Azərbaycanın ən böyük bankı - Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC cari ilin ilk yarısının yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, 2025-ci ildə bank bir qədər də böyüyərək ölkənin bank sektorunun lideri mövqeyini möhkəmləndirib, eləcə də gəlirləri daha da artıb.
Faiz gəlirləri 100 milyon manata yaxın artıb
Hesabat dövründə ABB-nin cəmi faiz gəlirləri 531,7 milyon manat təşkil edib, bu ötən ilin eyni dövrünə nisbətən 94,5 milyon manatlıq (21,6%) artım deməkdir.
Faiz gəlirlərinin əsas hissəsi kredit portfelindən daxil olan kredit faizləridir - 394,4 milyon manat. Ötən illə müqayisədə kredit portfelinin gəlirləri 85 milyon manat və ya 27% artıb. Yeri gəlmişkən, kredit faizdərinin artmasının səbəbi kredit portfelinin böyüməsi olub.
2025-ci ilin ilk 6 ayında ABB-nin qiymətli kağızları portfeli ona 90 milyon manat gəlir gətirib ki, bu göstərici 25 milyon manat və ya 38% artıb. ABB-nin başqa banklardakı depozitləri isə ona təqribən 17 milyon manat qazandırıb.
Digər faiz gəlirləri isə 5,6 dəfə artaraq 29,2 milyon manat olub.
ABB faiz gəlirlərindən 8,1 milyon manatını faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara ayırıb.
Əmanət sahiblərinə ödənişlər təqribən 2 dəfə artıb
2025-ci ilin ilk yarısında ABB-nin cəmi faiz xərcləri 182 milyon manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz xərcləri 85 milyon manat və ya 88% artıb.
Faiz xərclərinin artımının əsas səbəbi, ABB-nin öz əmanətçilərinə ödədiyi faizləri kəskin artırmasıdır. Bu il ABB-dəki əmanət sahiblərinə 127 milyon manat ödənilib ki, bu da ötən ilə nisbətən 57 milyon manat (82%) artıqdır. Əmanət xərclərinin yüksəlməsi, bankdakı əmanətlərin artımı ilə bağlıdır.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə xərclər isə 6,4 dəfə artaraq 31 milyon manata yaxınlaşıb. Bundan əlavə, ilk yarım ildə ABB öz istiqrazları üzrə 5,5 milyon manat faiz ödəyib.
Yekunda, Bankın xalis faiz gəliri 341,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,8 milyon manatlıq (2%) artım deməkdir.
Bankın müştəriləri aktivləşib - qeyri-faiz gəlirləri artıb
Bu il ABB-nin maliyyə nəticələrini gücləndirən amillərdən biri də qeyri-faiz əməliyyatlarının daha da canlanması və ondan gəlirlərin artımı olub. İlk 6 ayda Bankın cəmi qeyri-faiz gəlirləri 52 milyon manat və ya 36% artaraq 199 milyon manata yüksələrək, ötən ilə nisbətən 52,5 milyon manat (35,8%) artıb.
Hesabat dövründə ABB-nin göstərdiyi xidmətlərə görə, haqq və komissiya gəliri 125,5 milyon manata çatıb ki, bu da illik 19 milyon manat (18%) artım deməkdir. Bu il ABB xarici valyuta əməliyyatlarından 39 milyon manat gəlir əldə edib, ötən illə müqayisədə 13 milyon manat və ya 53% artım olub.
Digər gəlirlər isə 2 dəfə artaraq 32 milyon manata yaxınlaşıb.
Bankda əmək haqları 21 milyon manat artıb
Bu il ABB-nin qeyri-faiz xərcləri 284 milyon manat təşkil edib, bu 61 milyon manat və ya 27% artım deməkdir.
Qeyri-faiz xərclərinin əsas hissəsi əmək haqqına sərf edilib. Bu ilin 6 ayında ABB öz əməkdaşlarına 125,5 milyon manat əmək haqqı ödəyib, ötən il bu məbləğ 84 milyon manat idi.
Təqribən 30 milyon manat isə ümumi inzibati və amortizasiya xərclərinə sərf edilib.
Nəticədə 2-ci rübün sonuna ABB-nin əməliyyat mənfəəti 256,3 milyon manat olub. Bu məbləğin 65,9 milyon manatı mümkün zərərlərdən qorunmaq üçün yaradılan ehtiyatlara ayrılıb, 35 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə bank 2-ci rübü 155,5 milyon manat xalis mənfəətlə tamamlayıb.
Hesabat dövrünün sonunda Bankın cəmi aktivləri 14 milyard 47 milyon manata yüksələrək 418,1 milyon manat (3,1%) artıb. Cəmi öhdəliklər 12 milyard 44 milyon manata çataraq 465,1 milyon manat (4,0%) artıb. Bankın cəmi kapitalı isə 2 milyard 3 milyon manat təşkil edib.
Aktivlərin vəziyyəti
2-cü rübün sonuna ABB-də nağd pul vəsaitləri və ekvivalentləri 3 milyard 181 milyon manata çatıb ki, bu da 18,6 milyon manatlıq (0,6%) artım deməkdir.
Ticarət və investisiya qiymətli kağızlarına yatırımlar 3 milyard 286 milyon manat təşkil edib. Banklar və digər maliyyə institutlarındakı depozitlər 793,5 milyon manata yüksələrək 2 dəfədən çox artıb. Banklar və digər maliyyə institutlarına verilən kreditlər 19,7 milyon manat olub.
Müştərilərə verilmiş xalis kredit portfeli 6 milyard 93 milyon manata yüksələrək 229 milyon manat (3,9%) artıb. Bu portfelin daxilində bütün istiqamətlər üzrə artım qeydə alınıb:
Biznes kreditləri 3 milyard 241 milyon manata çatıb ki, bu da 131 milyon manatlıq (4,2%) artım deməkdir. İstehlak kreditləri 129 milyon manat (7,2%) arataraq 1 milyard 927 milyon manata yüksəlib. Daşınmaz əmlak kreditləri isə 32 milyon manat artıb - 1 milyard 475 milyon manat.
Əmlak və avadanlıqlar 202,8 milyon manat təşkil edib.
Digər aktivlər isə 459,9 milyon manata çataraq 23,9 milyon manat (5,5%) artıb.
Depozit portfeli 9 milyard manatı keçib
Bankın cəmi depozit portfeli 9 milyard 68 milyon manata çatıb ki, bu da 49 milyon manatlıq (0,5%) artım deməkdir. Bu dpvrdə fiziki şəxslərin depozitləri 242 milyon manat (8,8%) artaraq 2 milyard 991 milyon manata çatib, hüquqi şəxslərin depozitləri isə 6 milyard 77 milyon manat olub.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 1 milyard 344 milyon manata çataraq 356,3 milyon manat (36,1%) artıb. Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 1 milyard 70 milyon manata yüksələrək 211 milyon manat (24,7%) artıb. Buraxılmış borc qiymətli kağızları 100 milyon manat səviyyəsində dəyişməz qalıb.
Digər öhdəliklər isə 432,3 milyon manat təşkil edib.
Kapitalın vəziyyəti
Bankın kapitalının strukturunda səhmdar kapitalı 1 milyard 281 milyon manat səviyyəsində dəyişməz qalıb. Bölüşdürülməmiş mənfəət 441 milyon manat, ümumi ehtiyatlar isə 280 milyon manat təşkil edib.