Problemli kreditlərin həlli ilə bağlı prezident İlham Əliyevin fərmanından sonra indiyədək banklarla müştərilər arasında mübahisə mövzusu olan kreditlərin böyük hissəsi həllini tapıb. Həm banklar, həm də müştərilər bu yükdən azad olublar. Amma büdcədən 1 milyard manatdan artıq vəsaitə başa gələn bu aksiyadan sonra da banklar və müştərilər arasında mübahisə mövzuları qalır.
FED.az xəbər verir ki, bir qədər əvvəl sosial şəbəkələrdə bankların çox kiçik məbləğdə – bir neçə manatlıq kredit qalığına görə müştəriləri narahat etməsi barədə məlumatar yayılıb. Bəzi istifadəçilər isə hətta bir neçə qəpik üçün bankların müştərilərə zəng edib pullarını istədiyini bildirirlər. Konkreit məbləğ də səsləndirilir – 28 qəpik.
Əlbəttə, kiçikliyindən asılı olmayaraq bütün borclar bağlanmalıdır. Atalar sözündə deyildiyi kimi «Hörmət batmanla, hesab qramla» - yəni qəpiklə olmalıdır. Amma belə kiçik məbləğləri toplamaq üçün bankın resurslarını sərf etməyə dəyərmi?
FED.az qeyd edilən mövzu ilə bağlı ölkədə daha çox istehlak krediti verən və əhali ilə geniş kontaktı olan «Unibank» və «Bank of Baku»nun mövqeyini öyrənib.
"UNİBANK": "3 manatdan az olanda zəng etmirik"
«Unibank» FED.az-a verilən məlumata görə, müştərinin gecikməsi və yaxud son ödənişdən sonra qalan borcu 3 manatdan az olduqda, müştəriyə zəng edilmir və müştəri narahat edilmir: « Məbləği 3 manatdan az olan borclar haqda müştərinin mobil nömrəsinə sms göndərilir ki, borcunu tam bağlamadığı haqda məlumatlı olsun. Bank tərəfindən bu məlumatlandırıcı sms ona görə göndərilir ki, qalan xırda borca görə müştərinin kredit tarixçəsi pozulmasın. Çünki borcun ödənilməmiş hissəsi hətta qəpiklər olduqda belə MKR-də müştərinin krediti açıq görsənir və sistemə gecikmələr kimi düşür. Müştəri isə xeyli müddət sonra hansısa bankdan kredit götürmək istəyəndə adı sistemdə gecikməsi olan, borcu tam bağlanmayan müştəri kimi qeyd olunmuş olur» – deyə «Unibank»ın məlumatında deyilir.
"Bank of Baku": "O məbləğə görə məhkəməyə getməyə dəyməz"
«Bank of Baku»dan FED.az-a verilən məlumata görə, müştərinin bank qarşısında olan hər hansı bir öhdəliyi məbləğdən asılı olmayaraq borc sayılır. Amma adətən belə kiçik məbləğli borclar, müştərilərin ödəniş qrafiki üzrə təyin edilən zaman yox, ödənişləri bir neçə gün sonra etməsi, bayram günləri və ya həftə sonları qeyri-iş günlərində ödəniş etməsi zamanı gündəlik faiz fərqlərindən yaranır. Amma bank məhkəmə xərclərini nəzərə alaraq hər kiçik məbləğə görə müştərii ilə məhkəmyə çəkişməsinə getmək istəmir: «Ümumi daxili qayda olaraq müştəri ilə bağlı məhkəmə müraciətləri zamanı bank məhkəmə xərcləri və digər faktorları nəzərə alaraq ən optimal variantı seçərək işləri məhkəməyə göndərmir ki, bu səbəbdən bu tipli işlərlə bağlı məhkəməyə müraciət olunması halına rast gəlinmir. Xırda borcu olan müştərilərə adətən kredit üzrə qalıq qaldıqda sistem üzərindən sms göndərilir daha sonra təqib xarakterli yox məlumat xarakterli zənglər olunuraq müştəriyə ətraflı məlumat verilir və ödənişi etməsi tövsiyyə olunur. Məbləğ baxımından çox da böyük olmasa da, bu xırda borclar AKB-nın reyetserində qalır və müştəriyə gecikmə kimi hesablanaraq müştərinin banklar qarşısındaki kredit tarixçəsini korlayır. Gələcəkdə müştəri kredit əldə etmək istəyərkən bunun müştəri üçün tarixçə baxımından problem olacağı müştəriyə izah olunur».
