Azərbaycanın ən böyük bankı olan «ABB Bank» 2021-ci ilin 2-ci rübünü böyük mənfəətlə baş vurub.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə ABB bank-ın faiz gəlirləri 215 428 min manat təşkil edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 milyon manat və ya 6,5% artıqdır.
Kredit və qiymətli kağızlardan gəliri artıb
Bankın kreditlərdən əldə etdiyi faiz gəlirləri 26 milyon manat və ya 14% artaraq 136,5 milyon manata yüksəlib.
Qiymətli kağızlardan əldə edilən gəlirlər isə 12 milyon manat və ya 68% artaraq 29,4 milyon manatı keçib.
İlk yarım ildə ABB Bankın faiz xərcləri demək olar ki, dəyişməyərək 51,7 milyon manat təşkil edib. Faiz xərclərinin əsasını - 20,4 milyon manatını depozitlər üzrə faizlərə görə ödənişlər təşkil edib. Bundan başqa ABB ilkyarım ildə özünün buraxdığı qiymətli kağızlar üzrə 28,7 milyon manat faiz ödənişi edib.
Nəticədə 2-ci rübün sonuna bankın xalis faiz gəliri 163 milyon 737 min manat təşkil edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 milyon manat və ya 8,7% artıqdır.
Qeyri-faiz gəlirləri 64% artıb
İlk yarım ildə ABB Bank-ın qeyri-faiz gəlirləri 40 milyon manata yaxın və ya 64,4% artaraq 99 milyon 330 min manata yüksəlib.
Bunun 30,5 milyon manatı haqq və komissiya gəlirləridir. 29,8 milyon manat isə xarici valyuta ilə əməliyyatlardan əldə edilib. ABB Bank digər gəlirlər kimi 41,6 milyon manat gəlir əldə edib.
Əmək haqlarında 50%-ə yaxın artım
ABB-nin qeyri faiz xərcləri isə 98,7 milyon manata yüksəlib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24 milyon manat və ya təqribən 30% artıqdır. Bu dövrdə bankda əmək haqları 50%-ə yaxın artaraq 45,5 milyon manata yüksəlib.
Xalis mənfəət rekord vurdu
Nəticədə bank hesabat dövrünü 164,4 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bu ötən ilin eyni dövründən 29 milyon manat və ya 21,5% artıqdır.
Dövrün sonunda 14 milyon 869 min manat mənfəət vergisi ödənilib. Nəticədə ABB Bank 2-ci rübü 148 milyon 150 min manat xalis mənfəətlə başa vurub. Bu əvvəlki ilin eyni dövründən 29 milyon manat və ya 25% artıqdır.
Aktivlərin həcminə görə ölkənin ən byöük bankıdır
2-ci rübün sonuna bankın aktivləri 8 milyard 856 milyon manat təşkil edib. Bunun 2,1 milyard manatını nağd vəsaitlər, 2,5 milyard manat isə başqa banklarda yerləşdirilən depozitlər təşkil edib.
Kredit portfeli 100 milyon manat böyüyüb
Hesabat dövründə bankın kredit portfeli təqribən 100 milyon manat böyüyərək 2,7 milyard manata çatıb. Kreditlərin bütün növləri üzrə artım qeydə alınıb. İstehlak kreditəri 656 milyon manat (9,3% artım), biznes kreditləri 1 milyard 359 milyon manat (2,7% artım), daşınmaz əmlak kreditləri 686 milyon manat (0,1% artım) təşkil edib.
Xalis kredit portfeli isə 2 milyard 440 milyon manat olub – 3,1% artım.
Depozit portfelində 233 milyon manatlıq artım
Hesabat dövründə ABB Bankın öhdəlikləri təqribən 300 milyon manat və ya 3,4% azalaraq 7 milyard 376 milyon manata enib.
Bu dövrdə bankın depozit portfeli 233 milyon manat və ya 4,2% böyüyərək 5 milyard 782 milyon manatı keçib.
Bankda hüquqi şəxslərin depozitləri 313 milyon manat və ya 7,3% artaraq 4 milyard 573 milyon manata yüksəlib, fiziki şəxslərin əmanətləri isə 1 milyard 209,6 milyon manat olub.
Borclarının yarıdan çoxunu bağlayıb
ABB Bankın öhdəliklərində baş verən azalma bankın özünün buraxdığı qiymətli kağızlar– istiqrazlar üzrə öhdəliklərinin bir hissəsini bağlaması ilə əlaqədardır. 2-ci rübün sonuna bank 852 milyon manat həcmində öhdəliyini bağlayıb. Nəticəjə öhdəliklərin həcmi 1 milyard 621 milyon manatdan 769 milyon manata enib.
Kapitalı 150 milyon manat artıb
Nəhayət, hesabat dövründə bankın kapitalı 150 milyon manatdan çox artaraq 1 milyard 479,6 milyon manat yüksəlib. İlin əvvəlində bankın kapitalında 20,5 milyon manat bölüşdürülməmiş zərər olduğu halda indi bu göstərici 127,6 milyon manat bölüşdürülməmiş mnfəətlə əvəz olunub.