Azərbaycanın aparıcı və aktiv banklarından olan «Bank of Baku» 2021-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri 20%-dən çox artaraq 48,3 milyon manat təşkil edib. Bunun böyük hissəsi 46,3 milyon manat kreditlər üzrə əldə edilən faizlərin payına düşür. Bu əvvəlki illə müqayisədə 8,5 milyon manat və ya 23% artıqdır. Bu il «Bank of Baku» qiymətli kağızlardan 1,8 milyon manat əldə edib ki, bu da 20% artım deməkdir.
Bu dövrdə bankın faiz xərcləri isə 600 min manat və ya 6,7% artaraq 9 milyon 532 min manat təşkil edib. Faiz xərci böyük hissəsi – 9 milyon manat depozitlərə görə ödənilən faizlərin payına düşüb. Təqribən yarım milyon manat isə «Bank of Baku»nun başqa banklardan cəlb etdiyi kreditlərə görə faiz kimi ödənilib.
Nəticədə Bankın xalis faiz gəliri 38,7 milyon manat olub. Bu ötənilki göstəricidən (31,2 milyon manat) 24% artıqdır.
Bu dövrdə «Bank of Baku»nun qeyri-faiz gəlirləri 7 milyon 373 min manat təşkil edib. Haqq və komissiyalardan gəlirlər 26% artaraq 7,7 milyon manatı keçib. Amma valyuta əməliyyatlarında bank 351 min zərər edib.
İlk 9 ayda Bankın qeyri-faiz xərcləri 3 milyon manat və ya təqribən 11% artaraq 30,7 milyon manat olub. Bu vəsaitin yarıdan çoxu – 15,5 milyon manat əmək haqlarına gedib – 2 milyon manatdan çox artım. İnzibati xərclər demək olar ki, dəyişməyərək 2,7 milyon manat olub.
«Bank of Baku» ilk 9 ayı 15 milyon 343 min manat əməliyyat mənfəəti ilə başa vurub. Ötən il bu göstərici 11 milyon manat idi.
Bankın kredit portfelinin vəziyyəti ona vaxtilə ayırdığı ehtiyatları mənfəətinə qatmağa imkan verib – 6,8 milyon manat. 5,3 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə bank 3-cü rübü 16,8 milyon manat xalis mənfəətlə başa vurub. Bu ötən illə myqayisədə 8,2 milyon manat və ya təqribən 2 dəfə artıqdır.
2021-ci ilin 9 ayınba bank maliyyə vəziyyətini möhkəmləndirib aktivlərini və kapitalın artırıb.
«Bank of Baku»nun balans hesabatına əsasən ilk 9 ayda bankın aktivləri təqribən 20% artaraq 409 milyon manatdan 494 milyon manata yüksəlib. Kredit portfeli 80 milyon manatdan çox artaraq 337 milyon manatdan 409 milyon manata yüksəlib.
Xalis kreditlər isə 312 milyon manat olub. Kedit portfelinin böyük hissəsi istehlak kreditlərinin payına düşüb – 22% artımla 280,6 milyon manat. Biznes kreditləri 18% artaraq 112,3 milyon manat olub. İpoteka kreditlərində isə 25% artım olub – 16,7 milyon manat.
Qeyd edək ki, «Bank of Baku» aktivlərindən ən səmərəli istifad edən banklardan biridir – qiymətli kağızlara yatırımlar kredit portfelindən 10 dəfə azdır.
Bu dövrdə bankın depozit portfeli 44 milyon manat artaraq 237,8 milyon manat, əmənatlər isə 40 milyon manat artaraq 211,8 milyon manat olub.
Əvəzində bank hesabat dövründə kapitalını 18 milyon manat və ya 23% artıraraq 94 milyonu keçib.