Azərbaycanın aktivlərin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2021-ci ilin nəticələrinə görə yüksək mənfəət əldə edib, bir qədər də böyüyüb, xüsusilə də depozit portfelində yüksək artım baş verib.
FED.az bankın 3-cü rübün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir ki, bu dövrdə ABB 323 milyon 735 min manat faiz gəliri əldə edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 milyon manat və ya 7,3% artıqdır.
Qiymətli kağızlardan gəlir 50%-ə yaxın artıb
Faiz gəlirlərinin böyük hissəsi kredit portfeli üzrə əldə edilib – 208 milyon manat və ya ötən ilə nisbətən 28 milyon manat artıq.
3-cü rübün nəticələrinə görə, ABB qiymətli kağızlardan 45 milyon manata yaxın gəlir əldə edib, bu ötən illə nisbətən təqribən 50% artıqdır. Daha 60 milyon manat isə başqa banklarda yerləşdirilən depozitlərdən daxil olub.
Müştərilərinə 30 milyon manat əmanət faizi ödəyib
ABB-nin faiz xərcləri isə 68 milyon 316 min manat təşkil edib. Bank əmanət sahiblərinə ödənilən faizləri 3 milyon manat və ya 10%-dən çox artıraraq 30 milyon manata çatırıb. 34 milyon manat isə Bankın özünün qiymətli kağızları üzrə faiz ödənişlərinə sərf edilib. Nəticədə 9 aylıq dövr üçün ABB-nin xalis faiz gəliri 255 milyon 419 min manat olub. Bu ötən ilin eyni dövründəkindən 29 milyon manat və ya 13% artıqdır.
Qeyri-faiz gəlirləri 44% yüksəlib
2021-ci ildə Beynəlxalq Bankın (ABB) qeyri-faiz gəlirləri daha sürətlə artıb – 40 milyon manatlıq artımdan sonra 129,1 milyon manat təşkil edib – artım 44%. Qeyri-faiz gəlirlərinin 47,6 milyon manatı haqq və komissiya gəlirlərinin, 43,1 milyon manat xarici valyuta ilə əməliyyatların, 42,1 milyon manat isə digər gəlirlərin payına düşüb.
Əmək haqları 40% artıb
Bankın qeyri-faiz xərcləri də 35% və ya 40 milyon manat artaraq 155 milyon manata çatıb. İlk 9 ayda ABB əməkdaşlarına təqribən 69 milyon manat və ya əvvəlki ildən 40% artıq əmək haqqı ödəyib. Başqa sözlə, bu il ABB hər ay 7,7 milyon manat əmək haqqı ödəyib. Ötən il bu məbləğ 5,4 milyon manat olmuşdu.
Bank sektorunda rekord xalıs mənfəət
Nəticədə ABB ilk 9 ayı 229,5 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Təqribən 8 milyon manat mümkün zərərlərin qarşılanması üzrə ehtiyatın yaradılmasına sərf ayrılıb, 24,4 milyon manat isə mənfəət vergisi kimi ödənilib. Nəticədə bank 3-cü rübü 197 milyon 182 min manat xalis mənfəətlə başa vurub. Bu ölkə bankları arasında ən yüksək göstəricidir.
kredit portfeli 2,5 milyardı keçdi
Hesabat dövründə ABB-nin aktivləri təqribən yarım milyard manat artaraq 9 milyard 432 milyon manata yaxınlaşıb. Bankın ümumi kredit portfeli 160 milyon manat artaraq 2 milyard 774 milyon manata, müştərilərə verilən xalis kreditlər isə 143 milyon manat artaraq nəhəng məbləğə - 2 milyard 510 milyon manata çatıb.
Kredit portfelinin ən böyük hissəsi biznes kreditəridir – 1 milyard 363 milyon manat və ya ötən ilə nisbətən 40 milyon manat artıq. Bankın daşınmaz əmlak və istehlak kreditləri də 700 milyon manatı keçib. Bu dövrdə ABB-nin qiymətli kağızlara yatırımları 1 milyard 322 milyon manat yaxınlaşıb.
Şirkətlərin pulları ABB-yə axlb - 5,5 milyard
ABB-nin öhdəlikləri isə 400 milyon manata yaxın artaraq 8 milyard manatı keçib. Depozit portfeli 1,2 milyard manat artaraq 6,75 milyard manatı keçib.
Fiziki şəxslərin bankdakı əmanətləri 1,24 milyard manat, hüquqi şəxslərin depozitləri isə 30% artaraq 5,5 milyard manat olub.
Ötən 9 ay ərzində ABB borc qiymətli kağızları üzrə öhdəliklərini 850 milyon manat yüngülləşdirərək 1,6 milyard manatdan 770 milyon manata endirib.
İlin əvvəlindən indiyədək bankın kapitalı daha 85 milyon manat artaraq 1 milyard 411 milyon manata yüksəlib. Bunun təqribən 50 milyon manatı bölüşdürülməmiş mənfəətdir.