FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən "AccessBank"ın 2024-cü il üzrə fəaliyyəti, maliyyə göstəriciləri, gələcək planları, o cümlədən bank sektorunun cari trendləri ilə bağlı bankın İdarə Heyətinin Sədri Davit Tsiklauri ilə olan müsahibəni təqdim edir:
- Davit bəy, maliyyə hesabatını təhlil edəndə “AccessBank”ın 2024-cü ili uğurla başa vurduğunu görmək olur. Bankın xalis mənfəəti 54 milyon manatı ötüb. Kapitalının gəlirliliyinə görə (ROE) bank ölkə üzrə ikinci yerdədir. Ümumilikdə ötən ili siz necə qiymətləndirirsiniz?
- 2024-cü il bizim üçün pozitiv oldu, əgər bir sözlə ifadə etsəm, deyərdim ki, biz işimizi yaxşı bacardıq və bu 1500 nəfərlik komandamızın səylərinin nəticəsidir. Ən böyük nailiyyətimiz isə, bəlkə də, bazar üçün o qədər də diqqətçəkən olmayan, amma bizim üçün çox önəmli bir məsələdir: 2022-ci ilin əvvəlində mən də daxil olmaqla yeni komanda bankda işə başladığı vaxtdan bəri əldə etdiklərimiz.
O zaman bankın kapitalı təxminən 80 milyon AZN idi. Üç il ərzində biz bu rəqəmi iki dəfədən çox artıraraq 180 milyon AZN-dən yuxarı səviyyəyə çatdırdıq və bu da təxminən 150%-lik artım deməkdir. Belə qısa müddət ərzində bu cür nailiyyət nadir hallarda rast gəlinən bir haldır. Amma biz yalnız illik nəticələrə fokuslanmırıq, dayanıqlı inkişaf bizim üçün prioritet məsələdir.
Uğuru yalnız xalis mənfəətlə ölçmürük. Xərclərin gəlirə nisbəti, kapitalın gəlirliliyi və aktivlərin gəlirliliyi kimi göstəricilər bizim üçün eyni dərəcədə önəmlidir. Məsələn, 2024-cü ildə bizim böyümə sürətimiz 2023-cü illə müqayisədə daha yavaş oldu və hətta bəzi banklardan geri qaldı. Amma biz ağıllı böyüməyə fokuslandıq.
Ağıllı böyümə deyərkən, həm müştərilərimiz, həm də səhmdarlarımız üçün daha faydalı və səmərəli strateji qərarlarları nəzərdə tuturam. Məhdud kapital şəraitində resursları ən effektiv sahələrə yönəltmək çox vacibdir. Bu, bizim əsas gücümüzdür. Qeyd etdiyiniz kimi, səmərəlilik göstəricilərinə görə ikinci yeri tutmağımız, xüsusən də 2020 və ya 2021-ci illərdə mənfəəti demək olar ki, sıfır olan bir bank üçün çox böyük nailiyyətdir.
Ümumilikdə, son üç il ərzində götürdüyümüz istiqamət tamamilə doğrudur və biz davamlı dəyər yaratmağa davam etmək niyyətindəyik.
- Baxmayaraq ki, bankın ümumi depozit portfeli keçən il artıb, fərdi müştərilərin depozit portfelində 4%-lik azalma qeydə alınıb. Mərkəzi Bankın sədri isə son açıqlamasında bildirib ki, keçən il əhali arasında əmanətçilərin sayı 40% artıb. Bu uyğunsuzluğu necə izah edə bilərsiniz?
- Bəli, əlbəttə. Daha əvvəl də qeyd etdiyim kimi, son üç il ərzində bu bankda bir çox ciddi düzəlişlər və dəyişikliklər aparılıb. Bu dəyişikliklərdən ən önəmlilərindən biri xarici institusional kreditorlarla əməkdaşlıq qurmağımız oldu. Bu, maliyyə mənbələrimizi diversifikasiya etməyə və xaricdən kapital cəlb etməyə imkan verdi.
Hazırda bizim xarici borclanmamız təxminən 100 milyon AZN təşkil edir və bu rəqəm artmaqda davam edəcək. Azərbaycan bazarında bizim kimi xarici kreditorlardan vəsait cəlb edən başqa bir bank da var. Lakin bu istiqamətdə fəal olan çox az bank var və biz onlardan biriyik.
