 4 bankın ilk 5-likdəki mövqeyinədə hər hansı dəyişikliyə səbəb olmamışdır. Lakin 2018-ci ildə PremiumBank ümumi kreditləşmədə payını 4.8%-ə çatdırmaqla Accessbankı 2017-ci ildəki mövqeyindən sıxışdırıb çıxarmağa nail olmuşdu. Rəqəmlərdən də göründüyü kimi, 2017-ci ildə Accessbank bank sektoru üzrə kreditləşmə səviyyəsinə görə 4.7%-lə 5-ci yerdə qərarlaşmışdı.
Kreditləşmədən fərqli olaraq depozit cəlbində təmərküzləşmə səviyyəsi daha yüksəkdir. Belə ki, ilk 5 bankın sektor üzrə məcmu depozitlərdə payı 2017-ci ildə 70.5%, 2018-ci ildə isə 69% təşkil edib.
Məcmu aktivlərdə və kreditlərdə olduğu kimi depozit cəlbində də ilk 4-lüyə Beynəlxalq Bank, PaşaBank, KapitalBank və Xalq Bank daxildir. Lakin ilk 5-liyi 2017-ci ildə 3.4 payla Rabitəbank, 2018-ci ildə isə 3.8% payla Bank Respublika qapatmışdır. Göründüyü kimi, həm məcmu aktivlərdə, həm də depozitlərdə ilk 5-liyə daxil olan banklar eyni banklardır.
Eləcə də bax: Kənd təsərrüfatının 1 milyard dollar gəlir gətirən sahəsi - TƏHLİL
Bank sektoru üzrə gəlirlərin banklar arasında paylanması...
2018-ci ildə isə bank sektoru üzrə xalis mənfəət 739.2 mln. manat təşkil edib ki, bu əvvəlki ilə nisbətən 297 mln. manat və ya 40% azalmışdır. Sektor üzrə xalis mənfəətin belə kəskin azalmasının əsas səbəblərindən biri problemli aktivlərin genişlənməsi və mənfəət hesabına problemli aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün mənfəət hesabına ayırmaların genişlənməsi olub.
Sektor üzrə xalis mənfəət banklar arasında həddən artıq qeyri-bərabər bölünüb.
Ümumilikdə bank sektoru üzrə xalis mənfəətin 2018-ci ildə 89.2%-i, 2017-ci ildə isə 95.3%-i ilk 5 banka məxsus olmuşdur. İlk 4-lük yenə də hər 2 il üzrə Beynəlxalq Bank, PaşaBank, KapitalBank və Xalq Bank olmuşdur. Dəyişən yalnız ilk 5-liyin sonuncu bankı olmuşdur. Belə ki, 2017-ci ildə xalis mənfəətdə ən yüksək paya sahib 5-ci bank 0.9%-lə Yapı Kredi Bank olmuşdu. Lakin 2018-ci ildə Unibank 4.1% payla nəinki Yapı Kredi Bankı sıxıçdırıb çıxarmağa, hətta XalqBankı üstələməklə 4-cü yerdə qərarlaşmağa nail olub.
FED.az Təhlil Qrupu bildirir ki, Statistik məlumatların analizi göstərir ki, bank sektoru üzrə xalis mənfəətin həcminə təsir göstərən amillər çoxsaylı olsa da (faiz xərcləri, xalis qeyri-faiz gəlirləri, aktivlər üzrə zərərin ödənilməsi üçün mənfəətdən ayırmalar və s.), əsas faktor faiz gəlirlərinin həcmidir. Çünki sektor üzrə ümumi gəlirlərdə faiz gəlirlərinin payı daha yüksəkdir. Məsələn, 2018-ci ildə bank sektoru üzrə ümumi gəlirlərin 74%-i faiz, cəmi 26%-i qeyri-faiz əməliyyatlarından formalaşmışdır.
Bank sektoru üzrə faiz gəlirlərinin məbləği 2017-ci ildə 1.759 mlrd. manat, 2018-ci ildə isə 1.773 mlrd. manat təşkil edib.
Fazi gəlirləri üzrə ilk 5-likdə olan aparıcı bankların payı 2017-ci ildə 64.5%, 2018-ci ildə isə 62.5% təşkil etmişdir.
Diaqramdan göründüyü kimi, hər 2 il üzrə faiz gəlirlərində ən yüksək paya sahib olan ilk 5-likdə olan bankların siyahısı dəyişməyib. Dəyişən yalnız Beynəlxalq Bank və AccessBankın payının azalması, KapitalBank, PaşaBank və Xalqbankın sektor üzrə məcmu faiz gəlirlərində xüsusi çəkisini artırması olub.
Bank sektorunda təmərküzləşmə: 2018-ci ilin əsas nəticələri
15:53
12 Mart 2019