Azərbaycanda müxtəlif sahələrdə aparılan islahatlar, bu islahatlar nəticəsində yaranmış yeni reallıqların təsiri özünü bank sektorunda da göstərir.
«Premium Bank»ın kreditlərinin böyük hissəsi – CƏMİ 4 ŞİRKƏTƏ VERİLİB
FED.az xəbər verir ki, indiyədək bir neçə sahəyə fokuslanan bəzi banklar artıq öz xidmətlərini biznesini şaxələndirməyə, əhatə dairəsini genişləndirməyə hazırlaşırlar. Dəyişikliyə hazırlaşan banklardan biri də «Premium Bank»dır.
Yeniliyi bankın idarə heyətinin sədri Kamil Lətifov açıqlayıb: «Premium Bank» ASC olaraq, strategiyamızı yenilədiyimizi bildiririk»-deyə bank sədri bildirib.
Bank sədrinin sözlərinə görə, yeni strategiya bankın dayanıqlılığın gücləndirilməsi, müştərilərə təqdim olunan məhsul və xidmətlərin şaxələndirilməsi, müxtəlif sahələr üzrə hədəflərin müəyyənləşdirilməsi və bankın rəqəmsal xidmət platformalarının inkişaf etdirilməsini əhatə edəcək.
Bank azsaylı müştərilərlə işləyirdi
FED.az xatırladır ki, indiyədək «Premium Bank» məhdud sahələrdə fəaliyyət göstərib. Bankın əsas biznesi nəqliyyat sektoru ilə bağlı olub və bu hazırda da belədir. Müştəri auditoriyası isə daha çox korporativ müştərilərdə ibarət olub. İndi isə situasiyanın dəyişməsi ilə əlaqədar olaraq bankın qarşısında həlli vacib olan məsələlər yaranıb.
Söhbət bankın demək olar ki, bütün fəaliyyətində bir neçə iri müştəridən asılı olmasından gedir. Bu vəziyyət özünü həm bankın depozit həm də kredit portfelində göstərir.
Kredit portfelinin böyük hissəi 4 müştəriyə aiddir
Belə ki, «Premium Bank»ın ümumi kredit portfelinin böyük hissəsi, daha dəqiqi 76%-i cəmi 4 şirkətə verilən kreditlərdir. 2023-cü ilin sonuna bankın ümumi kredit portfeli 474 milyon manat olub.
Bundan 385 milyon manat korporativ müştərilərə (şirkətlərə) verilən kreditlər, 89 milyon manat isə fiziki şəxs müştərilərə verilən kreditlərdir. Bu kreditlərin də böyük hissəsi – 361 milyon manatı, yəni 76%-i cəmi 4 şirkətə təqdim edilib.
Bankın hesabatında bildirilir ki, şirkətlərə verilən 385 milyon manat kreditin 363 milyon manatı (94%-i) nəqliyyat sektoruna verilib. Onların son vaxtlaradək «Premium Bank»ın yaxın olduğu aviasiya sektoru ilə əlaqəli olması istisna deyil.
Depozitlərin 60%-i səhmdarların pullarıdır
Depozit portfelində də oxşar vəziyyətdir – bankdakı depozitlərin 60%-dən çoxu bankla əlaqəli şəxslərindir. 2023-cü ilin sonuna bankın ümumi depozit portfeli 425 milyon manat olub, bunun 260 milyon manatı və ya ümumi depozitlərn 61%-i bankla əlaqəli tərəflərin payına düşüb.
Əlaqəli tərəf deyəndə ilk növbədə səhmdarlar, idarə heyəti və sair formada bankla əlaqəsi olan şəxslər nəzərdə tutulur.
Depozitlərin 257,5 milyon manatı və ya 60%-i sırf səhmdarların payına düşüb. Bankdakı fiziki şəxs əmanətlərinin isə 224 milyon manatı və ya bütün müddətli deozitlərin 88%-i səhmdarların payına düşüb.
Yeri gəlmişkən, son bir ildə bu vəziyyət daha da mənfiyə doğru dəyişib, belə ki, 2022-ci ilin sonuna depozit portfelində səhmdarlarnın payı 56% idi, depozit portfeli azaldığına görə, onların payı getdikcə artır.