"Krediti ödəyib bitirdikdən sonra arayış almaq tövsiyə olunur"
Azərbaycan Kredit Bürosunun icraçı Elçin Həbibov FED.az-a bildirir ki, bankların kiçik məbləğlə kredit qalıqlarına münasibətləri fərqlidir: «Bəzi banklar müştərinin borcunu qəpiyinə kimi bağlayana qədər öz uçotlarında aparırlar və ödəniş etməyəndə sistem avtomotaik olaraq ona geçikmə hesablayır. Bəzi banklar isə müəyyən məbləğdən aşağı qalanda borcu bağlayırlar. Bu bankın yanaşmasından asılı olaraq dəyişir. Arzuolunandır ki, müştəri bankda kreditini bağlayandan sonra bu barədə arayış alsın» – deyə AKB rəhbəri bildirir.
Büro rəhbəri bildirir ki, adətən banklar kiçik həcmli – bir neçə manatla ölçülən borclara görə vətəndaşı məhkəməyə vermirlər. Çünki belə prosesə daha böyük xərc tələb olunur, məhkəmə xərcləri və sair.
Amma bankların yanaşmasından asılı olmayaraq kiçik məbləğdə unudulan və ya diqqət yetirilməyən borclar vətəndaşın kredit tarixçəsini korlayır.
«Kredit tarixcəsinə baxılanda müştərinin borcunun qalıb-qalmadığı görünür, asılı olmayaraq ki, bu neçə manatdır və ya neçə qəpikdir. Deməli, hətta qəpiklə olan borclar da tarixçəni korlaya bilər. Məsələn, müştəri ayın 15-də ödəniş etməlidir, amma ödənişi hər ay 1-2 gün gecikdirərək ayın 16-sı və ya 17-si edir. Bu zaman gecikdirilən hər günə görə müəyyən borc faizi gəlir. Bu həm də bankdan asılıdır – yəni əgər bank hər hansı tolerantlıq (yəni ödənişin 1-2 gün gecikməsinə görə, faiz hesablanmırsa) tətbiq edirsə, borc hesablanmayacaq. Amma əgər bank kredit öənişinin vaxtından əlavə bir iki gün verməyibsə o zaman sistem hesablayarkən gecikmə hesablaya bilər və bu müştərinin kredit tarixçəsində yer alır» – deyə Elçin Həbibov bildirib.
Ekspertin sözlərinə görə, bəzən vətəndaşların diqqət yetirmədiyi məqamlarda özlərinin də xəbəri olmadan uzunmüddətli gecikmə baş verir: «Məsələn, kredit ödənişi, tutaq ki, 500 manat, ayın 15-də ödənməlidir. Müştəri ödənişi 1-2 gün ləngidəndə ona kiçik məbləğdə də olsa faiz hesablanır. İki gündən sonra ödəniş ediləndə – tutaq ki, 500 manat. Artıq bu məbləğ tamamilə ödənişə silinmir, onun bir neçə manatı, məsələn 5 manat, həmin 1-2 gün ərzində toplanan faizlərin ödənişinə silinir. Yerdə qalan məsələn 495 manat isə ödəniş üçün kifayət etmir, növbəti ödəniş isə bir aydan sonradır. Nəticədə elə alınır ki, həmin ay üzrə tam ödəniş edilməyib. Buna görə də müştərinin xəbəri olmadan uzunmüddətli gecikmə baş verir».