“Nikoil Bank” ASC-nin İdarə Heyətinin sədri Nikoloz Şurqaia artıq iki ildir ki, Bakıdadır. FED.az-a verdiyi müsahibədə cənab Şurqaia bildirdi ki, onun bankda fəaliyyətə başladığı vaxtdan bəri ən böyük diqqət yetirdiyi məsələ problemli kreditlərlə bağlı olub. Hazırda bank bu sahədə vəziyyətini xeyli yaxşılaşdırıb və zərərini azaldıb.
- Sizin bank ötən ili o qədər də böyük olmayan zərərlə başa vurdu. Yəni, zərər 2016-da olduğu kimi deyil, azalsa da amma qalır. Bunun səbəbini necə izah edirsiniz və zərərin bu il də təkrarlanmaması üçün planlarınız necədir?
- Bizim əsas planımız bankın maliyyə vəziyyətini yaxşılaşdırmaqdır. Biz bu ilə və ümumiyyətlə gələcəyə nikbinliklə baxırıq. İnanırıq ki, bu il həm bizim bank, həm də bütün maliyyə sektoru üçün ötən ilən daha uğurlu il olacaq.
- Bu il diqqət yetirəcəyiniz əsas istiqamət hansı olacaq – istehlak və riteyl, yoxsa, korporativ sektor?
- Biz universal bankıq və hələlik həm kiçik və orta bizneslə, həm də əhali, vətəndaşlarla işləməkdə davam edəcəyik. Bizim işimiz bütün seqmentlərə bank xidmətləri təklif etməkdir.
Əminik ki, bu il Azərbaycan biznesi dirçəlməyə başlayacaq və biz də onlara bank xidmətləri göstərməyə şadıq. Bunlara kreditləşmə, kassa-uçot xidmətləri və s. aiddir. Bundan başqa, ölkə əhalisi də bizim xidmətlərlə getdikcə daha çox maraqlanır. Həm «Nikoyl»un kreditləri həm də digər xidmətlərinə tələbat artır. Ona görə də bu istiqamətdə işləməyə davam edəcəyik.
- Siz Azərbaycanda işləyən iki Rusiya bankından birisiniz. Necə hesab edirsiniz, Rusiya ilə əlaqələr və bu sahədəki imkanlar Rusiya ilə işləyən biznesə xidmət etməkdə sizə hər hansı üstünlüklər verirmi?
- Nikoyl Bank ilk növbədə Azərbaycanın kiçik və orta biznes müəssisələri, eləcə də əhali ilə işləməyə hədəflənib. Biz Bankın bütün müştərilərini dəyərləndiririk və Rusiya kapitalı və ümumilikdə xarici kapitalı olan təşkilatların bizim banka üstünlük vermələrinə sevinirik. Nikoyl Bankın missiyası - Biz Azərbaycan iqtisadiyyatının inkişafına müsbət töhfə verərək, müştərilər və tərəfdaşlar üçün rahat şərait yaradırıq.
- Hazırda bank sektorunun əsas problemlərindən biri həddən artıq toplanmış izafi likvidlikdir, hansı ki, banklar bunu reallaşdıra bilmirlər. Sizin bankda bu məsələ ilə bağlı vəziyyət nə yerdədir?
- İzafi likvidlik (yəni artıq vəsait) bizim bankda da var, biz bunları müxtəlif xəzinə alətlərinə, dövlət qiymətli kağızlarına, Mərkəzi Bankın notlarına yerləşdiririk. Amma ümid edirik ki, bu pulun getdikcə daha böyük hissəsini real sektorun kreditləşməsinə yönəldə biləcəyik.
- Bəs bunun üçün nə etmək lazımdır ki, siz bu planları reallaşdıra biləsiniz?
