Azərbaycanın bank sektorunda 2015-ci ildən sonra müşahidə edilən aktivlərn azalma meyli, nəhayət, ötən il sona çatıb.
FED.az Analitik Qrupu hesab edir ki, bankların 2018-ci illə bağlı hesabatları sektorun bir qədər «özünə gəldiyini» göstərir.
Əvvəlki ilə nisbətən 2017-ci ildə sektor üzrə məcmu aktivlər 11,1% azaldığı halda, 2018-ci ildə 2017-ci illə müqayisədə 5,7%-lik artım baş verib.
Eləcə də bax: 2018-ci ili 24 bank mənfəətlə, 3 bank isə zərərlə başa vurub
Aktivlərin struktirinda baş verən əsas meyllər...
Bank aktivlərinin artımında əsas rolu kreditlərin genişlənməsi oynayıb. Müştərilərə verilən kreditlərin həcmi 1,3 mlrd. manata yaxın (11,5%) çoxalıb.
Başqa banklardakı müxbir hesablarda saxlanan vəsaitlərin həcmi kəskin azalıb – 667 mln. manat (25.3%) azalaraq 1.959 mlrd. manata enib. Lakin Mərkəzi Bankdakı müxbir hesablarda saxladıqları vəsaitlər təxminən 300 mln. manat (15%) artıb.
Bankların maliyyə insitutlarındakı depozitləri də əhəmiyyətli dərəcədə azalıb – 749 mln. manat və ya 10.3% azalaraq təxminən 6.5 mlrd. manat səviyyəsində qərarlaşıb.
Əvəzində, ötən il bankların qiymətli kağızlara yatırımlarında ciddi artım baş verib. Bank sektorunun qiymətli kağızlar bazarına yönəltidiyi aktivlərin həcmi 1,088 mlrd. manat yaxud 43,5% genişlənib.
Eləcə də bax: Banklar 2018-i necə başa vurdu? - MƏNFƏƏT-ZƏRƏR - SİYAHI, YENİLƏNİR
«Keyfiyyətli müştəri» qıtlığı, minimum gəlir, minimum risk
Sonuncu rəqəmin üzərində dayanmaq xüsusilə vacibdir. Əslində bu göstərici Azərbaycan banklarının 2018-ci ildəki davranışlarını tam əks etdirir. Bank sektorunda devalvasiyadan sonra yaranan problemlər səngiyəndə məlum oldu ki, sektorda yaranmış kifayət qədər böyük likvidliyi reallaşdırmaq üçün böyük problemlər var. Sadə desək, bank sektoru kredit ayırmaq üçün «keyfiyyətli müştəri» və «keyfiyyətli layihə» problemi ilə üzləşdi. Bura makroiqtisadi riskləri və sahibkarların bu risklərlə bağlı ehtiyatlı davranışını da əlavə etdikdə, bankların kredit ayrıma imkanlarının çətinləşdiyi üzə çıxır.
Nəticədə, Azərbaycan bankları uzun illərdən biri onların gəlirlərinin və mənfəətlərinin böyük hissəsini təşkil edən kredit əməliyyatlarını lazımınca reallaşdıra bilməyiblər.
Belə vəziyyətdə, əsas diqqət və investisiyalar minimum risk təşkil edən qısamüddətli qiymətli kağızlara və əməliyyatlara – Maliyə Nazirliyinin istiqrazlarına, AMB-in notlarına və depozit hərraclarına yönəlib. Son bir ildə uzunmuddətli istiqrazlar istisna olmaqla, bütün bu kağızlara hərraclarda böyük maraq müşahidə edilib. Bu alətlər üzrə orta gəlirliyin aşağı olması da bankları çəkindirməyib – illik 8% ətrafında olan gəlirlilik banklar üçün daha sərfəli görünür.
Kreditlərdən gəlirlər azalıb
Kreditlərin aktivlərdə payı əvvəlki dövrə nisbətən yüksələrək 40.6%-dən 42.8%-ə çatıb. Maraqlı məqalardan biri budur ki, 2018-ъи илдя kreditlərin məbləği artsa da, bankların kreditlərə görə aldığı faiz gəlirləri 58 mln. manat (4.5%) azalıb. Şübhəsiz ki, bunun əsas səbəbi borc vəsaitlərinin zəif templə də olsa ucuzlaşmasıdır. 2017-ci ildə bank sektorunun kreditlərlərinin gəlirliliyi 11.3% olduğu halda, 2018-ci ildə həmin göstərici 9.7%-ə enib.
