«Biznesini genişləndirmək üçün nə lazımdır» sualına sahibkarların əksəriyyəti «əlavə vəsait, yəni kredit» cavabını verir. Bandan endirimli və güzəştli kredit almaq sahibkarlar üçün ənənəvi əsas mövzulardan biridir.
Eləcə də bax: ABB-nin sədr müavini: “Məsafədən satış potensialımızla çox iddialıyıq” - MÜSAHİBƏ
Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) biznes kreditləri, onların şərtləri, kreditlərin ayrılması xüsusiyyətləri və sahibkarlara münasibətlə bağlı tələblər barədə FED.az-ın suallarını ABB-nin kiçik və orta sahibkarlarla iş departamentinin nümayəndəsi Ayşad Abdullayev cavablandırır.
- Ayşad müəllim, ABB bank biznes üçün hansı kreditləri verilir, yəni bankdan biznes kreditlərini hansı məqsədlərlə götürmək mümkündür?
- Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlara təyinatına və banklarla əməkdaşlıq etdiyi xarakterinə uyğun 10-dan yuxarı növdə kredit məhsullarını təklif edir. Bunlar tərəfdaşlara dəstək, «invoice»in maliyyələşdirilməsi, e-kommersiya kredit xətti,
əməkhaqqı dəstəyi, dövriyyə krediti, investisiya krediti, biznes refenance, aqroinkişaf, ixraca dəstək və mikrokreditlər kimi kreditlərdir.
- Kreditləriniz hansı şərtlərlə ayrılır - faiz dərəcəsi necədir, hansı müddətə verilir? Güzəşt müddəti varsa, o nə qədərdir?
- Əslində kreditlərimizin faiz dərəcələri həm risklərin dərəcəsinə, həm də kreditin ayrılması müddətindən asılı olaraq dəyişir. Yəni əgər kreditdə risklər azdırsa, bu o deməkdir ki, həmin kreditin faiz dərəcəsi də aşağı olacaq, kredit riskləri çox olduqda isə, əksinə.
- ABB-nin biznes kreditlərində faizlər hansı səviyyədən başlayır?
- Ümumiyyətlə, ABB-də kreditlərin demək olar ki, əksəriyyəti illik 12 faizdən başlayır.
- Bu real faiz dərəcəsidir, yoxsa effektiv faizdir?
- Xeyr, effektiv faiz dərəcəsi deyil. Əgər effektiv olarsa, faiz bundan təqribən 2 dəfə aşağı olacaq.
- Əksər sahibkarlar bu faizlə kredit götürmək istəyər, amma bu kimlərə aiddir? Yəni hansı hallarda kreditlər bu faizlə ayrılır?
- Əslində kreditlərin müddəti qeyd etdiyimiz kimi uzun olarsa, yəni uzun deyərkən, 2 il və ondan yuxarı olarsa, faiz dərəcələrində müəyyən fərqlilik hiss olunacaqdır. Amma bizim təklif etdiyimiz elə bir 4 kredit məhsullarımız var ki, məsələn, tərəfdaşlarımıza dəstək, «invoice»in maliyyələşdirilməsi, e-kommersiya və əməkhaqqı layihəsinə dəstək –bu məhsullarda kreditlər qısa müddətə, yəni bir ilə qədər verilir. Məhz bu kreditlərdə də faiz dərəcələri aşağı olur. Yəni on iki faizdən başlayaraq deyəndə bu kreditlər hətta 12 faizlə də verilir.
- Bəs bank kreditlərinin müddəti nə qədərdir, hansı müddətə ayrılır? Ayrı-ayrı məqsədlər üçün kreditlər hansı şərtlərlə ayrılır?
- Məsələn, dövriyyə vəsaiti üçün götürülən kreditlər maksimum 2 və yaxud 3 ilə qədər müddətə verilə bilər, onların illik faiz dərəcəsi 12 faizdən başlayır. Bu kreditlərdə 3-6 aya qədər güzəşt müddəti var.
- Bu müddət ərzində iş adamı ancaq faizləri ödəyir?
- Bəli. Təbii ki, o da sahibkarlıq fəaliyyəti – biznesin xarakterindən asılıdır. Ola bilsin ki, mövsümi biznesdir, burada mütləq qaydada güzəşt dövrü olmalıdır
- Ayşad müəllim, pandemiyaya görə sahibkarların aktivliyi aşağı düşmüşdü, banklara kredit üçün müraciət edənlər də azalmışdı, indi biz aktivliyin artdığını müşahidə edirik. Sizdə necə, sahibkarların aktivliyi artıbmı?