- Mən fikirləşirəm ki, əvvəlki illərdə iqtisadiyyat böyük şoklar yaşadı. Milli valyutanın devalvasiyası həmişə iqtisadiyyatın geriləməsi ilə müşayiət olunur. Və bundan sonra iqtisadiyyatın dirçəlib özünə gəlməsi üçün bir neçə il tələb olunur. Biz hesab edirik ki, dirçəlmə prosesi artıq başlayıb və biz görürük ki, əhalinin və şirkətlərin qarşılaşdığı psixoloji şok da keçməkdədir və artıq müsbət siqnallar da gəlməkdədir. Yəni, yeni şirkətlər yaranır, biznes məsələlərə artıq fərqli, yeni formada yanaşır, perspektivləri qiymətləndirir. Başqa sözlə, əvvəllər az cəlbedici sayılan sahələr artıq maraqlı görünməyə başlayıb. Və ən əsası, şirkətlər effektivlik istiqamətində ciddi addımlar atırlar. Ona görə də mən fikirləşirəm ki, dirçəlmə olacaq, ölkədən müxtəlif məhsulların ixracı artacaq və ümumilikdə hər bir şirkət öz biznesini daha ağıllı aparmağa başlayıcaq.
- Sizin bu proseslə bağlı nə planınız var? Məsələn «Nikoyl» bu il öz kredit portfelini nə qədər artırmaq niyyətindədir?
- Bəli, əlbəttə. Biz bu il kreit portfelimizi artırmaq niyyətindəyik. Hazırda bankımızın kredit portfeli 291 milyon manat təşkil edir. Bizim də planımız həmin göstəricini il ərzində dahada artırmaqdır.
- Bəs, problemli kreditlərinizdə hansı tendensiya müşahidə edilir?
- Problemli kreditlərimizin həcmi tədricən azalır. Doğrudur, hələ də iri məbləğdə problemli kredit portfelimiz qalır, amma bu problemi addım-addım həll edirik.
- Amma deyəsən, problemli kreditlərə münasibət dəyişir, bu məsələ adiləşir və əvvəlki kimi faciəvi sayılmır.
- Bilirsiniz, problemli kreditlər mövzusu da bizim işimizin mühüm bir hissəsidir. Etiraf etməliyəm ki, Bakıdakı işimin ilk il yarımını məhz bu məsələyə sərf etmişəm. Bu bizim üçün mühüm məsələdir və hələ də bu statusunu qoruyur. Amma mən şadam ki, getdikcə bu məsələdən ayrılıb biznesə qayıdıram. Yəni mən artıq yeni müştərilərlə işləyə bilirəm. Bəzi köhnə müştərilərimiz də, hansı ki, problemli krediti vardı, amma bu məsələni həll elədik, biz onlarla birlikdə gələcəyə baxırıq və yeni planlar qururuq.
- Bu il sizin bankın yeni məhsulları olacaqmı?
- Əlbəttə, hökmən olacaq. Bizim bank mütəmadi olaraq yeni məhsullar buraxır, onlar bu il də olacaq. Yeni məhsullarımız həm kassa-hesablaşma xidmətləri, həm depozitlərlə, həm də hökmən kreditlərlə bağlı olacaq. Ümumiyyətlə, bizim böyük məqsədlərimizdən biri yerli biznes və fiziki şəxslər üçün xidmət göstərən bank olmaqdır.
- Ötən il ölkə banklarından biri biznes üçün olduqca aşağı faizlə kreditlərə başladı. Bu bazar – yəni digər banklar üçün də bir siqnal idi. Siz, biznes üçün məhsullar, o cümlədən kredit məhsulları buraxanda bu amili nəzərə alacaqsınız?
- Bilirsiniz, biz ağıllı tarifin, ağıllı qiymət yaranmasının və sabitliyin tərəfdarıyıq. Əlbəttə, kredit resurslarının dəyərinin düşməsindən asılı olaraq biz də kredit dərəcələrini endirəcəyik və mən hazırda bu tendensiyanı görürəm. Şadam ki, bu məsələdə hər iki tərəf – həm biznes, həm də banklar bir-birlərinə tərəf addım atırlar, amma bu proses də tədricən olmalıdır.
