Xəbər verildiyi kimi, ölkənin aparıcı banklarından olan «Rabitəbank» daha bir beynəlxaq maliyyə təşkilatı ilə əməkdaşlığa başlayıb.
FED.az xatırladır ki, iyunun 24-də Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü illik toplantısı çərçivəsində Qara Dəniz Bankı ilə «Rabitəbank» ASC arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən QDTİB tərəfindən «Rabitəbank»a 36 ay müddətinə 10 milyon ABŞ dolları dəyərində kredit ayrılacaq.
«Rabitəbank»ın İdarə Heyətinin sədri Aydın Hüseynov FED.az biznes maliyyə portalına müsahibəsində yeni kreditin istifadə istiqamətləri, «Rabitəbank»ın sahibkarlar və biznes üçün təqdim etdiyi innovativ xidmətlər və bankın fəaliyyəti ilə bağlı sualları cavablandırıb.
Aydın müəllim, əvvəlcə yeni müqavilə barədə məlumat verərdiniz, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən 10 milyon dollar kredit hansı müddətə və hansı şərtlərlə ayrılıb? Və «Rabitəbank» bu vəsaitləri hansı sahələrə kredit ayırmaq üçün istifadə edəcək?
- Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə anlaşmamızın uğurlu və davamlı olacağına inanırıq. Kredit vəsaiti dollarla 36 ay müddətinə ayrılıb. 10 milyon dollar və ya onun manat ekvivalenti vəsait biznesə maliyyə dəstəyi, kiçik və orta sahibkarlığın (KOB) kreditləşməsi, qeyri-neft sektoru, eləcə də idxal və ixrac əməliyyatlarının maliyyələşməsinə yönəldiləcək.
Bir qədər dəqiqləşdirək, bu kreditlər hansı sahələrə və hansı faizlərlə veriləcək?
- 10 milyon dolların manat ekvivalentində 17milyon manat deməkdir. Bu vəsaitlər manat kreditləri ilə veriləcək, əsas da kiçik və orta biznesə. Məhdudiyyət yoxdur - logistika, ticarət, istehsalat, kənd təsərrüfatı və sair. Bu kreditlərdən Qarabağda fəaliyyət göstərən istənilən şirkət də istifadə edə bilər, kreditlər inşaat, logistika, tikinti materialarının istehsalı, hətta bu ərazidə market açmaq istəyənlərə də veriləcək.
O ki qaldı kreditlərin faiz dərəcəsinə, onlar bazar şərtlərindən çox aşağıdır, faiz ilə əlaqədar son danışıq mərhələsi olduğu üçün hal-hazırda belə deyə bilərəm, bazar şərtlərindən aşağı olacaqdır.
Hazırda «Rabitəbank»ın sahibkarlar və biznes üçün hansı məhsulları var?
- Əvvəla qeyd edim ki, «Rabitəbank» Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşməsi üçün innovativ məhsullara xüsusilə diqqət yetirən banklardandır. Bizim bankda hər zaman sahibkarlara əlçatan şərtlərlə, təminatsız və ya daşınar əmlak təminatlıq kreditlər verilir. Çünki sahibkar əldə olan daşınar və ya daşınmaz əmlakı banka girov qoyub müxtəlif kreditlər götürür. Yeni maliyyələşmə ehtiyacı olanda isə artıq yeni girov yoxdur. Dolayısıyla, elə məhsullar yaratmaq lazımdır ki, fərqli və müxtəlif daşınar əmlak girovu kifayət etsin.
Bu hansı məhsuldur?
- Biz keçən il «Rabitəbank»da iki maraqlı məhsul yaratdıq: bunun biri invoys maliyyələşmə, yəni faktura maliyyələşməsi adlanır. Mahiyyəti ondan ibarətdir ki, şirkət və ya sahibkar alacağı vəsait əsasında kredit götürür. Məsələn, mən, tutaq ki, «A» MMC olaraq «B» MMC-yə mal satmışam və ya xidmət gösərmişəm, ondan alacağım məbləğ var. Bu məbləğ 1-2 ay müddətinə gələcək, amma sahibkara indi vəsait lazımdır. Belə vəziyyətdə mən alacağım məbləği, daha dəqiqi invoysumu, fakturamı və ya başqa ifadə ilə pul axınımı banka girov qoyub kredit götürə bilərəm.
Bu məhsulun müddəti 3 aydır. Müştəri bu 3 ay müddətində əsas məbləği ödəmir, ancaq faiz ödəyir. Əsas borc o zaman ödənilir ki, müştəri gözlədiyi məbləği alır. Faizi də olduqca aşağı - aylıq cəmi 1%. Sizcə Azərbaycanda bundan aşağı faiz varmı?! Özü də diqqət yetirin, adətən faizlər o zaman aşağı düşür ki, girov, təminat və ya ipoteka olsun. Bizdə isə fərqli və müxtəlif daşınar əmlak girovu ilə belə faizlər var.
Sahibkarlar bu məhsuldan istifadə edirlər?
