FED.az xəbər verir ki, bu fikirlər 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında yer alıb. Qeyd olunub ki, Azərbaycanda bank sektorunda maliyyə dayanaqlığının bərpa edilməsi üçün bu Dövlət Proqramı çərçivəsində bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi, aktiv pul bazarının formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
1. Bankların kapitallaşmasının nəzarətdə saxlanılması və likvidliyinin təmin edilməsi üzrə təkmil alətlərin işə salınması:
Dövr ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcəkdir. Kapital dayanıqlığını bərpa edə bilməyən bankların “sağlamlaşdırıcı” konsolidasiya (birləşdirmə) imkanlarına baxılacaqdır. Sektorun likvidliyinin banklar arasında daha rəvan paylanması və idarə edilməsi üçün nəzarət yükü yaratmadan banklararası bazarda likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə daha təkmil alətlərin işə salınması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
2. Problemli aktivlərin idarə edilməsi üzrə yeni mexanizmlərin yaradılması istiqamətində təkliflərin təqdim edilməsi:
Sektorun maliyyə dayanıqlığının gücləndirilməsi üçün problemli aktivlərin həlli vacibdir. Bu problemin həlli sektorun kapitallaşmasına və likvidliyinə müsbət təsir edəcəkdir. Bununla əlaqədar bu tip aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlərin yaradılması imkanları təhlil edilərək müvafiq təkliflər təqdim ediləcək, alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətlərinin hazırlanması nəzərdən keçiriləcək və bu istiqamətdə təkliflər təqdim ediləcəkdir. Yaradılmış kreditlərə zəmanət mexanizmləri sektorun risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin azalmasına və nəticə etibarilə banklara iqtisadiyyatı daha aktiv və cəlbedici faiz dərəcələri ilə kreditləşdirməyə imkan verəcəkdir.
4. Bankların fəaliyyəti üzərində nəzarətin təkmilləşdirilməsi:
Bank fəaliyyətinə nəzarət və tənzimlənmə çərçivələri təkmilləşdiriləcəkdir. Bu zaman riskyönümlü tənzimləmə və erkən xəbərdarlıq potensialı artırılmalıdır. Banklarda korporativ idarəetmə prinsipləri daha təkmil səviyyədə tətbiq ediləcəkdir. Bank sektorunun ölkənin strateji xəttinə uyğun olaraq uzlaşmış makro və mikroprudensial siyasət vasitəsilə yönləndirilməsi təmin ediləcəkdir. Mövcud prudensial alətlərin təkmilləşdirmə imkanları nəzərdən keçiriləcəkdir. Sistem əhəmiyyətli banklar üçün diferensial tənzimləmə mexanizminin tətbiqi nəzərdən keçiriləcəkdir.
5.Kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi:
Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə xüsusi plan hazırlanıb həyata keçiriləcəkdir. Məhkəmə qərarlarının qəbulu və icrası, girovun rəsmiləşdirilməsi və təminata tutmanın yönəldilməsi üzrə hüquqi baza təkmilləşdiriləcəkdir.