Bank sektoru iqtisadiyyatın digər sahələri arasında ən unikalıdır, çünki məhz bu sahə maliyyə sabitliyini təmin edilməsində və iqtisadiyyata maliyyə resursları təqdim edilməsində əsas rol oynayır. Audit bankın daxili və xarici əməliyyatlarına nəzarətdə böyük əhəmiyyət kəsb edir. Müşahidəçilər bank sisteminin təhlükəsizliyinin və etibarlılığının qorunmasına xidmət edirlər. FED.az bu prosesin AFB Bankda hansı şəkildə aparıldığı ilə bağlı bankın Audit Komitəsinin sədri Şadiyyə Amanovanın müsahibəsini təqdim edir.
- AFB Bank-la əməkdaşlığınız sizə hansı təcrübəni qazandırdı və çalışdığınız digər qurumlardan bu bankın üstünlüyü nədədir?
- İlk öncə qeyd edim ki, 15 illik bank təcrübəmin 10 ilini AFB Bank-dan əldə etmişəm. AFB Bank bilik və bacarıqlarımı təkmilləşdirən və zənginləşdirən bir bankdır. İlk 5 il digər bankın müştəri xidmətləri, mühasibat uçotu, son 10 ili isə AFB bankın əməliyyat , audit və korporativ idarəetmə sahəsində təcrübə əldə etməklə həm də bankın prudensial fəaliyyətinə yardımçı olmuşam.
Bu bankın digər qurumlardan üstün cəhəti şəffaflığa daha çox üstünlük verməsi və fəaliyyətini Korporativ İdarəetmə Standartlarına uyğun təşkil etməsidir.
- Şadiyyə xanım, necə oldu ki, auditor peşəsini seçdiniz?
- Qanunvericilik çərçivəsində bankın şəffaf fəaliyyətinə daha da dəstək göstərmək istəyimdən irəli gəlmişdir. Həm də , audit elə bir peşədir ki, bankın bütün fəaliyyət sahələri audit olunmaqla, daha zəngin və dərin təcrübə əldə etmək imkanı qazanırsan.
- AFB Bankın daxili auditi hansı metodika əsasında aparılır?
- AFB Bankda daxili audit xidmətinin fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və həmçinin, Beynəlxalq Daxili Audit Standartlarında nəzərdə tutulan metodika əsasında həyata keçirilir. Ümumiyyətlə, audit fəaliyyətində yoxlama metodunun düzgün seçimi audit işinin səmərəliliyinə bir başa təsir edir. Səmərəsiz audit şirkət üçün həm vaxt və həm də pul itkisidir. Bankımızda daxili nəzarət sisteminin 3-cü müdafiə xətti olan Daxili audit xidməti fiziki və texniki audit metodlarından istifadə etməklə, daxili qaydalarla təsdiq edilmiş prosedurlar əsasında müstəqil yoxlamalar həyata keçirir.
- Hansı kənar auditor şirkətləri ilə əməkdaşlıq edirsiniz?
- AFB Bank fəaliyyəti dövründə bir çox kənar auditor şirkətləri ilə (PWC, Deloitte, KPMG, BakerTilly və s.) əməkdaşlıq etmişdir. Kənar auditor seçimi mövcud Azərbaycan Respublikası Qanunvericiliyi və banklara nəzarət orqanının müvafiq normativ-hüquqi aktlarının tələbləri nəzərə alınmaqla müəyyən edilir. Ümumiyyətlə, “böyük dördlük” şirkətlərinin verdiyi əminlik səviyyəsi dünyada daha üstün hesab edilir və bu şikətlərin verdiyi rəylər bankımızın səhmdarları, müştəriləri, investorları və s. üçün daha etibarlı hesab olunur. Hazırda isə dünya üzrə “böyük dördlük” şirkətlərindən olan KPMG ilə əməkdaşlıq edirik.
- Sizin fikrinizcə kənar auditlə daxili auditin məqsədləri eynidir?