Mənfi nəticələr hiss olunmağa başlayırdı
Son dövrlər «Premium bank» bu vəziyyətin mənfi nəticələrini hiss etməyə başlayıb. Belə ki, «Premium Bank» son vaxtlar, artıq bir ildir ki, «çəki itirməyə» başlayıb – bankın aktivləri davamlı olaraq azalır, buna depozit və kredit portfelinin azalması səbəb olur.
Təkcə bu ilin əvvəlindən bəri «Premium bank»ın aktivləri 40 milyon manata yaxın azalaraq 647 milyon manata enib. İlin əvvəlində bu göstərici 685 milyon manat idi. İlin ilk yarısında «Premium Bank»ın depozit portfeli 39 milyon manat azalaraq 388 milyon manata düşüb. Azalmanın əsas hissəsi – 32 milyon manat hüquqi şəxslərin payına düşüb.
Kredit portfeli ilə bağlı potensial problem
Təbii ki, əsas hissəsinin səhmdarların pulları olan depozit portfelinin kəskin azalacağı gözlənilmir, səhmdarlar pullarını öz banklarında saxlayacaqlar, üfüqdə görünən problem kredit portfeli ilə bağlıdır. Hazırda böyük hissəsi bir sektora verilən (yeri gəlmişkən, ciddi hissəsi dollarda olan) kreditlərin qaytarılmasından sonra əldə olan vəsaitin yenidən kredit kimi yerləşdirilməsində çətinlik yarana bilər. Bu isə gəlirlərin kəskin azalmasına səbəb ola bilər.
Hazırda ölkə banklarının əksəriyyəti kreditlərin verilməsi üçün mübarizə aparırlar, hətta geniş filial və xidmət şəbəkəsinə malik olan banklarda belə bu proses asan deyil.
İndiyədək bu sahədə təcrübəsi az olan, xidmət şəbəkəsi o qədər də geniş olmayan, riteyl istiqaməti bir neçə kampaniya ilə məhdudlaşan «Premium Bank» üçün bu sahədə «oynamaq» asan olmayacaq.
Bank yalnız indi istehlak kreditləri portfelini genişləndirməyə başlapyıb, amma bu kreditlər də hələlik 25-26 milyon manat ətrafındadır – ümumi portfelin cəmi 5-6%-i.
Bank dəyişikliklərə start verib
Belə vəziyyətdə yeganə çıxış yolu – bankın idarəetməsini təkmilləşdirmək, necə deyərlər, yeni reallıqlara uyğunlaşdırmaq, bankın tədricən kiçik və orta biznesə, əhaliyə yönəlməsi – tez bir zamanda xidmətlərini və müştəri auditoriyasını şaxələndirməsidir. Rəqəmsal texnologiyalara üstünlük verilməsi bu prosesin sürətli və ciddi investisiyalarsız baş verməsinə kömək edə bilər. Bankın menecmenti də bu yolu seçib.
«Premium bank»ın yeni strategiyasında əsas məqamlar idarəetməni korporativ standartlara uyğunlaşdırmaq, müştərilərlə münasibətlərin təkmilləşdirilməsi, o cümlədən alternativ kanallar üzərindən yeni maliyyə vasitələrinin əlçatan olması, bankın xidmət şəbəkəsinin və məhsullarının sırasının genişldəndirilməsidir.
Xidmət şəbəkəsini genişləndirəcək
Belə ki, yeni strategiyaya əsasən, «Premium Bank» Bakıda və regionlarda xidmət şəbəkəsini genişləndirməyi və təkmilləşdirməyi, mobil və internet bankçılığa, ümumiyyətlə rəqəmsal xidmətə investisiya edərək, rəqabətədavamlı və çevik bank məhsulları yaratmalıdır.
Yeri gəlmişkən, son vaxtlar bankın xidmət şəbəkəsi də kiçilib – məsələn, «Premium Bank»ın bankomatlarının sayı azalıb. 2022-ci ilin sonunda bankın 54 bankomatı vardısa, 2023-ün sonunda bu rəqəm 45-ə enib.
Bundan başqa, bank korporativ müştərilərə biznesin inkişafı üçün maliyyə ilə yanaşı, və konsaltinq dəstəyi də göstərəcək.