Xarici kreditorlar dedikdə EBRD, Blue Orchard, IFC kimi təşkilatları nəzərdə tuturam. Bu cür maliyyə mənbələrinə çıxışın olması bizə maliyyə resurslarımızı şaxələndirməyə və daha səmərəli idarə etməyə imkan yaradır.
Digər bir məsələ isə depozitlər üzrə xərclərin xeyli artmasıdır. Məsələn, hazırda illik depozit üçün təxminən 12% faiz təklif edilir. Halbuki bir il əvvəl bu rəqəm təxminən 9-10% idi. Bu, xərclərin nəzərəçarpacaq dərəcədə artması iri banklar üçün likvidlik məsələsini gündəmə gətirdi. Əlavə vəsait cəlb etmək üçün banklar depozit faizlərini artırdılar və bu da onların xeyrinə oldu.
Müştərilər əvvəllər daha yaxşı faiz əldə etmək üçün kiçik banklara üz tuturdularsa, indi əmanətlərini daha çox iri banklarda cəmləyirlər. Hal-hazırda demək olar ki, bütün bazar 12% təklif edir və bu, artıq standart hala çevrilib. Bir neçə il əvvəl iri bankların belə rəqabətli depozit faizləri təklif edəcəyini təsəvvür belə etməzdim, amma bu, indi reallıqdır.
Biz isə bahalı depozitləri xarici borclanma ilə əvəz etməyə üstünlük veririk. Depozitləri tamamilə xarici maliyyələşmə ilə əvəz etməsək də, balansımızda daha uzunmüddətli maliyyə mənbələrinə yer ayırmışıq. Xarici borclanma, adətən, 3-5 illik müddətə olur, halbuki depozitlərin əksəriyyəti 12-18 aylıqdır. Bu isə maliyyə strukturumuzu daha sabit və etibarlı edir.
- Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 adlı əsas iqlim konfransına ev sahibliyi etdi. Bu konfransın əsas məqsədi yaşıl iqtisadiyyata keçidi sürətləndirmək idi. Açıqlanıb ki, Azərbaycanın maliyyə sektoru bu sahəyə 2 milyard dollar ayıracaq. AccessBank yaşıl iqtisadiyyat təşəbbüsləri üçün nə qədər kredit ayırmağı planlaşdırır?"
- Bizim konkret bir hədəfimiz yoxdur, lakin mən qeyd etdiyim beynəlxalq maliyyələşməni nəzərə alsaq, bu vəsaitin ən azı yarısının yaşıl maliyyələşdirməyə - xüsusilə Yaşıl Ekoloji Kreditləşməyə yönəldildiyini deyə bilərəm. Təbiidir ki, əldə etdiyimiz bu vəsait müvafiq layihələrə ayrılacaq.
Ümumilikdə, bu yalnız maliyyəlləşmə ilə məhdudlaşmır. Yaşıl maliyyələşmə yeni konsepsiya olmasa da, Azərbaycanda nisbətən yeni bir anlayışdır. Portfelimizi təhlil etdikdə görürük ki, artıq yaşıl təşəbbüslərə uyğun olan layihələrimiz var. Lakin bu sahəni aktiv şəkildə izləməmişik və ayrıca hesabat şəklində təqdim etməmişik.
Məsələn, bir çox müştərilərimiz istixana layihələri və ya suvarma sistemləri ilə məşğuldur ki, bunlar yaşıl təşəbbüslərə daxildir. AccessBank kənd təsərrüfatını, xüsusən də mikro sahibkarları dəstəkləyən əsas banklardan biridir. Bu mikro-kreditlərin əhəmiyyətli bir hissəsi suvarma, istixanalar və ya daha ekoloji təmiz və səmərəli avadanlıqlara keçid kimi məqsədlər üçün istifadə olunur. Bütün bunlar yaşıl maliyyələşdirmə prinsiplərinə uyğundur.
- AccessBank beynəlxalq maliyyə institutları, xüsusən də EBRD ilə geniş əməkdaşlıq edir. Yaşıl iqtisadiyyatı maliyyələşdirmək üçün bu təşkilatdan əlavə maliyyələşmə cəlb edilə bilərmi?
-Bəli, tamamilə mümkündür. Yaşıl maliyyələşmə əhəmiyyətli istiqamət olsa da, digər əsas məsələlər də önəmlidir, məsələn, qadınların biznesdə dəstəklənməsi və sahibkarlıqda gender bərabərliyinin təşviqi. Biz yalnız yaşıl layihələr üçün deyil, bu sahələr üçün də əlavə maliyyələşmə cəlb etməyi planlaşdırırıq.
