Azərbaycanın bank sisteminin ən böyük oyunçusu, dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı - ABB 2022-ci ilin ilk yarısını böyük mənfəətlə başa vurub.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2-ci rübün sonuna bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon manat və ya 18% artaraq 254 milyon manata yaxınlaşıb.
Kredit portfelindən gəlirlər 28% artıb
Faiz gəlirlərinin 174,4 milyon manatı kredit portfelindən daxil olub. Ötən ilin eyni dövrünə nisbətən bu göstərici 28% artıb.
Bundan başqa, ABB banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə 38 milyon manat faiz gəlirləri əldə edib. Eləcə də ilk yarım ildə Bank qiymətli kağızlardan gəlirlərini 11 faizdən çox artaraq 32,8 milyon manata çatıb.
Xalis faiz gəliri 33% artıb
İlk yarım ildə ABB-nin faiz xərcləri 16 milyon manat və ya 31% azalaraq 35,6 milyon manata enib. Faiz xərclərinin azalması bankın qiymətli kağızlar üzrə ödəmələrinin 2,4 dəfə azalaraq 11,9 milyon manatdan 28,7 milyon manata enməsil ilə bağlıdır. Qiymətli kağızlar üzrə öhdəliklərni azaltması ABB-nin bu kağızlar üzrə xərclərini də aşağı salıb.
Nəticədə bankın xalis faiz gəliri 54 milyon manat və ya 33% artaraq 218,2 milyon manata yüksəlib.
Haqq və komissiya gəlirləri 46% yüksəlib
2022-ci ilin 2-ci rübünün sonunda ABB-nin qeyri-faiz gəlirləri 81,6 milyon manat olub. Bunun 44,5 milyon manatını - bank müştərilərini aktivliyinin göstəricisi olan - haqq və komissiya gəlirləri (46% artıb) təşkil edib. Bu dövrdə bankın xarici valyuta əməliyyatlarından gəliri 54% artaraq 45,8 milyon manata yüksəlib. Bankın digər gəlirləri isə 9 milyon manat ətrafında dəyişib.
Əmək haqqı xərcləri 30%-dən çox artıb
İlk yarım ildə ABB-nin qeyri-faiz xərcləri 26 milyon manat və ya 26% artaraq 124,8 milyon manata yüksəlib. Artımın yarıdan çoxu əmək haqqı xərclərinin payına düşüb (14 milyon manat və ya 31% artım). Digər xərclər isə 8 milyon manat artaraq 42,6 milyon manata yüksəlib.
Yarım ili böyük mənfəətlə tamamlayıb
Nəticədə ilk yarım ilin sonunda ABB-nin əməliyyat mənfəəti 175 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 164 milyon manat olmuşdu.
Bu məbləğdən 35,3 milyon manat mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına yönəldilib.
21,2 milyon maat isə mənfəət vergisi kimi ödənilib. Nəticədə ABB 2-ci rübü 118,4 milyon manat xalis mənfəətlə başa vurub.
Aktivləri rekord vurub – 12 milyard manat
2022-ci ilin ilk yarım ilində ABB-nin aktivləri 600 milyon manat artaraq rekord vurub – 12 milyard 83 milyon manat. Bu dövrdə ABB-nin kredit portfeli 340 milyon manat və ya 11% artaraq 3 milyard 440 milyon manata yüksəlib.
Bütün kreditlərdə artım var
ABB-nin biznes kreditləri 186 milyon manat və ya 11,7% artaraq 1 milyard 773 milyon manata yüksəlib. İstehlak kreditləri 92 milyon manat və ya 11,8% artaraq 870,8 milyon manata yüksəlib. Daşınmaz əmlak kreditləri isə 64 milyon manat artımla 797 milyon manata çatıb.
Digər banklardakı depozitlərdə 6 qat artım
Hesabat dövründə ABB-nin digər banklarda yerləşdirdiyi vəsaitlər 6 dəfəyə yaxın artaraq 472 milyon manatdan 2 milyard 803 milyon manata yüksəlib.
Qiymətli kağızlara yatırımlar 42 milyon manat artaraq 1 milyard 405 milyon manata yüsəlib.
ABB-də əmanətlər və şirkət vəsaitləri kəskin artıb
İlk yarım ildə ABB-nin öhdəlikləri yarım milyard manata yaxın artaraq 10,5 milyard manata yüksəlib. Bu dövrdə bankdakı depozitlər 860 milyon manat artaraq 9 milyard 120 milyon manata yüksəlib. Fiziki şəxslərin bankdakı depozitləri 406 milyon manat artaraq 1 milyard 689,5 milyon manata yüksəlib.
Bankda hüquqi şəxslərin vəsaitləri isə 452 milyon manat artaraq 7 milyard 431 milyon manata yüksəlib.
Borcların qaytarılması və öhdəlik «yük»lərinin azalması dövrü
2022-ci ilin ilk yarım ili ABB-nin yeni tarixində borcların qaytarılması və öhdəlik ballastından azad olma dövrü kimi qalacaq. Belə ki, bu dövrdə ABB, Mərkəzi Bank qarşısındakı öhdəlikləri 36 milyon manat azaldaraq 115 milyon manatdan 79 milyona, borc qiymətli kağızlar üzrə öhdəliklərini isə 159 milyon manat azaldaraq 610 milyon manata endirib. Bankın digər öhdəlikləri isə 409 milyon manat azalaraq 638 milyondan 229 milyon manata enib. Başqa sözlə, ABB ilk yarım ildə depozitdən kənar maddələr üzrə öhdəliklərini 605 milyon manat azaltmağı bacarıb.
Bu proses bankın çevikliyini artırmaqlda yanaşı, faiz xərclərini də azaldıb.
ABB-nin kapitalı 122 milyon manat artıb
İlk yarım ilin nəticəsinə görə, ABB-nin cəmi kapitalı 122 milyon manata yaxın artaraq 1 milyard 559,5 milyon manata yüksəlib. Bunun 1 milyard 225 milyon manatı səhmdar kapitalı, 179,7 milyon manat isə bölüşdürülməmiş mənfəətdir.