- Doğrudur, cari ildə biz də aktivliyin artdığını müşahidə edirik. Müraciətlər var, kredit portfelimiz artır.
- İndi ən çox hansı sahələrdə fəaliyyət göstərən sahibkarlar kredit üçün müraciət edirlər?
- Hal-hazırda əsasən ticarət sahəsində çalışan sahibkarlar kredit üçün müraciət edirlər. İstehsalla məşğul olan sahibkarlara gəlincə, qida, geyim, kənd təsərrüfatı sahəsindən kredit almaq üçün müraciətlər daxil olur. Bu istiqamətlərdə hal-hazırda normal şəkildə maliyyələşdirmə aparılır.
- Nəqliyyat sahəsinə necə, kreditlər ayrılır?
- Bəli. Təbii ki, nəqliyyat sahəsinə də kreditlər ayrılır.
- Amma turizm sektoru, deyəsən, hələ ki, riskli sahələr sırasındadır?
- Hələlik bəli, çünki gediş-gəlişlər bir o qədər aktivləşməyib.
- Üstəlik, hələ görürük ki, dünyada virusun yayılması yenidən güclənir və turizm üçün qarşıda da problem yarada bilər.
- Elədir.
- Ayşad müəllim, tutaq ki, sizin banka 2 müştəri kredit üçün müraciət eləyib. Bunlardan biri riskli sahədə, digəri risksiz sahədə çalışır, onlara verilən kreditlərin şərtlərində fərq olacaqmı?
- Əlbəttə fərq olacaq. Ümumiyyətlə, qeyd etdiyimiz kimi, söhbət aşağı riskli sahədən gedirsə, normalda o sahəyə verilən kreditlərdə faiz dərəcələri daha aşağı olur. Üstəlik, belə sahibkarlara kreditlər təminatsız da verilir.
- Yəni girovsuz kredit verilir?
- Bəli, girovsuz da verilir.
- Bu hansı sahədə çalışan sahibkarlara aiddir?
- Məsələn, ticarət sahəsində. Amma bunun üçün onlar maliyyə hesabatlarını lazımi səviyyədə aparmalıdırlar. Həmin müştərilərdə, maliyyə hesabatları, dövriyyəsində olan mal qalıqları, vəsaiti və sair göstəriciləri normaldırsa, təbii ki, ona krediti aşağı faizlə və təminatsız verəcəyik.
Amma elə sahibkarlar da var ki, maliyyə hesabatlarını lazımi səviyyədə aparmırlar və onlar müəyyən dərəcədə riskli sayıla bilərlər. Çünki biz həmin müştəriləri kifayət qədər tanıya, onların maliyyə vəziyyətlərini öyrənə bilmirik.
- «Sədərək» və «Binə» ticarət mərkəzlərində çoxsaylı sahibkarlar işləyir, burada müxtəlif mallar satılır və iş adamlarının böyük dövriyyəlıri var, amma adətən onların, öz dövriyyələrni rəsmiləşdirməklə bağlı problemləri olur. ABB bu ərazilərdəki sahibkarlara biznes kreditləri ayırırmı? Bu iş adamları sizin üçün riskli müştəri sayılırmı?
- Əslində bəzi hallarda riskli sayılırlar. Hesabatlılıq səviyyəsindən asılı olaraq bəzi iş adamlarını biz lazımi qədər «tanıya bilmirik». Yəni bildiyiniz kimi, «Binə» və «Sədərək»də bəzi sahibkarlar dövriyyələrini tam rəsmiləşdirmədiklərinə görə, banklarla əməkdaşlıq etmək marağında olmurlar. Yəni bəlkə də kredit götürmək istəyirlər, amma əməliyyatları tam rəsmi olmadığından bu mümkün olmur.
- Amma onlar sizə müraciət eləsələr, bankdan kredit götürə bilərlər?
- Hal-hazırda bizim e-kommers kredit məhsulumuz var ki, həmin müştərilər üçün olduqca əlverişlidir.
