Xəbər verildiyi kimi, 10 iyun 2019-cu ildə Azərbaycanda “Bank hesablarının açılması, aparılması və baǧlanması qaydaları” təsdiq edilib. FED.az xəbər verir ki, bu Qaydaların hazırlanması Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin dəstəyi ilə baş tutub. Yeni qaydalar rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video görüntü ilə hesabların açılması imkanını yaradır. Maraqlıdır ki, burada potensial müştərinin xüsusi təyinatlı informasiya resursu vasitəsilə eyniləşdirilməsi həyata keçirilir.
Banklar və bank müştəriləri üçün bu mühüm yenilik barədə FED.az-ın suallarına “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin Azərbaycandakı nümayəndəsi Teymur Heybətov cavab verir.
- Teymur müəllim, bu qaydaların qəbulu banklara və müştərilərə necə kömək edəcək?
- Bu qaydaların məqsədi bank hesabının açılması üçün əhaliyə alternativ və rahat bir imkanı təmin etməkdir. Müştəri üçün bu fürsətin əsas üstünlüyü ondan ibarətdir ki, müştəri, evindən və ya iş yerindən çıxmadan, yolda vaxt itirmədən seçdiyi və uzaq məsafədə olan bankda hesab açmaq imkanı əldə edir. Maliyyə təşkilatları üçün isə əlavə filial açmağa ehtiyac yoxdur; bu, eyni zamanda müştərilərin artması ilə yanaşı əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir. Məsafədən hesab açma və digər məsafədən göstərilən xidmətlər bank filiallarında növbələrin azalmasına da səbəb olur. Ölkə səviyyəsində isə bu qərar maliyyə inkluzivliyinin artırılması üçün bir üsuldur. Onu da qeyd etmək istərdim ki, bu qaydalara əlavə olaraq tövsiyələr də banklara təqdim edilmişdir.
- Müştərilər bu imkanlardan faydalanmaq üçün nə etməlidirlər?
- Yeni müştərilər filiala gəlmədən gücləndirilmiş elektron imza və ya video eyniləşdirmə prosedura vasitəsi ilə hesablar aça bilərlər. Gücləndirilmiş elektron imza ilə bağlı cəmiyyət kifayət qədər məlumatlıdır, ona görə də mən video görüntü vasitəsi ilə eyniləşdirmə barədə danışmaq istərdim.
Potensial müştəri bankın rəsmi saytına daxil olur, müəyyən edilmiş şərt və qaydalarla əvvəlcədən tanış olur, tələb olunan şəxsi məlumatlarını daxil edir (məs. ad, soyad, doğum tarixi və s.) və bütün zəruri sənədləri (məs, şəxsiyyət vəsiqəsinin surətini) bankın daxili qaydaları ilə müəyyən edilmiş formada banka təqdim edilir. Bundan sonra şəxs video bağlantının yaradılmasını təsdiqləyərək öz razılığını bildirir. Bank video əlaqədən əvvəl şəxsin təqdim etdiyi məlumatların həqiqi və tam olması, habelə səhv məlumatların təqdim edilməsinin nəticələri və video bağlantının keçirilmə vaxtı haqqında müştərini məlumatlandırmalıdır. Video görüntünün təşkili üçün bank qanunvericiliyin tələblərini gözlənilməklə xüsusi proqram təminatından və ya üçüncü tərəfin xidmətlərindən istifadə edə bilər (məs. skype).
- Proses necə baş verir? Texniki tərəflərini izah edə bilərsiniz?
- Video görüntü real vaxt rejimində aparılır, video və səs keyfiyyəti şəxsin eyniləşdirilməsinə kifayət dərəcədə imkan verir və video rənqli formada olur. Video bağlantı zamanı şəxsdən şəxsiyyətini təsdiq edən sənədi göstərməyi xahiş olunur, habelə bankın əməkdaşı eyniləşdirmə prosedurunu həyata keçirmək üçün şəxsə müəyyən suallar verir. Paralel olaraq, bankın əməkdaşı tərəfindən müştərinin əlavə autentifikasiyası da (məs. birdəfəlik şifrədən istifadə etməklə) aparıla bilər. Video görüntünün nəticəsində məsafədən bank hesabının açılması barədə qərar qəbul edilir və ya video görüntü ilə müştərinin eyniləşdirilməsi uğursuz olduqda (məs. müştəri tərəfindən sorğu anketi doldurulmadıqda və ya natamam doldurulduqda, tələb olunan sənədləri təqdim etmədikdə, video və səsin keyfiyyəti aşağı olduqda və s.), video görüntü vasitəsi ilə hesabın açılmasından imtina edilir. Belə bir imtina həmin şəxsin yaxınlaşaraq bankda hesab açması hüququnu məhdudlaşdırmır.
- Bankın binasında və video görüntü vasitəsilə açılan hesabı arasında fərq var?
- Yeni qaydalar (müəyyən olunmuş müvafiq məlumatlar tələb edilməklə) gücləndirilmiş elektron imza və video görüntü ilə bir il ərzində həcmi 6000 (altı min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və (və ya) məxaric əməliyyatların aparılması məqsədilə bank hesabı açmağa imkan verir. Eləcə də müvafiq informasiya resursunda autentifikasiya vasitəsilə bir il ərzində həcmi 500 (beş yüz) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və (və ya) məxaric əməliyyatların aparılması məqsədilə bank hesabı açmaq mümkündür (ətraflı: http://www.e-qanun.az/framework/42813).
Bundan əlavə, hesab açdıqdan sonra müştəri istənilən vaxt bank filialına gələrək məbləğlərdə məhdudiyyətin aradan qaldırılması üçün proseduru tamamlaya bilər.