Maraqlıdır ki, son 10 ildə Azərbaycan bazarında olmayan bəzi beynəlxalq institutlar indi burada fəaliyyət göstərməyə maraq göstərirlər. Hal-hazırda bu təşkilatlarla bir neçə danışıqlar aparırıq və hələlik konkret ad və ya detalları açıqlaya bilməsəm də, perspektivlər çox ümidvericidir.
Xarici institutların bu artan marağı yalnız AccessBank-ın uğuru kimi qəbul edilə bilməz. Mən bunu ümumilikdə Azərbaycanın uğuru kimi görürəm, çünki ölkə beynəlxalq kreditorlar üçün daha cəlbedici olur. Gələcəkdə bu maraqdan daha çox faydalanmağı planlaşdırırıq.
- Keçən ilin may ayından bəri uçot dərəcəsi sabit qalsa da, bankların əmanət faizlərini artırdığını müşahidə edirik. Bəzi banklar hətta 12% civarında gəlir təklif edir. AccessBank-ın dollar əmanətləri üzrə 4-5% gəlir təklif edir. Sizcə, bu nə ilə bağlıdır?"
- Əmanət faizlərinin artması daha çox likvidliklə bağlıdır. Likvidliyin çatışmazlığı həmişə mənfi bir şey kimi qəbul edilmir. Niyə? Çünki likvidliyin çatışmazlığı çoxsaylı iqtisadi fəaliyyətlərə işarə edir – banklar aktiv şəkildə kreditlər verirlər. Əgər iqtisadiyyat yaxşı vəziyyətdədirsə, daha çox kredit götürülür, çünki bizneslər genişlənmə, istehsal və satış imkanlarını görürlər. Əksinə, əgər iqtisadiyyat zəifdirsə, kreditlərə tələbat azalır.
Hazırda bank sistemində yerli valyutada cüzi likvidlik çatışmazlığı var. Bunun səbəbi odur ki, mövcud likvidliyin əksəriyyəti artıq kreditlərə yönəldilib. Bununla yanaşı, yeni qaydalar da likvidlik çatışmazlığına təsir göstərib. Lakin banklar əmanət faizlərini artıraraq daha çox likvidlik cəlb etməyə çalışırlar. Bu, ümumilikdə müsbət bir göstəricidir, çünki kreditlərə yüksək tələbat və nəticə etibarilə iqtisadi fəallıq olduğunu göstərir.
Bəs bəzi banklar niyə 12-13% kimi yüksək əmanət faizləri təklif edir? Bu, bazarın tarazlığı ilə bağlıdır. Əgər banklar əmanətləri bu faizlə cəlb edirsə, deməli, onlar bu pulları daha yüksək faizlə kredit kimi verə bilirlər. Bu isə onu göstərir ki, borcalanlar həmin kreditlərin dəyərindən daha çox mənfəət əldə edəcəklərini gözləyirlər. Daha geniş perspektivdən baxanda, bu, iqtisadiyyat üçün müsbət bir siqnaldır, lakin bu hal uzunmüddətli olarsa, kreditləşmənin artım tempinə təsir edə bilər.
İnanıram ki, hazırkı likvidlik çatışmazlığı müvəqqətidir. İqtisadiyyat canlandıqca və xarici investisiyalar artdıqca likvidlik təminatı stabilləşəcək və bankların ehtiyaclarını ödəyəcək.
- Bu il üzrə depozit faizləri ilə bağlı gözləntiləriniz necədir?
- Mən hesab edirəm ki, depozitlər ümumilikdə bank sektorunda artmağa davam edəcək. Əgər depozit hesabı açmağı düşünürsünüzsə, indi bunun üçün çox yaxşı bir zamandır.
- Təklif edilən depozit faizləri sığortalı əmanətlər üzrə limiti aşır. Bu baxımdan sizcə əmanətlərin sığortalanması qaydalarında dəyişikliyə ehtiyac varmı?
- Mən bazarın özünü tənzimləməsi ideyasını dəstəkləyirəm. Bu gün əksər banklar 12%-dən yüksək faiz təklif etmir və bu, bəlkə də sığorta limitinə görədir. Əgər mən, bir bank olaraq, və səhmdarlarım 13% ödəməyə hazırıqsa, niyə bu depozit sığortalanmamalıdır? Belə bir məhdudiyyətin mövcud olmasının, yəni hansı məqsədə xidmət etdiyinin məntiqli bir izahını görmürəm.
