Azərbaycanın aparıcı banklarından və pərakəndə kredit bazarının aktiv iştirakçılarından olan «Bank of Baku» ASC 2022-ci ilin 3-cü rübünü olduqca yaxşı nəticələrlə başa vurub.
FED.az xəbər verir ki, 3-cü rübün sonuna bankın faiz gəlirləri kəskin artaraq 71 milyon 323 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 23 milyon manat və ya 48% yüksəlib.
Bu dövrdə bankın kredit portfeli üzrə faiz gəlirləri də 23 milyon manat 46 milyon manatdan 70 milyon manata yaxınlaşıb.
Qiymətli kağızlardan gəlirlər isə təqribən ötənilki 1,8 milyon manatdan 1,5 milyon manata enib.
3-cü rübün sonuna bankın faiz xərcləri 15,4 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 6 milyon manat və ya 61% artıqdır.
Hesabat dövründə «Bank of Baku»nun bankdakı əmanətlər üzrə ödədiyi faizlər 5 milyon manat artaraq 14 milyon manatı keçib.
Nəticədə 3-cü rübün sonuna bankın xalis faiz gəliri 56 milyon manat yaxınlaşıb – ötən il isə bu göstərici 38,7 milyon manat olmuşdu – artım 44,4% təşkil edib.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri isə 18% artaraq 7,3 milyon manatdan 8,7 milyon manata yüksəlib. Bunun 8,1 milyon manata yaxın hissəsi komissiya haqları üzrə gəlirlər, 600 min manat isə xarici valyuta əməliyyatlarından daxil olub.
«Bank of Baku»nun qeyri-faiz xərcləri isə 8 milyon manat artaarq 38,3 milyon manata yüksəlib. Bankda təkcə əməkhaqqı fondu 4 milyon manat artıraq 19,6 milyon manat olub.
Nəticədə bank 3-cü rübü 26 milyon 335 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu ötən ilki göstəricidən 11 milyon manat artıqdır.
Bundan başqa, dövründə sonunda «Bank of Baku»nun əvvəlki dövrlərdə ehtiyatlar üçün ayırdığı məbləğlərdən də 11,8 miyon manat geri çəkilib. Nəticədə vergidən əvvəlki xalis mənfəət 38,2 milyon manat olub. 7,4 milyon manat mənfəət vergisi ödənişindən sonra «Bank of Baku»nun xalis mənfəəti 30 milyon 775 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 83% artıqdır.
3-cü rübün sonuna bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 31%-dən çox artaraq 497 milyon manatdan 654 milyon manata yüksəlib – 157 milyon manat artım.
Artımın böyük hissəsi – 118 milyon manatı kredit portfelinin hesabınadır – bu dövrdə «Bank of Baku»nun kredit portfeli 414 milyon manatdan 532 milyon manat yüksəlib.
Bu dövrdə bankın istehlak kreditləri 83 milyon manat, biznes kreditləri 30 milyon manat, ipoteka kreditləri isə 5 milyon manatdan çox artıb.
«Bank of Baku» kreditləri artırmaq üçün nağd vəsaitlərini də (86 milyon manatdan 46 milyon manata), qiymətli kağızlara sərmayəsini də (38 milyon manatdan 24 milyon manata) kəskin azaldıb. Əvəzində ilk dəfə olaraq «Bank of Baku»nun başqa banklarda depozitləri yerləşdirilib – 34 milyon manat.
Hesabat dövründə bankın öhdəlikləri 134 milyon manat artaraq 403 milyon manatdan 537 milyon manata yüksəlib.
Depozit portfeli 81 milyon manat artaraq 328 milyon manata yüksəlib. Artım həm fiziki şəxslərin əmanətlərində (221 milyon manatdan 297 milyon manata), həm də hüquqi şəxslərin depozitlərində (25 milyon manatdan 32 milyon manata) baş verib.
«Bank of Baku» başqa maliyyə qurumları qarşısında öhdəliklərini də təqribən 50 milyon manat artıraraq 54 milyondan 105 milyon manata yüksəldib.
Nəhayət, bankın kapitalında ciddi artım baş verib – ilin əvvəlindən olan dövrdə kapital 22 milyon manat artaraq 94,4 milyon manatdan 116,4 milyon manata yüksəlib.