Mən ümumiyyətlə heç bir sektorda qətiyyən dempinq tərəfdarı deyiləm, çünki bu məsələ heç vaxt yaxşı qurtarmır. Hər şey davamlı olmalıdır və biz özümüzün artan effektivliyiimizi müştərilərlə bölüşəcəyik. Özü də bu təkcə kreditin resurslarının qiymətinin aşağı düşməsi ilə deyil, ümumilikdə bankın effektivliyinin artımı ilə baş verəcək.
- Biz problemli kreditlərdən danışdıq və bu bankların ən çox məhkəmə sisteminə üz tutmağa vadar edən mövzudur. Adətən banklar hesab edir ki, Azərbaycanda bank qərarlarının qəbulu və həmin qərarların icrası adətən böyük vaxt aparır. Siz bu barədə nə fikirləşirsiniz?
- Ümumiyyətlə, mən bütün məsələlərdə cəldliyin və effektivliyin tərəfdarıyam. Əlbəttə ki, adam həmişə qərarların təz qəbul edilməsini və tezliklə həyata keçməsini – icra edilməsini istəyir.
- Son vaxtlar turizm sektoru ölkə iqtisadiyyatının əsas gəlirli sahələrindən birinə çevrilir. Ümumiyyətlə, ötən ildə iqtisadiyyatda çoxsaylı dəyişikliklər olub. Sizin bir bank olaraq baş verənlərə münasibətiniz və reaksiyanız necədir? Məsələn, ola bilər ki, indiyədək turizmi ciddi sahə saymayaraq ona kredit ayırmırdınız, amma indi ayırasınız?
- Biz turizm sektorundakı artımı maraqla izləyirik və buna şadıq. Özü də bu sahədə böyük potensial gördük, mən çoxsaylı ölkədə olmuş adam kimi deyirəm ki, Azərbaycanda bu sahədə böyük poensial var - əla təbiət, tarixi abidələr, turistlər üçün böyük komfort sayılan inkişaf etmiş nəqliyyat infrastruktru və s. Bundan başqa, ölkənizdə turistlər üçün maraqlı mədəni tədbirlər keçirilir. Ona görə də Azərbaycanın bütün ölkələrdən gələn turistlər üçün böyük potensialı var. Məsafənin də rolu az deyil, buraya Avropadan, Şərqi Avropadan, Rusiya, Yaxın Şərq ölkələrindən gəlirlər. Bu ölkələr Azərbaycana təkcə məsafə deyil, mədəni cəhətdən də yaxındırlar.
Ona görə də, biz də bank olaraq bu sahəni böyük maraqla izləyəcəyik və bu sahəyə kredit ayırmaq üçün iri biznes və sahibkarların müraciətlərinə baxacağıq.
Etiraf edim ki, indiyədək biz bu sahədə kreditlərə elə də böyük tələbat hiss etməmişik. Amma biz bu sahə üzrə müraciətlərə açığıq.
- Bəs, siz özünüz necə, artıq bir neçə ildir ki, Bakıdasınız. Xarici vətəndaş olaraq öz evinizdə yaşayırsınız, yoxsa, kirayədə?
- Mən kirayədə yaşayıram.
- Son vaxtlar Azərbaycanda ev, əmlak alan xaricilərin sayı artmaqdadır. Necə fikirləşirsiniz, ola bilərmi ki, nə vaxtsa buradan ev alasınız?
- Niyə də yox, mən həmişə bu darədə düşünmüşəm. Amma mənim baxışım belədir ki, ümumilikdə mən mobil insanam və əmlak almaqda o qədər də maraqlı deyiləm. Mən bu məsələdə biznes və şəxsi həyatımı ayırıram.
- Yəni, bu məsələdə də bankir kimi fikirləşirsiniz.
- Bəli, bankir kimi düşünürəm. Amma ümumilikdə Bakı gözəl bir yerdir və mən də burada hələ çox olmaq istəyirəm, ona görə də, bu məsələ həqqında hələ fikirləşə bilərəm.