Belə məhdudiyyətlər adətən qurumları digər kreativ həll yollarını araşdırmağa sövq edir. Məsələn, bəzi bankların əmanətçilərə keşbek təşviqləri təklif etdiklərini müşahidə etmişəm ki, bununla əmanətçinin əldə etdiyi ümumi gəlir 12%-dən yüksək olur. Nəticə etibarilə, bir az kreativlik və yenilik müddətli əmanət üzrə 12%-lik limitdən daha yüksək ümumi gəlir üçün imkanlar yarada bilər.
Əgər bankların maliyyələşməsi (əmanətlər, xarici borclanmalar və s.) üzərində qoyulmuş məhdudiyyətlər əmanətlər üzrə faizlərin bazar tələbləri ilə tənzimlənməsinə imkan vermirsə, onda maliyyələşmə ilə kreditləşmə arasındakı tarazlıq həmişə pozulacaq.
Əslində, mən xarici valyuta əmanətləri üzrə sığortanın ləğvini də nəzərdən keçirərdim. Bu, əmanətlərin dollarlaşmasını azaltmağa və həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə manat likvidliyinin təmin olunmasına kömək edər.
- Maliyyə və bank sektorundakı rəqəmsallaşma sürətlə irəliləyir. NFC dəstəyi ilə ödənişlər geniş yayılır və bəzi xidmət sahələri üztanıma ilə (Face-ID) ödənişlərə başlayır. “AccessBank”dan bu istiqamətdə hansı yeniliklər gözləyə bilərik?
- Rəqəmsallaşma, həqiqətən, ödənişlərdə ən böyük vasitədir və hesab edirəm ki, fiziki kartların istifadəsi tədricən azalacaq və yerini rəqəmsal üsullara verəcək. Bu keçid istifadəçilər üçün rahatdır və müşahidə edirik ki, ödəniş həcmləri, xüsusilə də fiziki kartlar əvəzinə telefon vasitəsilə həyata keçirilən tokenləşdirilmiş ödənişlər əhəmiyyətli dərəcədə artır.
Gələn ilə baxdıqda, biz velosipedi yenidən icad etməyəcəyik, amma mövcud rəqəmsal xidmətləri təkmilləşdirməyə diqqət edəcəyik. Məqsədimiz müştərilərimizin işini daha da asanlaşdırmaqdır. Məsələn, müştərilər depozit açmaq və ya kredit üçün müraciət etmək kimi işləri nə müştəri xidmətinə zəng etməklə, nə də filiallara getməklə deyil, tamamilə rəqəmsal şəkildə həyata keçirə bilməlidirlər. Bütün xidmətlərimizi rəqəmsal müstəviyə inteqrasiya etmək istiqamətinə doğru gedirik.
- Rəqəmsallaşma ilə paralel olaraq kiber fırıldaqçılıq hallarında artım müşahidə edirik. AccessBank bu istiqamətdə hansı addımlar atır?
- Biz öz məlumat təhlükəsizliyimizi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişik. Komandamız həm proqram, həm də avadanlıq həlləri üzərində çalışır. Şükür ki, bu sahədə heç bir hadisə baş verməyib. Biz, həmçinin, bu ildən banklar üçün firildaqçılığın idarəedilməsi üzrə yeni sistem tətbiq edən prosessinq mərkəzi ilə tərəfdaşlıq edirik.
Fırıldaqçılıqla mübarizədə yanaşmamız proaktivdir, reaktiv deyil. Fırıldaqçılıq halları çox aşağı olsa da, əksər hallarda müştəri laqeydliyi səbəbindən baş verir. Təəssüf ki, banklar fişinq ilə mübarizə aparmaqda yalnız müştəriləri maarifləndirmək imkanına malikdir. Bazarda baş verən problemlərin əksəriyyəti müştərilərin məxfi məlumatları paylaşması nəticəsində yaranır.
Kartlardan vəsaitlərin oğurlanması kimi digər fırıldaqçılıq növlərinə gəldikdə isə deyə bilərəm ki, mövcud alətlər olduqca güclüdür. Visa və Mastercard kimi böyük ödəniş təminatçıları saxta əməliyyatların həlli üçün effektiv prosedurlara malikdir. Əgər fırıldaqçılıqla bağlı kifayət qədər sübut varsa, vəsait geri qaytarıla bilər.
