Azərbaycanda banklara, xüsusilə bankların hesabatlılığına nəzarət gücləndirilir.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) Bankın İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Sənədə edilən əsas dəyişiklik əlaqəli depozitlər və onların meyarlarıilə bağlıdır. Xatırladaq ki, məcburi ehtiyat normaları bankdakı müxtəlif vəsaitlərə əsasən təyin edilir. Onlardan biri də depozitlər və əlaqəli depozitlərdir.
Yeni qərara əsasən sənəddə 1.2.6-cı yarımbəndə dəyişiklik edilərək əlaqəli depozitlər üçün meyarlar dəqiqləşdirilib və sərtləşdirilib. Beləliklə,
1.2.6. əlaqəli depozitlər – aşağıdakı qrupların birinə aid olan bank depozitləri:
1.2.6.1. bir fiziki şəxsə məxsus bir neçə depozit;
1.2.6.2. bir hüquqi şəxsə məxsus bir neçə depozit;
1.2.6.3. hüquqi şəxsin və onda nəzarət zərfinə malik hüquqi və ya fiziki şəxslərin depozitləri;
1.2.6.4. nəzarət zərfi bankın depozitoru olmayan eyni şəxsə məxsus iki və daha çox hüquqi şəxsin depozitləri;
1.2.6.5. hər hansı depozitorun bankda krediti olduqda onun və həmin kredit üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxsin (məsələn, zamin) depozitləri;
1.2.6.6. bankda kreditləri üzrə eyni təminatı təqdim edən iki və ya daha çox şəxsin depozitləri;
1.2.6.7. nəzarət zərfi dövlətə məxsus olan bütün hüquqi şəxslərin depozitləri;”;
Əvvəlki qaydalardan fərqli olaraq bir fiziki şəxsə məxsus bir neçə depozit və bir hüquqi şəxsə məxsus bir neçə depozit də əlaqəli depozit sayılacaq.
Bundan başqa, sənədə aşağıdakı məzmunda 2.5-1–2.5-4-cü bəndlər əlavə edilib:
2.5-1. Əlaqəli depozitlər bir neçə qrupa aid edildikdə ümumi məbləği ən yüksək olan qrupun payı götürülməli və hesabata daxil edilməlidir.
2.5-2. Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı hesablanarkən bütün aidiyyəti şəxslər cəm şəklində nəzərə alınmalıdır.
2.5-3. Depozitlər eyni zamanda aidiyyəti şəxsə və əlaqəli depozitlərə aid olduqda, onlar həm əlaqəli depozitlərin cəmi depozitlərdə payının hesablanmasında, həm də banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payının hesablanmasında nəzərə alınmalıdır.
2.5-4. Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı hesablanarkən aşağıdakı depozitlər əlaqəli depozitlərdə və banka aidiyyəti olan şəxslərin depozitlərində nəzərə alınmır:
2.5-4.1. maliyyə institutlarının depozitləri, o cümlədən bankın törəmə maliyyə təşkilatlarının hesabları;
2.5-4.2. loro hesabları;
2.5-4.3. subordinasiya borc öhdəlikləri kimi cəlb edilmiş depozitlər.”.
Burada əsas məqamlardan biri 2.5-3-cü bənddir - Depozitlər eyni zamanda aidiyyəti şəxsə və əlaqəli depozitlərə aid olduqda, onlar həm əlaqəli depozitlərin cəmi depozitlərdə payının hesablanmasında, həm də banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payının hesablanmasında nəzərə alınmalıdır.