Azərbaycanda son günər 4 bankın müflis elan edilərək lisenziyalarının ləğv edilməsi və bağlanması təkcə bank sektorunu deyil, bu banklarda vəsaitləri olanlarında işlərində problem yaratmağa başlayıb.
FED.az xəbər verir ki, söhbət təkcə bankda əmanəti olanlardan deyil, burada hesabı olan şirkət və fiziki şəxslərdən, eləcə də bankın borclu olduğu digər şəxslərdən gedir.
Eləcə də bax: “Atabank” və “Amrahbank”dakı əmanətlərin – NECƏ QAYTARILACAĞI AÇIQLANDI
Qeyd edək ki, qanunvericiliyə əsasən bank müflis elan edildikdən sonra onun ləğvedilmə prosesi başlayır, ləğvedici bankın aktivlərini sataraq öhdəliklərini yerinə yetirir, yəni borclarını və burada qalan pulları qaytarır.
Bəs bağlanan bankın əmlakı və pulları necə bölünür?
FED.az xəbər verir ki, bu məsələ «Banklar haqqında» qanunda əksini tapıb. Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquqi məsələlər üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev FED.az-a bildirib ki, “Banklar haqqında” qanunda bağlanan bankların əmanətçilərinə, bankda pay sahibi olanlara vəsaitin qaytarılması üzrə növbəlilik prinsipi müəyyənləşdirilib. Növbəlilik üzrə birinci daxil olan vəsaitlər Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) reqress hüququ üzrə tələblərin bağlanmasına yönələcək: «Məsələn, tutaq ki, Əmanətlərin Sığortalanması Fondu “A” bankında əmanətçilərin pullarını ödəməyə 300 milyon pul xərcləyəcək. Bundan sonra Fond bankın nə aktivləri varsa, yəni onun satışından, mövcud kreditlər üzrə daxilolmalardan ilk növbədə pulu həmin borcların bağlanmasına xərcləyəcək». Yeri gəlmişkən, bağlanan 4 bankda 680 milyon manat qorunan əmanətin qaldığı bildirilir.
İkinci növbədə vəsaitlər bankın ləğvedicisinin və onun işçilərinin xərclərinin bağlanmasına sərf olunacaq. Yəni ikinci növbədə də vəsaitlər Əmanətlərin Sığortalanması Fonduna çatacaq. Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, buna ləğvetmə üçün çəkilən xərclər – işçilərin maaşı, dəftərxana, nəqliyyat, məhkəmə və sair xərclər aiddir.
Sonrakı növbə bank işçilərinindir – bankda işlədiyi müddətdə xəsarət alan və ya həyatını itirən işçilərin özü və ailəsinə kompensasiya verilir.
Daha sonra bankda çalışan işçilərin maaş və keçmiş işçilərin müavinətləri ödəniləcək,
Bundan sonra müvəqqəti inzabatçının xərcləri, o cümlədən bankın sağlamlaşdırılması üçün çəkilən xərclər ödənilir. Daha sonra isə bankın məcburi ödənişləri, məsələn vergi və DSMF borcları qaytarılır
Bütün bunlardan sonra növbə, nəhayət, təminatsız kreditorlara çatır. Bankda pulu qalan sahibkarlar bu qrupdadır.
Qanunda nəzərdə tutulan qaydaya görə, növbəlilik üzrə tələblər tam icra edilməlidir, yəni bir növbəlilik üzrə ödənişlər icra olunmasa, digər növbəli kreditora keçid baş vermir.
Qorxmaz Ağayev bildirir ki, bankın girov (ipoteka) saxlayan təminatlı kreditorlarına vəsaitlər növbədənkənar qaytarılacaq: «Məsələn, kimsə banka kredit verib əvəzində bankın hansısa əmlakını girov qoyub, onlara vəsaitləri növbədənkənar qaydada ödəniləcək».
