Azərbğaycanın bank sektorunun lideri olan ABB Bank 2025-ci ildə qeyri-neft sektoruna kreditləri kəskin artırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, qeyri-neft sektoru son illər Azərbaycanda iqtisadiyyatın prioritet, inkişafına ciddi diqqət yetirilən sektorudur.
Beləliklə, 2025-ci ilin yekunlarına əsasən ABB Bankın biznes kredit portfeli 3,5 milyard manatı ötüb. Daha dəqiqi, il ərzində bankın kredit portfeli 426 milyon manat (+13,8%) artaraq 3 milyard 528 milyon manata çatıb.
2025-ci il ərzində korporativ biznes kreditləri 10,3% artaraq 3,146 milyard manat təşkil edib. Qeyri-neft sektoruna yönəlmiş biznes kreditlərinin həcmi 3,087 milyard manat olmaqla, ümumi biznes kredit portfelində 98% paya yüksəlib.
Sahibkarlıq seqmentində də ciddi artım dinamikası müşahidə olunub. Kiçik və orta biznes (SME) üzrə biznes kredit portfeli 39% artaraq 292 milyon manata, mikro biznes kreditləri isə 24% artımla 38,9 milyon manata çatıb.
Qeyd edək ki, 2025-ci il ərzində verilən biznes kreditlərinin 99%-i qeyri-neft sektorunu əhatə edib. Ən yüksək artım Tikinti, Yeyinti və ilkin tələbat mallarının ticarəti, Nəqliyyat, eləcə də İnformasiya və Rabitə sahələrində qeydə alınıb.
«Bu artım bankımızın biznesin və real sektorun maliyyələşdirilməsinə verdiyi strateji prioritetin göstəricisidir və bu yanaşmanın 2026-cı ildə də davam etdirilməsi nəzərdə tutulur»-deyə bildirilir.