Lakin fişinq məsələsində əsas strategiyamız müştəriləri maarifləndirməkdir. Müştərilərə şifrələrini və ya kart məlumatlarını paylaşmamağı tövsiyə edən xəbərdarlıqlar edirik. Fişinq təkcə Azərbaycanda deyil, regionda və daha geniş miqyasda da yayılmış bir problemdir. Bununla mübarizənin əsas yolu davamlı müştəri maarifləndirilməsidir, onlara diqqətli olmalarını tövsiyə etmək və telefonda həssas məlumatları paylaşmağı tələb edən gələn zənglərə tam güvənməmələrini öyrətməkdir.
- AccessBank-ın 2025-ci il üçün əsas hədəf və planlarınız nədər ibarətdir?
- Maliyyə göstəricilərinə gəldikdə, 2025-ci ildə təxminən 10% artım əldə etməyi hədəfləyirik. Bu, çox iddialı bir hədəf olmasa da, davamlı və səmərəli böyüməyə hədəflərimizi əks etdirir. Prioritetlərimizdən biri kapitalımızı ən uyğun hesab etdiyimiz layihələrə effektiv şəkildə yönəltməkdir. Xüsusilə, ən azı 20%-lik kapital gəlirliliyi əldə etməyi və gəlir-xərc nisbətimizi yaxşılaşdırmağı planlaşdırırıq. Bu göstərici üçün konkret bir rəqəm hədəfimiz yoxdur, lakin hətta 1%-lik irəliləyiş belə böyük bir nailiyyət hesab ediləcək, çünki hazırkı nisbətimizi artıq güclü hesab edirik.
Digər əsas məqsədimiz xarici institusional borclanmanı genişləndirməkdir. Bu, xüsusilə likvidlik çatışmazlığı dövrlərində vacibdir. Xarici institutları uzunmüddətli kapitalın əsas təminatçıları kimi görürük. Onlar adətən 3, 5 və ya hətta 7 illik kreditlər təklif edirlər ki, bu da vacibdir, çünki depozitlər əsasən daha qısa müddətlidir, yəni 12-24 ay arasında dəyişir. Müxtəlif xarici kreditorlarla münasibətlərin genişləndirilməsi bankımızı gücləndirməklə yanaşı, həm də Azərbaycanda daha davamlı bank sisteminin formalaşmasına təkan olacaq.
Nəhayət, rəqəmsal transformasiyaya üstünlük veririk. Son üç ildə rəqəmsal xidmətlərin təkmilləşdirilməsi sahəsində irəliləyişimiz nisbətən ləng olub. Ödəniş xidmətlərimiz tam işlək və dayanıqlı olsa da, əlavə xidmətləri rəqəmsal platformalarımıza daxil etməyin zəruriliyini dərk edirik. Məqsədimiz müştərilərin maksimum sayda bank xidmətinə öz cihazları vasitəsilə rahat və effektiv şəkildə çıxışını təmin etməkdir.
- Bank sektoru ilə bağlı gözləntiləriniz necədir? Sizcə nələrin dəyişməsi zəruridir?
- Düşünürəm ki, Azərbaycanın bank sektorunun ən müsbət tərəfi onun davamlı inkişafıdır. Bu irəliləyiş fərdi banklara, Mərkəzi Banka və tənzimləyici qurumlara fayda gətirir. Son üç ildə bu sahədə sürətli inkişaf müşahidə olunub və ümid edirəm ki, bu dinamika davam edəcək.
Lakin ümid edirəm ki, bütün maraqlı tərəflər o cümlədən, müştərilərimiz, Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Monitorinq Xidməti (MMX), vergi orqanları və digər tənzimləyici qurumlar da daxil olmaqla, bu artımın düzgün istiqamətdə irəlilədiyini qəbul edirlər. Buna görə də tətbiq olunacaq hər hansı bir tənzimləmə, maliyyə sektorunun dayanıqlığını təhlükə altına qoymadan, effektivliyi artırmaq və bürokratiyanı azaltmaq baxımından qiymətləndirilməlidir.
Gələcəyə baxdıqda, son üç ildə müşahidə etdiyimiz inkişaf və yeniliklərin növbəti üç il ərzində də davam edəcəyinə əminəm. Bu, həm bank sektoru, həm də ümumi iqtisadiyyat üçün uğurlu nəticələrə yol açacaq.