Azərbaycanın aparıcı banklarından olan «Günaybank»ın problemli kreditləri ümumi kredit portfelinin yarıdan çox hissəsini keçib. FED.az xəbər verir ki, hazırda bankın kredit portfelində problemli hissənin payı 62% təşkil edir.
«Günay bank»ın kreditlərlə bağlı problemləri 2019-cu ildə üzə çıxdı. Ötən ilin 2-ci rübünün sonunda məlum oldu ki, bankın ümumi kredit portfelinin 158 milyon manat olduğu halda, problemli kreditəri 52 milyon manata, onun ümumi kredit portfelində çəkisi isə 32,9% təşkil edir.
Eləcədə bax: “Unibank” bu ilin üçüncü rübünü - Mənfəətlə Başa Vurub – Rəqəmlər Açıqlandı
Bank sektoru üzrə orta göstəricidən 3 qat artıq olsa da (orta göstərici 11% idi), bu vəziyyəti az-çox kafi saymaq olardı. Məsələ bundadır ki, Azərbaycan banklarının iri müştəriləri az deyil və onların bəzən kreditləri gecikdirməsi banklarda qısamüddətli «kredit şok»ları yaradır. Bir neçə aydan sonra iri müştərinin problemləri ilə kreditlərin problemi də həll olunurdu.
Amma «Günaybank»da problemli portfel sürətlə böyüməyə başladı. 2019-cu ilin 3-cü rübünün sonunda, yəni təqribən bir il əvvəl bankın kredit portfeli 161,8 milyon manata, problemli hissə isə 74 milyon manata, yəni ümumi kredit portfelinin 45,7%-nə yüksəldi.
İlin sonunda isə bankın kredit portfelinin yarısından çoxu problemli idi. 165,8 milyon manat ümumi kredit portfelinin 106,4 milyon manatı, və ya 64,2%-nin qaytarılmasında çətinlik yaranmışdı.
Koronavirusun təsirinin hiss olunmağa başladığı birinci rübün sonunda «Günaybank»ın kredit portfeli artmaqda idi. Mövcud kredit portfelinin üstünə 16 milyon manatlıq ipoteka kreditlərinin də əlavə olunması nəticəsində 1-ci rübün sonünda bankın kredit portfeli 181,7 milyon manata yüksəldi. Eyni zamanda problemli kreditlər də artaraq 111,4 milyon manata yüksəldi və ümumi portfelinin 61,3%-ini təşkil etdi.
2020-ci ilin ilk yarısını «Günaybank» kredit portfelinin cüzi (rüb ərzində 0,6 milyon manatlıq) artımı və 182,3 milyon manata yüksəlməsi ilə başa vurdu. Prooblemli kreditlər isə bundan 10 qat çox sürətlə (rub ərzində təqribən 6 milyon manat) artaraq 117,2 milyon manata yüksəldi. Portfeldə problemli hissə 64,3% idi.
3-cü rübdə bank problemli kreditlərini bir qədər azalda bilib. Ümumi kredit portfeli 184,6 milyon manat olduğu halda, problemli kreditlər 114,3 milyon manata enib. Amma yenə də ümumi kredit portfelində problemli hissə 61,9% təşkil edib.
Gecikdirilən və qaytarılmasında problem olan kreditlər bankın kapitalına da mənfi təsir göstərir. Belə kreditlər səbəbindən «Günaybank» ümumilikdə 24 milyon manatlıq vəsaiti ehtiyat ayırma kimi dövriyyəsindən kənarda saxlamalı olub. Bu da bankın fəaliyyətinə mənfi təsir edir, mənfəətini aşağı salır.
Nəticədə 2020-ci ilin əvvəlindən bankın dövr üzrə xalis mənfəəti davamlı olaraq azalır və bank sonuncu – 3-cü rübü cəmi 246 min manat xalis mənfəətlə başa vurub. «Günaybank»ın ROE göstəricisi (səhmdar kapitalın gəlirliyi) 0,38%-ə, ROA göstərici isə cəmi 0,11%-ə enib.