"AccessBank"ın Mikro və Aqro müştərilərlə iş üzrə Departamentinin rəhbəri Arzu Qurbanova pandemiya dövründə sahibkarlara dəstək üçün nəzərdə tutulan kreditlər və onların verilmə şərtləri ilə bağlı FED.az-ın suallarını cavablandırıb.
- Arzu xanım, pandemiyaya qarşı tədbirlər çərçivəsində hökumət tərəfindən biznesə ümumilikdə 500 milyon manat kreditin ayrılması nəzərdə tutulub. Bu layihədə "AccessBank"ın rolu nədən ibarətdir?
- "AccessBank" bu layihənin iştirakçısı olmaqla yanaşı, həm də ona ilk qoşulan banklardan biridir. Bankımız İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə əməkdaşlığa dair razılaşma imzalayıb. Razılaşmaya əsasən, müştərilərə 2 məhsul üzrə dəstək göstəriləcək. Yeni məhsullardan COVID-19 pandemiyası səbəbindən biznesində və biznes kreditlərinin ödənilməsində çətinlik çəkən sahibkarlar yararlana biləcək. Məhsullardan Bankın həm cari, həm də yeni müştəriləri istifadə edə biləcək.
- Kreditlərin verilməsi prosesinə başlanılıbmı?
- Bəli, SİF portalı fəaliyyətə başladığı ilk gündən "AccessBank" həm mikro, həm də böyük məbləğdə kreditlər üçün müraciətləri qəbul etməyə başladı.
- Zəhmət olmasa, kreditlərin verilmə şərtləri barədə məlumat verərdiniz.
- Pandemiyadan zərər çəkən sahibkarlara dəstək üçün ayrılan kreditlər illik 15% olmaqla, pandemiyadan zərər çəkən həmfiziki şəxslərə, həm də hüquqi şəxslərə, şirkətlərə verilir. Kreditin maksimal müddəti 3 ildir, bunun 12 ayı güzəşt müddətidir - bu dövrdə yalnız kreditin faizləri ödənilir.
- Bu kreditlərin verilməsində dövlətin dəstəyi nədən ibarətdir?
- Kredit faizinin yarısını dövlət ödəyir, eləcə də dövlət bu kreditlərin 60%-nə zəmanət verir. Bu o deməkdir ki, müştəri həmin krediti götürəndə 40%-i qədər girov təqdim etməlidir.
- Bəs "AccessBank"da sahibkarlara verilən kreditlərdə hər hansısa girova ehtiyac varmı?
- "AccessBank" olaraq biz 50 min manata qədər krediti ümumiyyətlə girovsuz və ya şərti girovla verə bilirik. 100 min manata qədər verilən məbləğlərdə isə daşınmaz əmlak girovu olmadan kreditlər verə bilirik. Bu məsələ kreditin məbləğindən, müştəridən və biznesin analizindən asılıdır.
- Şərtlərə əsasən, kreditin illik faiz dərəcəsi 15%-dən yuxarı olmamalıdır. "AccessBank"da həmin kreditlər hansı faizlə verilir?
- "AccessBank" da bu kreditləri illik 15%-lə təqdim edir. Bildiyiniz kimi, bu faizin yarısını (7.5%) dövlət subsidiya edir. Nəticədə sahibkar krediti faktiki olaraq illik 7,5%-lə götürmüş olur.
- Kreditə görə təminat hansı formada qəbul edilir?
- Təminatın forması məbləğdən asılı olaraq dəyişir. Bu dövriyyədə olan mal, avadanlıq, nəqliyyat vasitəsi, zamin və ya daşınmaz əmlak ola bilər.
- Bu kreditləri götürmək üçün müraciət prosesi necədir?
- Məlum olduğu kimi, Sahibkarlığın İnkişafı Fondu bununla bağlı ayrıca portal (www.e-edf.gov.az) işə salıb. Kredit almaq istəyən müştəri bu portal vasitəsilə müraciət edir. SİF-in portalından gələn kredit sorğusu bizə - Mərkəzi Ofisə daxil olur biz də onu araşdırılması üçün müvafiq filiallara yönləndiririk. Filialdakı əməkdaşlarımız bu müştərinin həqiqətən də pandemiyadan zərər çəkən fəaliyyət növü ilə məşğul olduğunu araşdırır. Nəticələr müsbət olarsa, kreditlə bağlı müraciət "AccessBank"ın Kredit Komitəsinə təqdim olunur. O da öz növbəsində 200 min manata qədər olan kreditin ayrılmasına qərar verir.
- Deməli, 200 min manatadək və ondan daha yüksək məbləğdə kredit götürmək istəyənlər, birbaşa banka deyil, portala daxil olub sifariş verir?
- Tamamilə doğrudur. Müştəri SİF portalına daxil olur və oradan istədiyi bankı seçib müraciət edir. Yəni, "Accessbank"ın müştərisi Bankı təkrarən seçməyə məcbur deyil. Bizim müştərilər portaldan digər bankları da seçib müraciət edə bilər, və ya başqa bankların müştəriləri portalda bizi seçərək kredit sifariş edə bilərlər. İndiyədək kredit üçün müraciət etməmiş fiziki və hüquqi şəxslər də bu sistem vasitəsilə kredit sifariş verə bilərlər.
- Bəs məbləği 200 min manatdan artıq olan kreditlərdə bu proses necə baş verir?
- Məbləği 200 min manatdan artıq olan kreditlərlə bağlı müraciət olduqda, ona eyni zamanda həm Sahibkarlığın İnkişafı Fondu, həm də Bank birlikdə baxıb qərar verir.
- Kredit üçün ilk dəfə müraciət edən müştərilərdən hansı sənədlər və məlumatlar tələb olunur? Bu məlumatların və sənədlərin siyahısı portalda ayrıca göstərilib, yoxsa banklar özləri müəyyən edir?
- Əslində bunlar hamının bildiyi sənədlərdir: VÖEN, şəxsiyyət vəsiqəsi və cari sahibkarlıq fəaliyyətinin maliyyə göstəriciləri. Tələb olunan kreditin məbləği 200 min manatdan artıq olduqda isə biznes plan da təqdim olunmalıdır. Bundan başqa, şirkətin maliyyə dayanıqlığını və ödəmə qabiliyyətini qiymətləndirmək üçün bank, əlavə sənədlər də tələb edə bilər.