Ölkənin bank sektorunda əmanətlər üzrə faizlərin düşməsi tendensiyasının davam edəcəyi gözlənilir. Hətta bu faizlərin manat üzrə 5%-ə, dollar üzrə isə 0% düşməsi barədə informasiyalar səslənir. FED.az xəbər verir ki, artıq bir neçə bankda dollar üzrə əmanətlərə 0,1% təklif edildiyini nəzərə alsaq, bu gözləntilərin boş yerə olmadığını demək olar.
Bank |
Gəlirlilik faizi (%) |
Minimal məbləğ (USD) |
Müddət (ay) |
AZƏR-TÜRK BANK |
0,1 |
500 |
6 |
BANK BTB |
0,25 |
100 |
6 |
BANK RESPUBLİKA |
0,3 |
100 |
12 |
VTB BANK |
0,2 |
100 |
6 |
KAPİTAL BANK |
0,1 |
100 |
12 |
YAPI KREDİ BANK |
0.5 |
250 |
12 |
ZİRAAT BANK BAKI |
0,25 |
1000 |
3 |
Bu göstəricilərə əlavə olaraq qeyd edək ki, 2017-ci ilin yekunu üzrə banklarda 4804,2 milyon manatlıq dollar krediti, 14913,5 milyon manatlıq isə dollar depoziti var.
Əmanətlərə bankların yenidən maraq göstərəcəklərini təmin edə bilən yeganə amil isə aktiv kreditləşmənin başlanmasıdır. Çünki əmanət götürmək bankın borclanması deməkdir. Qəbul etdiyi vəsaiti kredit verə bilməyən bank təbii ki, bu borclanmaya getməyəcək.
Ekspert Samir Əliyev: "Vəziyyət bu cür davam etsə, dollar əmanətlərinə 0% təklif edənlər artacaq. 2015-2016-cı illərdən bəri görünən tendensiya budur ki, əhali əlindəki pulu banklarda deyil, bank seyflərində saxlamağa üstünlük verir. Bilirsiniz ki, bu zaman seyfdə saxlanılan pulun üzərinə hər hansı faiz gəliri əlavə olunmur. İnsanlar sadəcə pullarını həmin seyfdə saxlayırlar. Bank bağlandıqda belə onlar üçün hər hansı problem də yaranmır, yəni icarəyə götürdükləri seyfdən rahatca öz pullarını götürə bilirlər”.
Eyni zamanda qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit qaydaları ilə bağlı sərtləşmələri də kredit götürənlərinə əlavə çətinliklər yaradıb.
Ədalət naminə deyək ki, əslində bu qaydalar ölkədəki gizli iqtisadiyyatın kökünə balta vurmaq məqsədi daşısa da, hələki kredit almaqda çətinlik sadə vətəndaşların vəziyyətinə mənfi təsir edir. Belə ki, Palata kredit sənədlərinin rəsmiləşdirilməsində tam şəffaflığı tələb edir: bütün kredit növləri üzrə iş yerindən arayış tələb olunur. Hazırda isə rəsmi iş yerlərinin sayı çox azdır. İşəgötürənlərin əksəriyyəti vergi yükündən daşınmaq üçün işçilərlə əmək müqaviləsi bağlamır, bu isə kreditəçatım imkanını kəskin azaldır. Bundan başqa, VÖEN hesabı olan müştərilərin ən azı 6 ay gəlirlə işlədiklərini isbat edən sənədlər tələb edilir. Bu da təbii ki, biznesin kredit almaq imkanlarını məhdudlaşdırır.
Mərkəzi Bankın 2018-ci il üçün hədəfləri sırasında biznes üçün ucuz pul siyasəti də yer alır. Ona görə də qarşıdakı aylarda kreditlərlə bağlı yeni qərarların verilməsi gözləniləndir.