Bank BTB qarşıdakı illərdə mənfəətinin azalacağını gözləyir.
FED.az xəbər verir ki, bu barədə Bankın istqraz buraxılışı ilə bağlı emissiya prospektində bildirilir. Qanunvericiliyə uyğun olaraq emissiya prospektində investorlar üçün tələb olunan bütün məlumatlar, o cümlədən qarşıdakı illər üçün proqnozlar da yer tapmalıdır və bank 2020-2021-ci illər üzrə gözlədiyi mənfəəti açıqlayıb.
Bank rəhbərliyinin öz proqnozlarına görə, 2020-ci ildə Bank BTB-nin mənfəəti (vergiyə qədər) 6 milyon 790 min manat, 2021-ci ildə isə 3 milyon 928 min manat təşkil edəcək.
Xatırladaq ki, Bank BTB 2019-cu ili 7 milyon 523 min manat mənfəətlə başa vurub. Və bu göstərici ilə müqayisədə 2020-ci ilin proqnoz az görünə bilər. Amma məsələ ondadır ki, 2019-cu ildə Bankın mənfəətinin böyük hissəsi - 4,8 milyon manat zərərlərə qarşı yaradılan ehtiyatların geri qayarılmasının hesabınadır. Bankın cari fəaliyyəti ilə bağlı olan «təmiz mənfəəti», yəni əməliyyat mənfəəti 2,6 milyon manat olub. Ehtiyatların geri qaytarılması isə problemli borcların həlli üzrə prezidentin fərmanının nəticəsidir.
Başqa sözlə, 2020-ci ildə Bankın mənfəətinin ehtiyatlar hesabına kəskin artması gözlənilmir. Doğrudur, ehtiyatlar yenə də var – təqribən 2,2 milyon manat – amma bu banklar üçün ənənəvi normal məbləğdir, üstəlik, 2020-ci ildə həmin ehtiyatların birdən qaytarılması üçün oxşar fərman da gözlənilmir. Ona görə də, Bank öz mənfəətini daha az proqnozlaşdırmalı olub.
2021-ci ildəki mənfətin daha az olması diqqəti çəkir, böyük ehtimalla bu rəqəm investorları da maraqlandıracaq. Yəqin elə ona görə bank dərhal qeyd edir ki, 2021-ci ilə aid göstəricilər Bankın strateji planından götürülüb və real göstəriciləri nəzərə alaraq strateji planın yenidən baxılması gözlənilir.
Ümumilikdə, bankın hələ də 5,8 milyon manat həcmində bölüşdürülməmiş zərəri qalıb. Proqnozlar düz çıxsa Bank BTB onu 2020-ci ilin axırına bağlaya biləcək.
Hələliksə Bank 2019-cu ilin nəticələrinə görə ROA (aktivlərin səmərəli idarə edilməsi) əmsalı üzrə 2,2% göstərici ilə 30 bank arasında 9-cu, ROE (kapitalın səmərəli iarə edilməsi) əmsalı üzrə isə 11,8% göstərici ilə 30 bank arasında 8-ci yeri tutur. 2019 Bank üçün pis keçməyib - BTB 2019-cu ildə depozit portfelini 7,8%, krelit portfelini 17,9%, kapitalını 15,5% artırıb.
Kredit portfeli nisbətən təmizdir - 213 milyon manatdan cəmi 29 milyon manatı təminatsızdır, onun da böyük hissəsi istehlsak kreditlərinin payına düşür.
Bankın zəif nöqtələrindən biri istehlak kreditlərinin həddən artıq böyük olmasıdır – kredit portfelinin 78,5%-i. Bank BTB bu göstərici ilə ölkədə adı istehlak kreditoru kimi çıxmış bankları da geridə qoyub.