2025-ci il ərzində rəqəmsal bankçılıq xidmətlərindən istifadə göstəricilərində müsbət artım dinamikası müşahidə edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
01.01.2026-cı il tarixinə ölkədə fəaliyyət göstərən 21 bank, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti, 20 bank və “Azərpoçt” MMC tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunub.
2025-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 1060 milyon ədəd, həcmi isə 507,4 milyard manat təşkil olunub. Aparılan köçürmələrin say üzrə 94,4%-i, həcm üzrə isə 82,5%-i məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.
2025-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2024-cü illə müqayisədə 12,4% artaraq 308,9 milyard manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 14,3% artaraq 73 milyard manat olub.