- Həm kənar və həm də daxili audit xidməti şirkətin hər-tərəfli fəaliyətini qiymətləndirir. Kənar auditin keçirilməsi ilə şirkətin dayanıqlığı haqqında rəy formalaşırsa, Daxili auditin fəaliyyəti ilə şirkətin mövcud daxili nəzarət mexanizmlərinin effektivliyi və adekvatlığı barədə rəy formalaşır. Auditin qiymətləndirmə nəticələri hesabatla yekunlaşaraq - Kənar auditin hesabatlığı səhmdarlara, Daxili auditin isə şirkətin rəhbərlərinədir. Banklarda audit işini təşkil edən Audit Komitənin hesabatlığı isə Müşahidə Şurası və Səhmdarların Ümumi Yığıncağınadır. - İl ərzində bankda plan üzrə neçə sayda audit aparılır və auditin əhəmiyyətliyi necə ölçülür?
- Audit tapşırıqlarının həcmi, mürəkkəbliyi, mövcud işçi resursu, prioritetlərin dəyişməsi və s. amillərdən asılı olaraq il ərzində orta hesabla 10-15 tapşırıq üzrə audit həyata keçirilir. Audit planı risk əsaslı tərtib edilir və yüksək riskli sahələr önə çəkilərək audit yoxlamaları reallaşır.
Audit yoxlamalarının əhəmiyyətliyi bankın movcud risklərini vaxtında aşkar etmək, minimallaşdırılması təkliflərini rəhbərliyə təqdim etmək və həll olunmasına nail olmaqla ölçülür. Nəticədə, daxili nəzarət proseslərinin səmərəliliyinin artırılması ilə Daxili audit xidməti bankın strateji məqsədlərinə çatmaqda köməklik göstərir.
- Daxili auditin effektiv fəaliyyəti üçün banklar nə etməlidir?
- İlk öncə idarəetmə orqanları, korporativ idarəetmə prinsiplərini rəhbər tutaraq Daxili Auditin bankda əhəmiyyətini və vacibliyini başa düşməli və müstəqilliyini təmin etməlidir. İkinci məqam auditorların peşəkarlığı və resurslarının yetərliyinə əmin olunmalı, son olaraq isə həyata keçirilmiş audit yoxlamalarında aşkar edilmiş risklərin aradan qaldırılması və ya minimallaşdırılması təmin olunmalıdır. Həmçinin, Daxili Audit tərəfindən verilmiş tövsiyələrin icra vəziyyətinin monitorinqi mütəmadi (azı rübdə bir dəfə) həyata keçirilməlidir.
- Bankınızda daxili audit strategiyasında hər-hansı dəyişiklərin edilməsi planlaşdırılırmı?
- Daxili Audit fəaliyyəti dinamik proses olduğundan daimi olaraq fəaliyyətin günün tələblərinə uyğunlaşdırılması aktual məsələdir. İqtisadi mühiti dəyişən rəqəmsal bankçılıq və maliyyə texnologiyaları şirkətlərinin riskə məruz qalma səviyyəsinin müəyyənləşdirilməsi və vaxtında bu risklərin qarşısının alınması İT auditorların daimi əsasda bankda fəaliyyətini fikrimcə zəruri edir. Daxili auditdə risk əsaslı yanaşma tətbiq etməklə inkişaf etməkdə olan texnoloji sahələrin (M-banking, E-banking) auditinin və davamlı monitorinqinin prioritetliyi əsas götürülməlidir. Texnoloji həllər tətbiqi ilə yanaşı istehlakçı hüquqlarının qorunması da bizim üçün əhəmiyyət kəsb edir, bu səbəbdən kiber təhlükəsizlik tələblərinin yüksək səviyyədə bankda təmin olunmasına nail olmalıyıq. Burada həm audit fəaliyyəti üzrə proseslərin həm də işçi resursunun daimi inkişafını nəzərdə tutan konkret addımlar atılacaq.