Xəbər verildiyi kimi, Nazirlər Kabineti bağlanan 4 bankdakı bəzi əmanətlərin probleminin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
FED.az xatırladır ki, söhbət həmin bankların qanunsuz qəbul etdiyi, və qanuna görə, əslində qorunmayan əmanətlərdən gedir. Sadəcə bu pozuntular banklar tərəfindən baş verdiyinə və bundan əmanətçilərin xəbəri olmadığına görə, həmin əmanətlərin də qaytarılması nəzərdə tutulur. Sadəcə bunun üçün Konstitusiya Məhkəməsinin müvafiq qərarı (sadə şəkildə desək, icazəsi) tələb olunur.
Bu barədə məlumat verərkən, Mərkəzi Bank bağlanan banklarda baş verən pozuntuların bir qismini də açıqlayıb.
Açıqlamada deyilir ki, bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə Mərkəzi Bank və ƏSFbanklar tərəfindən əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdikləri aşkar edilib.
«NBC Bank» qadağanı düz iki dəfə pozub
Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatası 28 dekabr 2018-ci il tarixində NBC banka əmanət qadağası qoysa da, bank bu qadağanı pozaraq əmanət qəbulunu davam etdirib. Yalnız Mərkəzi Bank banklara nəzarəti bərpa edəndən sonra aşkar edilib ki, «NBC Bank» ASC tərəfindən qorunan əmanətlərin həcmi əhəiyyətli dərəcədə artıb.
Bununla əlaqədar, olaraq Mərkəzi Bank artıq ikinci dəfə 27 yanvar 2020-ci il tarixində banka fiziki şəxslərdən depozitlərin qəbulunun tam dayandırılmasını qadağan edib. Lakin, «NBC Bank» bu dəfə də qadağanı pozaraq və əmanət qəbulunu qadağan edib. Eyni zamanda Mərkəzi Banka, eləcə də ƏSF-yə bilərəkdən yanlış hesabat verib. Bütün bunlar NBC banka müvəqqəti inzibatçı təyin olunandan sonra ortaya çıxıb. Mərkəzi Bank etiraf edir ki, «NBC bankın» lisenziyasının geri çağırılması zamanı kapital yetərsizliyi və digər amillərlə yanaşı məhz bu amil də əsas götürülüb. Yəni NBC bank təkcə kapital çatışmazlığının deyil, həm də intizamsızlığının qurbanı olub.
«Atabank» da əmanəti qanunsuz qəbul edib
«Ata Bank» da əmanət qadağasını pozub. Mərkəzi Bank bildirir ki, bu bankda fiziki şəxslərdən müddətli depozitlərin qəbulu 2019-cu ilin 23 iyul – 12 sentyabr tarixləri arasında qadağan edilib. Amma bankın ləğveidilməsi prosesində ƏSF tərəfindən müəyyən olunub ki, Bank pozuntuya yol verilərək həmin dövrdə müddətli əmanət qəbul edib.
«AG Bank» əmanət götürmək üçün müqavilələri dəyişdirirmiş
«AG Bank» ASC-də isə pozuntular daha uzunmüddətli olub. Bu bankın əmanət qəbuluna hələ 2017-ci ildə qadağa qoyulub. 10 oktyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası «AG Bank» ASC-yə fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımının məhdudlaşdırılması ilə bağlı qadağa qoyub.
Maliyyə bazarlarına nəzarət Mərkəzi Banka keçdikdə də qorunan əmanətlərın həcmi müəyyən edilmiş limitdən aşağı olub. Yəni əmanətlərin ümumi həcmi artmadığına görə, bankın bu tələbə əməl etdiyi güman edilib.
Yalnız bank bağlanandan sonra, Əmanətlərin Sığortalanması Fondu buradakı əmanətlərin reyestrini qəbul edib kompensasiyaların ödənilməsinə başlamaq üçün fərdi müqavilələri təhlil edəndə məlum olub ki, «AG Bank» ASC bağlanmış faizli tələbli müqavilələr əvəzinə, müddətli müqavilələr qəbul edib. Və həmin əmanətlərə blok qoyulub. Bu da faktiki olaraq bank tərəfindən təqdim olunmuş hesabatlığın təhrif olunması anlamına gəlir.
Başqa sözlə, «AG Bank» öz hesabatlarında qadağa dövründə müddətli əmanət qəbul etmədiyini göstərsə də, bu dövr ərzində faizli tələbli əmanət adı ilə rəsmiləşdirilərək qəbul olunmuş əmanətlər üzrə müqavilələrdə vəsaitlərin müəyyən edilmiş müddətdən əvvəl hesabdan məxaric edilməsi zamanı, həmçinin əmanətin müəyyən olunmuş məbləğdən aşağı düşdüyü hallarda hesablanmış faizlərin ödənilməməsi barədə şərt nəzərdə tutulub.
Bu səbəbdən də həmin müqavilələr hüquqi baxımından müddətli əmanət kimi təsnifləşdirilib və qanunvericiliyə uyğun olaraq kompensasiya ödənişi dayandırılıb.
Amma bu pozuntular nəticəsində yaranan vəziyyətdə əmanətçilər günahkar olmadığına görə, onların vəsaitlərinin qaytarılması üçün Hökumət Konstitusiya Məhkəməsinə müraciət edib. Və həmin pulların da qaytarılması nəzərdə tutulur.