- Sizin yeni məhsulunuz «Binə» və «Sədərəkdə» çalışan sahibkarlara hansı formada kömək ola bilər, bu necə məhsuldur?
- Məsələn, tutaq ki, biz «Binə» və «Sədərək»də işləyən müştəriləri tam «tanıya bilmirik». Amma sizə də məlum olduğu kimi, indi istehlakçılar arasında takst kartlara və nağdsız ödənişlərə maraq artıb. Eyni zamanda sahibkarlar da öz məhsullarını satmalıdırlar.
Nəticədə onlar da artıq bankların müəyyən qeyri-kredit məhsullarından, bu halda əsasən də post-terminallarından istifadə etməyə məcbur olurlar. Məcbur olurlarsa, biz artıq həmin müştəriləri qismən də olsa, tanıyırıq, çünki onların satışlarını görə bilirik.
- Ayşad müəllim, kredit üçün müraciət eləyən sahibkarlardan bir hissəsi imtina cavabı alır. İmtina cavablarının səbəbi ən çox nə ilə bağlı olur?
- Burada əsasən 2 səbəbi qeyd edə bilərik. Bunlardan birincisi, müştərilərin həqiqi maliyyə vəziyyətinin yaxşı olmamasıdır. Yəni müştəri müraciət edir, bank onun vəziyətini təhlil edir və məlum olur ki, müştərinin sifariş etdiyi krediti ödəmə qabiliyyəti yoxdur.
- Yəni götürdüyü krediti qaytara bilməyəcək...
- Bəli, qaytara bilməyəcək. Belə müştərilərə imtina cavabı verilir. Digər tərəfdən müştərilərin kredit tarixçələri pozulmuş ola bilər, bu da imtina üçün əsasdır. Doğrudur, gecikməyə, tarixçənin pisləşməsinə pandemiya şəraiti də səbəb ola bilər. Amma bir çox hallarda qəsdlə ödənilməmə problemi də olur.
- Banka müraciət edən hərr 100 sahibkardan neçəsi kredit ala bilir?
- Normalda kredit üçün müraciət edən sahibkarların 70-80 faizi bizdən kredit ala bilir.
- Elə bir məbləğ varmı ki, həmin məbləğə qədər krediti girovsuz ayırırsınız?
- Əlbəttə, hazırda bizdə müştərilər 350 min manata qədər krediti təminatsız, yəni girovsuz ala bilərlər.
- Bunlar hansı müştərilərdir? Həmin müştəriyə hansısa xüsusi tələb varmı, məsələn hökmən sizin bankın müştərisi olmalır və sair kimi?
- Bu mütləq şərt deyil. Təminatsız kredit götürmək üçün müştəri qeyd etdiyimiz məhsullardan, yəni qısamüddətli kreditlərdən yararlanmalıdır.
- Sahibkarların banklarla bağlı ən çox narazılıq elədiyi məsələlərdən biri, bankların kredit verərkən onlardan girov kimi Bakıdan əmlak istəməsidir. Onların bəziləri bölgələrdə fəaliyyət göstərirlər və Bakıda heç bir əmlakları yoxdur. Sizdə necədir? Girov olaraq təkcə Bakıdakı əmlakı qəbul edirsiniz, yoxsa bölgədəki əmlakları girov qoymaqla kredit götürmək olar?
- Əslində müştərilərə qarşı belə yanaşmamız yoxdur. Yəni girov olaraq bölgədə də əmlak qəbul edirik. Bu gün demək olar ki, 30-dan yuxarı satış nöqtələrimiz, filiallarımız var və həmin filiallarda hər növ kreditləri veririk. Təbii ki, regionda olan təminatları da girov qismində qəbul edirik.
- Tutaq ki, sahibkar, məsələn, Mingəçevirdə sizdən kredit götürür və Mingəçevirdə evini girov qoymaq istəyir. Qəbul olunur?
- Bəli.
- Şəmkirdə, Gəncədə, tutaq ki, Lənkəranda?
- Əlbəttə ki, qəbul olunur. Sadəcə bildiyiniz kimi, orada qiymətləndirmə prosesi olur, yəni əmlak qiymətləndirilir və həmin əmlakın müəyyən faizi qədər həmin müştəriyə kredit ayrılır.
- Əmlakın müəyyən faizi nə qədərdir?
- Normalda 70 faiz.
