Azərbaycanın bank sektorunun lideri, ölkənin ən byöük bankı olan Azərbaycan Beynəlxalq Bankı 2023-cü ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2-ci rübdə bankın aktivləri artıb, bank ilk yarım illiyi böyük mənfəətlə tamamlayıb. Hesabata əsasən 2023-cü ilin ilk yarısında ABB Bankın faiz gəlirləri 376 milyon manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 122 milyon manat və ya 48% artıqdır.
Eyni zamanda 3 mənbədən pul qazanır
Amma ABB-nin faiz gəlirlərində diqqəti çəkən əsas məqam təkcə onun artım sürəti deyil. Hesabatdan məlum olur ki, bankın menecmenti faiz gəlirlərini maksimum şaxələndirib. Kredit portfelindən gəlirlər ABB-nin faiz gəlirlərinin 212 milyon manatını və ya cəmi 56%-ni təşkil edir. Bankın faiz gəlirlərinin 96 milyon manatı və ya 25%-i banklar və digər maliyyə institutlarındakı depozitlərdən, 62 milyon manat və ya 16% isə qiymətli kağızlara yatırımlardan əldə edilib.
Əvvəlki illə müqayisə edəndə başqa banklardakı depozitlərdən gəlirlər 2,5 dəfə, qiymətli kağızlardan əldə edilən gəlirlər isə 90%, yəni təqribən 2 dəfə artıb. Başqa sözlə ABB-nin faiz gəlirlərinin az qala yarısı kredit portfelindən asılı deyil.
ABB-dəki depozit sahibləri 55 milyon manat qazanıb
Bankın faiz xərclərində isə təqribən 2 dəfəlik artım var – 2022-ci ilin ilk yarısında 35,7 milyon manat faiz xərci olduğu halda 2023-cü ilin eyni dövründə bu xərclər 65 milyon manata yüksəlib – 82% artım.
Bu il ABB-də pul saxlayan əmanət və depozit sahibləri 55,2 milyon manat qazanıblar, bu göstərici ötən il 21 milyon manat idi – 2,6 dəfə artım olub. Daha 9,6 milyon manat isə qiymətli kağızlar üzrə faizlərə ödənilib.
Nəticədə ABB yarım ili 311,5 milyon manat xalis faiz gəliri ilə başa vurub. ABB-nin faiz gəlirləri və xərcləri arasında indiyədək belə böyük fərq olmayıb. Əvvəlki illə müqayisədə artım 93 milyon və ya 42% təşkil edir.
Qeyri-faiz gəlirlərini də artırıb
2023-cü ilin ilk yarısında ABB-nin qeyri faiz gəlirləri də artmaqda davam edib – 92,7 milyon manat və ya əvvəlki illə müqayisədə 11 milyon manat artıq. Bank bu dövrdə təkcə haqq və komissiya gəlirlərindən 60 milyon manat gəlir əldə edib. Bu əvvəlki ildən 15 milyon manat və ya 35% artıqdır.
Bankın qeyri-faiz xərcləri isə 35 milyon manat artaraq 160 milyon manata yaxınqlaşıb – 28% artım var. Bunun 71 milyon manatı əmək haqqı xərcləridir, ABB işçilərə ödənilən məbləği 11 milyon manat artırıb.
164 milyon manat xalis mənfət!
Nəticədə ABB Bank 2023-cü ilin yarım ilini 244,6 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Ehtiyatlara 29,8 milyon manat ayrıldıqdan sonra bankın vergidən əvvəlki mənfəəti 215 milyon manat olub. 50,8 milyon manat mənfəət vergisi ödənişindən sonra isə ABB-nin yarım illik mənfəəti 164 milyon manatdan artıq olub.
Kredit portfeli rekord vurur - 4,2 milyard
2023-cü ilin 2-ci rübündə ABB-nin aktivləri 185 milyon manat artaraq ilk yarım illiyin yekununda 11 milyard 749 milyon manata yüksəlib.
Bankın kredit portfeli rekord vuraraq 4,2 milyard manata yüksəlib – ilin əvvəlindən bəri kredit portfelində 658 milyon manat artım var. ABB-nin kredit portfelində əsas yeri biznes kreditləri tutur – 1 milyard 981 milyon manat. Kredit portfelinin artımının byöük hissəsi də biznes kreditlərinin hesabınadır.
İstehlak kreditləri 1 milyard 160 milyon manat, daşınmaz əmlak kreditləri isə 1 milyard 46 milyon manata çatıb. 2,3 milyard manat qiymətli kağızlara, 2,47 milyard manat isə banklara depozit kimi yatırılıb.
Fiziki şəxslərin əmanətləri 2 milyard manatı keçdi
İlk yarım ilin yekununa görə, ABB-nin depozit portfeli 8 milyard 525 milyon manatdır. İlin əvvəlindən bəri fiziki şəxslərin depozitləri 110 milyon manat artaraq 2 milyard 19 milyon manat olub. Şirkətlərin Bankdakı vəsaiti isə 6,5 milyard manatdır.
Kapitalı 1 milyard dollardan artıqdır
2023-cü ilin ilk yarısında ABB-nin cəmi kapitalı 1 milyard dolları keçərək 1 milyard 786 milyon manata yüksəlib. Bu göstərici ilin əvvəlindən bəri 153 milyon manat artıb. Kapitalda bölüşdürülməmiş mənfəət şəklində 375 milyon manatlıq nəhəng vəsait və ümumi ehtiyatlar kimi 185 milyon manat toplanıb.