Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib.
Mərkəzi Bank yeni pul nişanları ilə bağlı çətinliklərə reaksiya verib
FED.az xəbər verir ki, bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (banklar) istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.
Bu Qaydalar həmçinin maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) istisna olmaqla digər rezidentlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir.
Bank hesabı açılmadan Azərbaycan Respublikasının daxilində və Azərbaycan Respublikasından kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir. Rezident və qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasından kənara bank hesabı açmadan xarici valyuta vəsaitlərini bir əməliyyat günü ərzində 1 000 ABŞ dolları, təqvim ayı ərzində isə 10 000 dollar ekvivalentinədək məbləğdə köçürə bilər.
Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələrin aparıldığı əməliyyat növləri ilə bağlıdır. Bundan əvvəl bu sıraya (4.3.5-1-ci yarımbənd) paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus rezident və ya qeyri-rezident hüquqi şəxsin digər şəxslər qarşısındakı öhdəlikləri ilə bağlı həmin hüquqi şəxsin paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus rezident payçısı (səhmdarı) tərəfindən öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə olan köçürmələr (zəmanət, zərərin ödənilməsi, kompensasiya və s.) də daxil olub. Burada “dövlət” dedikdə Azərbaycan Respublikası başa düşülür və belə ödənişlər müvafiq öhdəliyin yaranmasını təsdiq edən müqavilə, təminat üzrə öhdəliyin icrasına dair tələb və dövlətin birbaşa və ya dolayı payını (səhmini) sübut edən sənədlər banka təqdim edilməklə həyata keçirilir.
AMB-nin İdarə Heyətinin qərarına əsasən bu yarımbənd yeni redaksiyada verilib və Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələrin aparıldığı əməliyyat növləri artırılıb. Bura aşağıdakılar daxildir:
- Paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus rezident və ya qeyri-rezident hüquqi şəxsin (bundan sonra “borclu şəxs”) digər şəxslər qarşısındakı öhdəlikləri ilə bağlı həmin borclu şəxsin birbaşa və ya dolayısı ilə payçısı (səhmdarı) olan və paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa dövlətə məxsus olan rezident hüquqi şəxs tərəfindən:
- borclu şəxsin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə olan köçürmələr (zəmanət üzrə köçürmələr, qeyri-rezident maliyyə institutları tərəfindən həmin öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə verilmiş təminat (akkreditiv, qarantiya və s.) üzrə ödənilmiş vəsaitin qaytarılmasına və ya həmin təminat üzrə ödəniləcək vəsaitin qaytarılmasının təmin edilməsinə, yaxud həmin təminat üzrə zərər və ya kompensasiyanın ödənilməsinə yönəldilən köçürmələr və s.), habelə zərərin və ya kompensasiyanın ödənilməsi məqsədi ilə olan köçürmələr;
- borclu şəxsin kreditorlarının adından çıxış edən qeyri-rezident təminatın sərəncamçısına və ya təminat agentinə (və ya oxşar funksiyaları yerinə yetirən digər şəxsə) və ya belə təminatın sərəncamçısı və ya təminat agenti (və ya oxşar funksiyaları yerinə yetirən digər şəxs) tərəfindən verilmiş tələbdə qeyd olunmuş hər hansı digər qeyri-rezident şəxsə edilməli olan köçürmələr.
Qaydalara Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələrin aparıldığı əməliyyat növləri ilə əlaqədar yeni - 4.3.5-2-ci yarımbənd də əlavə olunub. Bu yarımbənd paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa dövlətə məxsus rezident hüquqi şəxs tərəfindən özünün və birbaşa və ya dolayısı ilə payçısı (səhmdarı) olduğu və paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus qeyri-rezident hüquqi şəxsin də tərəf olduğu müqavilələrdə köçürmələri əhatə edir. Həmin köçürmələr aşağıdakılardır:
- nəzərdə tutulan hallarda zərərin və ya kompensasiyanın, habelə həmin zərər və ya kompensasiyanın gələcəkdə ödənilməsini təmin edəcək vəsaitin həmin müqavilənin tərəfinə və ya müqavilədə müəyyən olunmuş digər şəxslərə ödənilməsi ilə bağlı köçürmələr;
- həmin rezident hüquqi şəxsin müəyyən olunan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə qeyri rezident maliyyə institutları tərəfindən verilmiş təminat (akkreditiv, qarantiya və s.) üzrə ödənilmiş vəsaitin qaytarılmasına və ya həmin təminat üzrə ödəniləcək vəsaitin qaytarılmasının təmin edilməsinə, yaxud həmin təminat üzrə zərər və ya kompensasiyanın ödənilməsinə yönəldilən köçürmələr.
Yeni redaksiyada verilən 4.3.5-1 və Qaydalara əlavə edilən 4.3.5-2-ci yarımbəndlərdə “dövlət” dedikdə Azərbaycan Respublikası başa düşülür və belə ödənişlər müvafiq öhdəliyin yaranmasını təsdiq edən müqavilə, yuxarıdakı köçürmələrin həyata keçirilməsinə dair tələb, dövlətin birbaşa və ya dolayı payını (səhmini) və müvafiq hallarda ödənişi edən rezident hüquqi şəxsin borclu şəxsdə birbaşa və ya dolayı payını (səhmini) sübut edən sənədlər banka təqdim edilməklə həyata keçirilir.”.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, rezident aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxsdir:
- təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
- təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
- Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
- daimi yaşayış yeri;
- həyati mənafelərinin mərkəzi;
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşlığı;
- Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;
- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxs. Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə, əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur.
Qeyri-rezident isə aşağıdakılardır:
- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
- məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;
- rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.