Azərbaycanın bank sektorunun aktiv iştirakçılarından olan «AFB Bank» istiqraz bazarına daxil olur.
PAŞA Kapital ilə dollarda illik 7.8% gəlirli "AFB Bank" ASC istiqrazlarına - İNVESTİSİYA İMKANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bakı Fond Birjasında AFB Bankın 10 milyon dollarlıq istiqrazları yerləşdiriləcək.
İstiqrazlar hər biri 100 dollar olmaqla 100 min ədəd qiymətli kağız şəklində yerləşdiriləcək. Söhbət hər birinin dəyəri 100 dollar olan faizli, təmin edilməmiş, adsız sənədsiz istiqrazlardan gedir.
İstiqrazlar üzrə illik gəlirlilik - faiz dərəcəsi 7 faiz təşkil edir. Bu dollar istiqrazları üzrə olduqca yüksək göstəricidir.
İstiqrazlar 18 aylıq müddətə buraxılacaq. Faiz ödənişləri isə rübdə bir dəfə nağdsız qaydada bank hesabları vasitəsilə ödəniləcək.
«AFB Bank»ın açıqlamasında bildirilir ki, istiqrazların buraxılışında məqsəd - mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də qiymətli kağızlar bazarının inkişafına töhfə verməkdir.
«Əldə olunan vəsait bankın strateji hədəflərinin reallaşdırılmasına, bazar nüfuzunun və bazar payının artırılmasına, eləcə də xarici mühitdə yaranacaq hər cür dəyişikliklərə çevik və effektiv uyğunlaşmanın təmin edilməsi üçün zəruri resursların və mexanizmlərin təkmilləşdirilməsinə yönəldiləcək. Bundan əlavə əldə edilmiş gəlirlər emitentin kapitallaşdırılmasına yönəldiləcək və pul vəsaitlərinin resurs bazasının genişləndirilməsinə imkan yaradacaq»-deyə açıqlamada bildirilir.
Xatırladaq ki, «AFB Bank» mənfəətlə işləyir – bank 2022-ci ildə 10,7 milyon manat, 2023-cü ildə 7.6 milyon manat, 2024-cü ildə isə 4,1 milyon manat mənfəət əldə edib.
Ümumilikdə 2024-cü ildə Bankın ümumi gəlirləri 32 milyon 340 min manat olub ki, bunun da 74%-i faiz gəlirləri, qalan 26%-i isə haqq va komisyon gəlirlərindən ibarətdir. Bankın faiz gəlirlarinin 15%-i istehlak, 63%-i biznes, 22%-i isə ipoteka kreditlori üzrədir.
«AFB Bank»ın istiqrazları üzrə anderrayter – ölkənin aparıcı investisiya şirkətlərindən olan "PASA Kapital investisiya Şirkəti" QSC-dir.












