Banklar siyasətlərini dəyişiblər. FED.az Mərkəzi Bankın təqdim etdiyi rəqəmləri mütəxəssislərlə birlikdə təhlil edərək, məlumat verir ki, banklar xarici öhdəliklərini (borclarını) tez bir zamanda bağlamağa çalışırlar.
Xarici maliyyə mənbələri ucuz olsa da yeni vəsaitlər cəlb etməyə isə əvvəlki kimi həvəsli deyillər. Bu isə ölkədə iqtisadi aktivliyin aşağı düşməsinə, real sektora kredit qoyuluşu ilə bağlı aktivliyin az olmasına işarədir.
Bank üzrə tanınmış mütəxəssis Elman Sadıqovun tövsiyyəsi ilə “Analitik Balans”ın “Öhdəliklər” hissəsinə yanaşmanı yenilədik. Beləki, analiz 2015-ci ilin fevral devalvasiyasından başlamalıdır. E.Sadıqov bildirir ki, həmin vaxt manatın devalvasiyası nəticəsində Azərbaycanın xarici valyutada olan öhdəlikləri manat ekvivalentində kəskin artdı. 2016-cı ilin əvvəlində artıq Mərkəzi Bankın kursu 1,95-ə qalxmışdı. Öhdəliklər 8 milyard 386 milyon manata yüksəlmişdi. 2016-cı ilin növbəti aylarında isə görülən tədbirlər nəticəsində kurs 1,70-ə düşdü və dərhal xarici öhdəliklərin həcmi 1 milyard manatdan çox azaldı. 2017-ci ilin yanvarında isə öhdəliklər yenidən 800 milyon manat artır. Bu isə Azərbaycanın beynəlxalq maliyyə qurumlarından kredit götürməsi ilə bağlıdır ki, əlavə xarici öhdəlik yaratdı.
2017-ci il ərzində kursun sabitləşməsi yenidən öhdəlikləri azaltdı və sentyabr ayında Beynəlxalq Bank ilə bağlı 3 milyard 722 milyon manatlıq xarici öhdəliyin ödənilməsi ilə artıq 10-cu ayda öhdəliklərdə yeni mənzərə yarandı. Buna görə də hətta analitiklər balansı “Beynəlxalq Bankdan” əvvəl və “Beynəlxalq Bankdan sonra” kimi iki hissəyə bölürlər. Son statiktikaya görə isə öhdəliklər 2 milyard 500 milyona düşüb.
Bu o deməkdir ki, 2014-cü ilin yekununda kurs 0,7850 ətrafında olanda Azərbaycan banklarının 5 milyarda yaxın xarici öhdəlikləri olub. Bəs, dolların kursu nə qədər qalxıb? Ən azından dolların məzənnəsi 120 faiz bahalaşıb və 1,7001 olub. Dolların 120 faiz qalxmasına baxmayarq, öhdəliklər isə 2 dəfəyə yaxın azalıb. Amma dərindən analiz etsək görərik ki, öhdəliklər manat ekvivalentində 2 dəfə deyil, faktiki olaraq dollarla ən azı 4,3 dəfə azalıb. Çünki əgər 4,9 milyardı 0,7850 məzənnəsi ilə hesablasaydıq bu 6,3 milyard dollar edirdi. İndiki kursla isə 2 milyard 500 milyon manatlıq öhdəlik 1.47 milyard dollar deməkdir. Yəni, Azərbaycan banklarının öhdəlikləri 6,3 milyard dollardan 1,47 milyard dollara düşüb. Başqa sözlə, dollar ekvivalentində Azərbaycan banklarının xarici öhdəlikləri 4,3 dəfə azalıb.
Doğrudur, azalmada Beynəlxalq Bankın 3,7 milyard manatlıq sağlamlaşdırma tədbirləri də öz rolunu oynamışdır, lakin əgər bu tədbirləri də nəzərə almasaq belə, digər bankların öhdəliklərində 2,8 dəfə azalma var.
“Banklar son iki ildə kreditləri yığıblar, aktivlərində nağd vəsaitləri toplamaqla məşğul olublar, əvvəlki illərlə müqayisədə demək olar ki, kreditlər də verməyiblər. Bu vəsaitlər isə xarici öhdəliklərin bağlanmasına yönəldilib. Əlbəttə, gələcəkdə kurs fərqi üzrə risklərin yumşaldılması və xarici valyutada borclanmanın azaldılması baxımından bu müsbət amildir, ancaq mənfi təfərləri də az deyil”, deyən E.Sadıqov fikrini bəzi arqumentlərlə əsaslandırdı.
Mütəxəssis hesab edir ki, öhdəliklərin azalması ilə bankların xarici riskləri minimallaşsa da, bu, həm də maliyələşmə mənbələrinin daraldığını göstərir. Başqa sözlə, bankların passivləri azalır və real sektorun maliyələşməsi imkanları məhdudlaşır: “Bank sektorunun çəkisi ölkə iqtisadiyyatına nisbətdə çox kiçikdir. Ona görə də iqtisadiyyatı öz arxasınca çəkə bilmədi. Üstəlik, real sektor hesabatlılıqda və hesabatlılığın təkmilləşdirilməsində geri qaldığı üçün bank sektorunu yenə də yaxın gələcəkdə böhrana sala bilər. Çünki kreditin verilməsində əsas keyfiyyət amili və risklərin ölçülmə səviyyəsi həm də hesabatlığın mükəmməllik səviyyəsindən asılıdır. Hər iki sahə paralel inkişaf etməlidir”.
Balansa yanaşma belədir: Beynəlxalq Bankdan “Əvvəl” və “Sonra”
09:51
25 Yan 2018