Ümumi aktivlər üzrə gəlirlilik səviyyəsi (ROA) əmsalı isə (xalis mənfəətin bütün aktivlərə) nisbəti 0.9% təşkil edib. Halbuki 2017-ci ildə həmin göstərici 3.2% təşkil etmişdi. Aktivlərin gəlirliliyinin belə kəskin enişi bank sektoru üzrə xalis mənfəətin azalması ilə bağlıdır. Sektorun xalis mənfəəti 2017-ci ildə 883.6 mln. manat təşkil etdiyi halda, 2018-ci ildə 279.4 mln. manata enib.
Xalis mənfəətin 3 dəfədən çox azalması 2 səbəblə bağlı olub: 1) əməliyyat mənfəəti azalıb; 2) əvvəlki dövrlə müqayisədə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına mənfəətdən böyük məbləğdə ayırmalar edilib.
Sektor üzrə əməliyyat mənfəətinin azalmasında həlledici səbəb qeyri-faiz xərclərinin artımı və qeyri-faiz gəlirlərinin azalması olub. Nəzərə alaq ki, ötən il xalis faiz gəlirləri 221 mln. manat və ya 23% artmışdır. Lakin qeyri-faiz gəlirlərinin 389 mln. manat (41.4%) azalması ilə paralel qeyri-faiz xərcləri 45 mln. manat (4.6%) artmışdır. Nəticədə isə bankların əməliyyat mənfəətində 213 mln. manat (23.4%) azalma baş verib.
Qeyri-faiz gəlirlərinə hesabların aparılması üzrə xidmətlərdən komisyon haqqı, məzənnə dəyişməsi nəzərə alınmaqla valyuta əməliyyatlarından gələn xalis gəlirlər və s. daxildir.
Qeyri-fazi xərcləri isə əmək haqqı və digər kompensasiya növlərini, bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclərini, həmçinin banklaırn hər cür əməliyat xərclərini əhatə edir.
Mənfəət hesabına ehtiyatların yaradılmasına gəldikdə, 2018-ci ildə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 345.4 mln. manat xüsusi ehtiyat yaradılıb və nəticədə bankların vergi ödənilməsindən öncəki mənfəəti 351.7 mln. manata enib. Dövlət büdəsinə 72.3 mln. manat mənfəət vergisi ödəndikdən sonra xalis mənfəət 279. mln manata enib (2017-ci ildə 884 mln. manat təşkil etmişdi). Yeri gəlmişkən, xüsusi ehtiyatların artımı problemli kreditlərin mümkün artımı üçün də işarədir.
2018-ci ildə banklaırn faiz gəlirlərinin 69.9%-i kreditlərin təqdim edilməsinə görə əldə edilib. Halbuki 2017-ci ildə həmin göstərici 72.3% təşkil etmişdi. Ötən il bankların faiz gəlirlərinin həcmi 1.225 mlrd. manatı kreditlər, 528.5 mln. manatı isə yerdə qalan bütün qeyri-kredit aktivləri (banklara qarşı tələblərə, qiymətli kağızlara və lizinqə görə) üzrə faiz gəlirləri olmuşdur. Ötən il 2017-ci ilə nisbətən kreditlər üzrə faiz gəlirləri 58 mln. manat azalmış, qeyri-kredit aktivləri üzrə faiz gəlirləri 36 mln. manat artmışdır.
Bank sektorunun resurslarının strukturu
Bankların resurs bazası genişlənib və bu həm öz vəsaitləri (kapital), həm də cəlb edilmiş vəsaitlər hesabına baş verib. Məcmu resurslar 1.581 mlrd. manat (5.6%) artıb. Həmin artımın 22%-i bank kapitalının, 78%-i kənar resursların payına düşür.
2018-ci ildə sektorun kapitallaşması əvvəlki ilə nisbətən 353 mln. manat (9.5%) artıb və cəmi kapital 4.072 mlrd. manata çatıb. Yeri gəlmişkən, kapitalın gəlirliliyi (ROE) əmsalı (xalis mənfəətin cəmi kapitala nisbəti) 23.8%-dən 6.9%-ə enib. Ötən il bank kapitalının sektor üzrə resurslarda xüsusi çəkisi 13.8%-ə çatıb (2017-ci ildə 13.2% olmuşdu).
Cəlb edilmiş resurlar 1.228 mlrd. manat artıb və sektor üzrə ümumi resursların 86.2%-ni təşkil edib. Artım əsasən depozitlərin hesabına baş verib. Çünki Mərkəzi Bankın banklara qarşı tələbləri 122 mln. manat, qiymətli kağızların buraxılışı vasitəsilə cəlb olunan vəsaitlər 25 mln. manat, maliyyə sistemindən cəlb edilmiş kreditlər 20 mln. manat azalmış, bütün mənbələrdən cəlb edilmiş depozitlər isə 1.686 mlrd. manat artmışdır.
FED.az Analitik Qrupu
Aktivlər və kreditlər artıb, gəlirlilik aşağı düşüb… - BANK SEKTORU-2018
09:50
31 Yan 2019