Bank qanunvericiliyi üzrə mütəxəssis, tanınmış hüquqşünas Əkrəm Həsənov bildirir ki, bankda pulu olan sahibkarların pulları və fiziki şəxslərin qorunmayan əmanətləri 7-ci növbədə qaytarılır: «Yəni Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bankların əmlaklarının satmalı, kreditlərini yığmalı və əvvəlki 6 növbəni qayarmalıdır ki, bundan sonra növbə burada pulu olan sahibkarlara və qorunmayan əmanətlər çatsın. Yəni bütün əvvəlki ödənişlərdən sonra nəsə qalsa, onların pulu ödəniləcək».
Hüquqşünasın sözlərinə görə, təcrübə göstərir ki, bir qayda olaraq bu növbədə olanlara pul qalmır: «Bir qayda olaraq təcrübə göstərir ki, axırda heç nə qalmır. Bəzi hallarda doğrudan da bankda heç nə qalmır, yəni AMB o banklara elə nəzarət edir ki, bankın doğrudan da axırda heç nəyi qalmır. Bəzən isə Əmanətlətin Sığortalanması Fondunun qeyri-şəffaf fəaliyyəti nəticəsində heç nə qalmır. Bu qurumun – yəni fondun - üzərində heç bir nəzarət yoxdur. Nəyi necə istəyir, kimə istəyir satır, kreditin hansını istəyirsə bağışlayır, axırda da deyir ki, heç nə qalmadı».
Bankın ləğv edildiyi halda pulların heç də hamıya çatmayacağını Qorxmaz Ağayev də təsdiqləyir. Onun sözlərinə görə, müflisləşmə də elə o deməkdir ki, bank öhdəliklərinin hamısını yerin yetirə bilməyəcək: «Qəbul etməliyik ki, bazar iqtisadiyyatında mülkiyyət toxunulmazlığı, müxtəlif qiymətlərin sərbəst müəyyənləşdirilməsi və sair prinsiplərlə yanaşı, müflisləşmə institutu da var. Müflisləşmə institutu onu nəzərdə tutur ki, bu və ya digər təşkilat ödəmə qabiliyyətini itirmə həddinə gəlib çata bilər. Belə olan halda müflisləşmə institutunda kimsə öz pulunu almaya biləcək. Yəni kreditorların sayı çox olduğuna görə, borcların ödənilməsi dövlətin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Kimə pul çatacaqsa, çatacaq. Hətta sonuncu növbədə bankın öz səhmdarlarına pul çatması da qanunda nəzərdə tutulub. Çatmasa, bu məsələ açıq qalacaq, borc ödənilməyəcək».
Qorxmaz Ağayevin fikrincə, belə proseslərdə zərərə düşməmək üçün hər bir şəxs öz müştərisini və ya partnyorunu seçəndə onun maliyyə vəziyyətini aydınlaşdırmalıdır: «Bütün dünyada belə taktika var, təşkilat müflisləşirsə, bu o deməkdir ki, kimsə öz pulunu ala bilməyəcək. Çünki məntiq ondan ibarətdir ki, təşkilat öz öhdəliklərini icra edə bilmir və buna görə, dövlət artıq onu öz qərarı ilə yox, borcları qanunla göstərilən qaydada ödənilməsini deyir. Dünyada bəzi sığorta təşkilatları var ki, kreditorların maraqlarını müflisləşmə risklərindən sığortalayırlar».
Xatırladaq ki, bankların müflisləşməsi zamanı vəsaitlərin hansı növbəliliklə qaytarılaağı «Banklar haqqında» qanunda nəzərdə tutulub. Qanunun 82-ci maddəsində göstərilən siyahıda axırınca yeri səhmdarlara çatan vəsaitlər tutur. Amma bir qayda olaraq bu vəsait onlara qədər tamamilə bitir.
«Banklar haqqında» qanun
M a d d ə 8 2. Ödənişlərin növbəliyi
82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:
1. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
2..iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
3. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
4. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;
5. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
6. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər;
7. təminatsız kreditorların tələbləri.
8. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.