Əsas məhsulu 14 ildir ki dəyişmirdi
Digər məsələ məhsulların çeşilini artırmaqdır, bankın özündə də etiraf edirlər ki, məhsulların siyahısı kasaddır. 14 ildən çoxdur ki, «Premium Bank»ın əsas məhsulu «Miles» kartlarıdır. İndiyədək bankın yeni məhsullara ehtiyacı sadəcə olmayıb. İndi dövr və bazar dəyişib – «Miles» tipli kartları təklif edən bankların sayı xeyli artıb. Hələlik «Premium Bank» bu sahədə yerini qorumaq üçün «Airmiles» mobil tətbiqini bazara təqdim edib. Amma bankın geniş inkişafı üçün bu kifayət etməyəcək, yeni məhsullar yaratmaq lazım gələcək.
Kiçik və orta biznes seqmentinə üz tutacaq
Bank yeni strategiya çərçivəsində müştəri auditoriyasına da yenidən baxmağa hazırlaşır. İndiyədək «Premium bank» - ölkənin premium seqmenti (daha imkanlı müştərilər) ilə çalışan bank kimi mövqeləndirilib. Bankda bildirirlər ki, bu istiqamət davam edəcək, amma paralel olaraq yeni yeni seqmentlərə də xidmətlər təklif olunacaq.
Bunlardan biri də bankın indiyədk uzaqdan müşahidə etdiyi orta və kiçik sahibkarlardır. Hərçənd bank bu sahəyə strateji periodda daxil olmağı hədəfləyir.
Bank sədrinin sözlərinə görə, yeni dövrdə «Premium Bank» müxtəlif yeni layihələr planlaşdırır.
TV proqramlara sponsorluq etməyə başlayıb
Yeri gəlmişkən, bütün bu yeniliklərin təbliği və mesajların hədəf kütləsinə çatdırılması üçün bankın marketinq siyasəti də dəyişməlidir. Artıq bu sahədə yeniliklər var – ilk dəfə olaraq «Premium Bank» Televiziya verilişlərinə sponsorluq etməyə başlayıb, hərçənd bu proses şou verilişləri ilə başlanıb.
Qiymətli kağızlar bazarında yeni oyunçu
Strategiyanın əhatəli olmasından görünür ki, bank hələ bir müddət bank biznesinin müxtəlif sahələrində özünə yer tapmağa çalışacaq.
Məsələn, bankın sədri bildirir ki, qiymətli kağızlar bazarının canlanması, bu istiqamətdə əhalinin maarifləndirilməsi üçün xidmətlərin göstərilməsi qarşıdakı illərdə «Premium bank» əsas fəaliyyət sahələrindən biri olacaq.
Qiymətli kağızlar hazırda dəbdə olan mövzudur, amma hələlik banklar bu sahədə yalnız istiqraz alıb faiz qazanmaqla iştirak edirlər. «Premium Bank»da yəqin ki, bu bazara qiymətli kağız almaqla daxil olacaq, son vaxtlaradək bank QK-lara investisiya etməyən azsaylı banklardan biri idi. İndiyədək «Premium Bank»ın əsas faiz gəlirləri kreditlərdən formalaşıb – kredit portfeli ilə bağlı yuxarıda yazılanları nəzərə alanda şaxələndirilməsi tələb olunan daha bir sahə.
Artıq “Premium Bank” QK sahəsində siftə edib, bu il ilk yatırım (təxminən 4 milyon manat) və ilk qazanc (yarım ildə 75 min manat) var.
Bankın komandası və idarəçiliyi dəyişir
Bütün bunlar üçün bankın idarəetməsi yenilənməli, daha çevik və kreativ olmalıdır. İdarə heyətinin sədri Kamil Lətifovun (yeri gəlmişkən K.Lətifov özü də sədrliyə yeni təyin edilib) sözlərinə görə, artıq bankın idarəetməsində dəyişikliklər edilib.
«Bank 2024-cü ildə öz Təşkilatı Strukturuna dəyişikliklər etmişdir. Yeni struktur korporativ idarəetmədə maksimum çevikliyə və qərar qəbuletmə prosesində səmərəliliyə nail olmağa imkan yaradacaqdır».
Bank hal-hazırda kadr siyasətini davam etdirir və yeni peşəkar komanda yaratmağa, yeni kadrlar cəlb etməyə başlayıb.