Azərbaycanın bank sektorunda baş verən enişlər eynilə sığorta sektorunda da izlənir. Çünki sığorta şirkətlərinin əksəriyyətinin səhmdarları banklardır. Bu il sığorta ili olsa da sığortada müsbət dəyişikliklərin olduğunu demək çətindir, əksinə bu sektorda çalışanların sayı getdikcə azalır.
Sığorta mədəniyyətinin aşağı olduğu Azərbaycanda bu sektor yardımçı sahə kimi hələki güclə irəli dartılır. Ötən 2 ildə ölkədə 6 sığorta şirkətinin fəaliyyəti dayandırılıb. Yeni sığorta şirkəti isə yaranmayıb. Halbuki, bu sahədə nizamnamə kapitalı da elə də güclü deyil: 10 milyon manat. Bağlanmanın əsas səbəblərindən biri sığorta şirkətlərinin maliyyə dayaqlarının dayanıqlı olmaması və toplanan sığorta yığımlarının investisiya kimi yatırılmasında effektivliyin aşağı düşməsidir. Nəticədə isə əsas səhmdar funksiyasında çıxış edən banklar axsayan kimi ilk zərbədə sığorta şirkəti sıradan çıxır.
Bəs, sığorta şirkətlərinin ümumi dövriyyəsi nə qədərdir? Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı rəsmi statistikaya görə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 462 milyon 653 min manat sığorta haqqı toplanıb. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 204 milyon 637 min manat olub. Bu o deməkdir ki, bu ilin 10 ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44 manatı sığorta ödənişinə xərclənib. Sığorta şirkətlərinin ixtiyarında isə 258 milyon manat qalıb.
Maliyyə dayaqları niyə sağlam deyil, sualına cavab tapmaq isə elə də çətin olmadı. Bunun üçün bağlanan sığorta şirkətlərininv arxasında dayanan maliyyə mənbələrinə nəzər salsaq kifayətdir. Məsələn, hazırda ləğvetmədə olan Alfa Sığorta – TexnikaBanka məxsus idi. Başak İnam Sığorta şirkətinin sahibi isə lisenziyası alınmış Zaminbankdır. Beynəlxalq Sığorta Şirkətinin sıradan çıxmasına səbəb Beynəlxalq Bankın çökməsi oldu. Hökumət sistem əhəmiyyətinə görə bankı vəziyyətdən çıxartmağa qərar versə də elə ilk addımda Beynəlxalq Sığortanın lisenziyasını ləğv etdi. Buta Sığorta şirkəti isə Bank of Bakunun maliyyə dayaqlarına arxalanırdı və bu bankda baş verən problemlər sığortanın fəaliyyətinə son qoydu. Qarant Sığorta isə Bank of Azərbaycana bağlı idi və çökmə prosesi zəncirvari olaraq baş verdi.
Beləliklə, 2017-ci Sığorta İlində sığorta şirkətlərinin maliyyə dayaqları nə qədər sağlamdır, yığdıqları vəsaiti diversifikasiya edirlərmi, sualımıza Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasını təqdim edirik.
Maraqlı əsas məqamlar bunlardır: sığorta şirkətləri vəsaitlərini nədə saxlayırlar: bank, qiymətli kağızlar, digərşirkətlər. Onların topladıqları vəsaitlərin likvid olması üçün diversifikasiyası nə qədər effektiv həyata keçirilib?
Cavab: Sığorta Bazarında aparılan diaqnostika nəticəsində sığortaçıların sığorta ehtiyyatlarını və məcmu kapitalı təmin edən aktivlərinin investisiya diversifikasiya normalarına uyğun olaraq maliyyə bazarlarının mümkün bütün alətlərindən istifadə edilməklə diversifikasiya olunduğu müəyyən edilmişdir. Hazırda, sığortaçıların toplam aktivləri 1 mlrd. manat təşkil edir. Bu vəsaitin 455 mln. manatı banklarda olan hesablara, 141 mln. manatı dövlət qiymətli kağızlarına, 92 mln. manatı korporativ qiymətli kağızlara, 41mln. manatı daşınmaz əmlaka, 292 mln. manatı isə digər alətlərə investisiya edilmişdir. Ötən illərlə müqayisədə sığorta bazarında aktivlərin diversifikasiyalaşdırılmasında müsbət trendlər müşahidə edilmişdir. Beləki, aktivlərin bank hesablarındakı pul vəsaitlərində olan yüksək konsentrasiyası azalmış digər investisiya alətlərinin payı isə artmışdır. Cari ilin əvvəli ilə müqayisədə hazırda banklarda olan aktivlərin həcmi 15 % azalmışdır. Bunun əvəzində dövlət qiymətli kağızlarında olan aktivlərin həcmi 23%, korporativ qiymətli kağızlarında olan aktivlərin həcmi 14%, daşınmaz əmlakda olan aktivlərin həcmi 2.5%, digər alətlərdə olan aktivlərin həcmi isə 5% artmışdır.
İnsider©
Bağlanan banklar sığorta şirkətlərini də "ardınca aparır": ARAŞDIRMA
14:14
26 Dek 2017