- Sadə şəkildə desək, tutaq ki, 100 min manat dəyəri olan ev və obyekt var. Onu girov qoyaraq 70 min manat kredit götürmək olarmı?
- Bəli. Əgər 100 min manatlıq əmlakdırsa, yəni əmlakın likvid dəyəri 100 mindirsə, həmin əmlakı girov qoyaraq 70 min manat kredit götürmək olar.
- Bəzən belə hallar olur ki, iş adamları kredit üçün banka müraciət edir, amma kredit ala bilmirlər. Onlara bildirirlər ki, biznes planınız yoxdur, alacağınız krediti təxmini də olsa, necə xərcləyəcəyinizi bilmirsiniz. Belə hallar olurmu ki, iş adamı kredit istəyir, amma pulu necə xərcləyəcəyini banka izah edə bilmir?
- Əslində olur. Bəzən olur ki, müştərilərin – sahibkarların bir biznesi var, normal işlək bir biznesdir, sadəcə yeni əlavə bir biznesə də yatırım eləmək istəyirlər. Banka müraciət eləyirlər, lakin həmin yeni sahə üzrə dəqiq planları olmadığına görə kredit verilməyə də bilər. Çünki normalda sahibkarların mütləq rəsmi qaydada olmasa da, amma müəyyən bir biznes planı olmalıdır. Yəni o sahibkar dəqiq bilməlidir vəsaiti götürüb necə sərf eləyəcək.
- Yəni belə hal olurmu ki, sahibkar götürmək istədiyi vəsaiti necə xərcləyəcəyini bilməsin?
- Bəli, olur, müştərilər haradansa eşidirlər ki, hansısa sahə gəlirlidir, tez kredit götürüb həmin sahəyə vəsait yatırmağa çalışırlar. Belə hallarda məlum olur ki, yeni sahə ilə bağlı məlumatları kifayət qədər deyil.
- Hansısa sahibkar sizdən kredit götürüb, amma çətinliklə üzləşib. Tutaq ki, pandemiya başlayıb və ya başqa problem. Nəticədə iş adamı kreditini ödəyə bilmir. Belə bank halda ona dəstək verirmi, verirsə hansı formada?
- Əslində, normalda biz çalışırıq müştərilərə maksimum şəkildə dəstək olaq. Amma dəstək verməzdən əvvəl təbii ki, qiymətləndiririk ki, bu müştərinin perspektivi var, yoxsa yox. Əksər hallarda perspektivi olar və bu hallarda biz çalışırıq müştərilərə güzəşt dövrü verək, əgər həqiqətən çətinlikləri böyükdürsə. Hətta faizdə də müəyyən endirimlər edirik.
- Yəni artıq verilmiş kreditin faizini etdirirsiniz?
- Bəli. Çünki o faizi o səviyyədə saxlamaq bəzən vəsaitin geri qaytarılmasında da problemlər yaradır.
- Heç olmasa, bir az faizi az olsun, amma kredit qayıtsın.
- Bəli.
- Müştərini də itirməyəsiniz.
- Bəli, müştəri də yerində qalsın, münasibətimiz də pozulmasın. Çünki siz təsəvvür eləyin, müştəri 10 ildir bankla işləyir, indiyədək problemi olmayıb. Hal-hazırda müəyyən bir problemi çıxır və ona bir dəfə kömək lazım olur. Belə vəziyyətdə ona mütləq kömək etməliyik.
- Bu sahədə, yəni kredit məhsulları baxımından sizdə hansı yeniliklər gözlənilir?
- Yaxın gələcəkdə əsas planımız mövcud, indi olan məhsulları rəqəmsallaşdırmaq. Yəni müştərilər nəinki kreditin sifariş edilməsi, hətta kreditin alınma prosesini məsafədən apara bilsinlər.
- Yəni ümumiyyətlə banka gəlmədən kredit götürsünlər.
- Bəli, ümumiyyətlə banka gəlmədən kredit götürə bilsinlər. Amma əlavə olaraq, təbii ki, sahibkarlara dəstək olmaq üçün biz mütəmadi olaraq kampaniyalar keçiririk və keçirəcəyik də. Kampaniyalarda kifayət qədər, bir neçə xidmətlərdə güzəştlər də öz əksini tapır.
- Təşəkkür edirik sizə, müsahibəyə və sahibkarlar üçün faydalı məlumatlara görə.