Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB 2021-ci ilin ilkin yekunlarını açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə ABB aktivlərinin həcmini rekord həddə çatdırıb, ən əsası bu artımı xalis mənfəətə tranfer edə bilib. İlin nəticələrinə görə, ABB-nin xalis mənfəəti 2020-ci illə müqayisədə 60%-dən çox artıb.
Bank bir ildə 30%-ə yaxın "böyüyüb"
Bankın açıqladığı hesabatlara əsasən, 2021-ci ildə ABB-nin aktivləri 2,5 milyard manat və ya 28%-dən çox artaraq 11 milyard 484 milyon manata yüksəlib. Aktivlərin belə sürətli artımı bankdakı nağd vəsaitlərin hesabına baş verib. 2021-də bankın nağd vəsaitləri 3,9 milyard manat və ya 2,5 dəfə artaraq ilin əvvəlindəki 2,5 milyvrd manatdan 6,4 milyard manata yüksəlib.
Bu dövrdə bankın qiymətli kağızlara yatırdığı vəsaitlər daha 96 milyon manat artaraq 1 milyard 364 milyon manat təşkil edib. Əvəzində ABB digər banklardakı vəsatilərini geri çəkib – bu göstərici 5 dəfədən çox azalaraq 472 milyon manat təşkil edib.
Kredit portfeli rekord vurdu - 3 milyard
Bankın kredit portfeli isə 500 milyon manata yaxın artaraq 3 milyvad manatı keçib.
ABB-nin kredit portfelində ənənəvi olaraq biznes kreditlər üstünlük təşkil edir – 2021-də bu kreditlər 20% artaraq 1 milyard 587 milyon manata yüksəlib. İstehlak kreditləri 778 milyon manat (178 milyon manat artıb), daşınmaz əmlaka ayrılan kreditlər isə 48 milyon manat artaraq 733 milyon manatı keçib.
Nəticədə bankın xalis kredit portfeli yarım milyard manat artaraq 2 milyard 866 milyon manata yüksəlib.
Şirkətlər ABB-yə axışıb - depozitləri 64% yüksəlib
2021-ci ildə ABB-nin öhdəlikləri 2,7 milyard manat, yəni təqribən 50% artaraq 5,5 milyard manatdan 8,2 milyard manata yüksəlib. Öhdəliklərin belə kəskin yüksəlişi bankdakı depozitlərin həcminin artması ilə bağlıdır. İlin yekununa görə bankda fiziki şəxslərin əmanətləri 1 milyard 282 milyon manat təşkil edib. Hüquqi şəxslərin depozitləri isə 64%-ə yaxın artaraq 4,2 milyard manatdan 6,9 milyard manata yüksəlib.
Əvəzində Beynəlxalq Bank 2021-ci ildə borc qiymiətli kağızları ilə bağlı yükünü azaldıb – onların həcmi ikiqat azalaraq 1,6 milyard manatdan 770 milyon manata enib. Son bir ildə bankan kapitalı da 100 milyar manatdan çox artaraq 1 milyard 437 milyon manata yüksəlib.
2021-ci ildəki böyük mənfəət banka imkan verib ki, 2020-ci ilin nəticələrindən qalan bölüşdürülməmiş zərəri mənfəətlə əvəzləsin.
Faiz gəlirləri 30 milyon artıb
Beynəlxalq Bank maliyyə göstəricilərindəki müsbət dəyişiklikləri ehtiyatla mənfəətə çevirə bilib. Bankın açıqladığı maliyyə hesabatına görə, 2021-ci ildə ABB-nin faiz gəlirləri 30 milyon manat və ya 7,5% artaraq 436 milyon manatı keçib. Bunun 286 milyon manatı kredit portfelindən daxil olan faiz gəlirləridir – kredit portfelinin böyüməsi buradan gələn gəlirləri də 18,2% artırıb. Başqa sbzlə, ABB-nin kredit portfelindəki hər 100 manat ona 10 manat gəlir gətirib.
Daha 77 milyon manatı ABB başqa banklardakı depozitlərdən qazanıb. Qiymətli kağızlara yatırımlar isə banka təqribən 60 milyon gəlir gətirib, yeri gəlmişkən, ötən il bu məbləğ 50 milyon manata yaxın olmuşdu. Başqa sözlə, qiymətli kağızlara yatırılan hər 100 manat banka 4,3 manat gətirib.
Bankda əmanəti olanlara 40 milyon manat ödənilib
Bankın faiz xərcləri isə 20 milyon manata yaxın azalaraq 86,6 milyon manata enib. Faiz xərclərinin böyük hissəsini ABB-nin özünün qiymətli kağızları üzrə ödənişlər təşkil edib – təqriğbən 42 milyon manat. Bu ötən illə müqayisədə 20 milyon manat azdır. ABB borc öhdəliklərini azaltdıqca, həmin öhdəlikləri üzrə ödənişləri də aşağı düşür. 39,5 milyon manat isə bankda əmanəti olanlara ödənilib – 4,2% artım var.
Nəticədə 2021-ci ilin nəticələri üzrə bankın xalis faiz gəliri 350 milyon manata çatıb. Bu 2020-ci ilin göstəricisindən 50 milyon manat artıqdır.
2021-ci ildə ABB-nin qeyri faiz gəlirləri 42 milyon manat və ya 34% artaraq 168 milyon manata keçib. Bu sahədə əsas gəlir mənbəyi haqq və komissiya gəlirləri olub – 1 milyon manat artımla təqribən 72 milyon manat. Xarici valyuta ilə əməliyyatlar isə banka 59,4 milyon manat gəlir gətirib. Qeyri-faiz gəlirlərinin kəskin artımı «Digər gəlirlər» hesabına olub - 2,3 milyon manatdan 42 milyon manatadək artım var.
Daha çox əməkhaqqı ödəməyə başlayıb
2021-ci ildə ABB-nin qeyri-faiz xərcləri 15 milyon manat artaraq 240 milyon manata yüksəlib. Bu artım bankda əmək haqqı xərclərinin artımı ilə bağlıdır. 2020-ci ildə bankda əməka haqqı fondu 75,5 milyon manat olduğu halda 2021-də bu rəqəm 98,7 milyon manata yüksəlib. Qeyri-faiz gəlirlərində başqa ciddi dəyişiklik olmayıb.
Xalis mənfəət 200 milyon manatı keçdi
Nəticədə ABB 2021-ci ili 278 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bu əvvəlki ildən 75 milyon manat və ya 37% artıqdır.
İlin nəticələrinə görə, bank 18 milyon manatlıq ehtiyat yaradıb – bankın miqyası üçün bu kiçik rəqəmdir. Nəticədə vergidən əvvəlki mənfəət 260 milyon manata yüksəlib. 51 milyon manatlıq vergini çıxdıqdan sonra bankın xalis mənfəəti 209 milyon manat olub. Bu əvvəlki illə müqayisədə təqribdən 80 milyon manat artıqdır.