- Əlbəttə, biz bu məhsulun satışına artıq bir ildir başlamışıq və indiyədək 30 milyon manatdan yuxarı bir portfel formalaşdırmışıq. Hal-hazırda «invoys maliyyələşmə» bizim ən çox satdığımız kreditlərdəndir.
Bəs ikinci innovativ məhsulunuz hansıdır? O da biznes üçündür?
- Bəli ikinci kredit məhsulu da sahibkarlar üçün nəzərdə tutulub və sifariş maliyyələşməsi adlanır. Bu necə işləyir? Tutaq ki, mən, «A» MMC şirkəti digər şirkətdən, məsələn «B» MMC-dən sifariş alıb, hansısa məhsulu hazırlayıb, istehsal edib ona satmalıdır. Bunun üçün sahibkarın xammala ehtiyacım vardır, xammalı da 3-cü şirkət, məsələn, «C» MMC-dən almalıyam, amma yetəri qədər vəsaitim yoxdur.
Belə vəziyyətdə nə etməliyəm və xammal almaq üçün vəsaiti haradan tapmalıyam? Mənim hər iki şirkətlə - həm sifariş aldığım, həm də xammal almaq istədiyim şirkətlə müqaviləm var. «Rabitəbank»a müraciət edirəm, vəziyyəti – «B» MMC-dən sifariş aldığımı, «C» MMC-dən isə xammal almalı olduğumu bildirirəm. Hər iki tərəflə olan müqaviləni alırıq, o sifarişin məbləğini şirkətə – «A» MMC-yə ödəyirik. O həmin vəsaitlə «C» MMC-dən xammalı alır, işləyir, məhsulunu istehsal edir, «B» MMC-yə satır, sifarişçiyə, oradan pul gələndə kredit bağlanır.
Azərbaycan şirkətlərinin xariclə əməliyyatları artır, bu sahədə yeni məhsulunuz varmı?
- Bir qədər əvvəl biz «Exim Kart» məhsulumuzu istifadəyə vermişik. Bu - idxalat və ixracatla məşğul olan şirkətlər və sahibkarlar üçün hazırlanmış məhsuldur.
Bu kart necə işləyir?
- Sahibkar «Rabitəbank»dan kart götürür, ona 100 min manatlıq limit ayrılır, xaricdən mal gəlir, gömrük rüsumu ödəmək istəyirsən ya da Azərbaycanda məhsul, məsələn, pomidor, findıq, meyvə və s. istehsal edib xaricə ixrac etmək istəyir. Bunun üçün logistika xərcini ödəmək lazımdır. Bu bütün əməliyyatları bizim «Exim» Kartı ilə maliyyələşdirmək olar. Yəni bu kartla yalnız 3 ödəniş etmək olar - logistika şirkətinə daşıma haqqı, vergi və gömrük ödənişləri, hamısı qeyri-nağd formada.
Aydın müəllim, bölgələrlə, bölgədəki sahibkarlarla necə işləyirsiniz? Orada ənənəvi girov problemi var?
- Baxın, Azərbaycanda kiçik və orta biznesin istənilən nümayəndəsinin, sahibkarın, şirkətin debitor borcu var. Əgər mən bilsəm ki, bir şirkətin digər şirkətlə uzun müddətli biznesi, alış-verişi var, deməli onlar arasındakı debitor borc işlək debitor borcdur. Yuxarıda qeyd etdiyim həm invoys həm də sifariş maliyyələşmı məhsullarımız ilə bölgələrdə müxtəlif və fərqli daşınar əmlak təminatı ilə sahinkarlara maliyyələşmə xidmətləri göstəririk. Özü də qeyd edim ki, sahibkarlar üçün yaradılmış invoys maliyyələşmə mexanizmindən bölgələrdəki şirkətlər də fəal istifadə edirlər və bundan fermerlər də faydalanırlar.
Fermerlər bu məhsuldan necə istifadə edir?
- Məsələn, sadə bir misal: kənd təsərrüfatı maliyyələşməsi. Pomidor, xurma, alma, armud və ya çay – bu məhsullarla ticarət edən şirkətlər meyvəni haradan toplayırlar? Yerli fermerlərdən. Bizim bank bu prosesdə fermerlərin pulunu ödəməkə şirkətlərə dəstək verir, yəni kredit borcunu maliyyələşdiririk. Bizim istiqamətdə onların eyni zamanda, kreditor borcunun maliyyələşməsi vardır.
Yəni fermerlərdən məhsul alan şirkət, vəsaiti sizdən alır, fermerlərin ödənişin edir, sonra, bu məhsulu satandan sonra isə sizin krediti qaytarır?
- Bəli. Bununla biz əslində fermeri maliyyələşdiririk. Məsələn, fermer banka müracət edir və bildirir ki, Azərbaycanda böyük meyvə-tərəvəz istehsalçısının və ya ixracatçısının tədarükçüsüdür. Araşdırırıq ki, arada müqavilə var, pul axını var, fermer aparır məhsulunu həmin şirkətə verir, bizə göstərir ki, buradan alacağı var. Biz əmin oluruq ki, fermer bu şirkətlə işləyir, çay, xurma, alma toplayıb verir, şirkət də həmin məhsulu ya emal eləyir, ya da xammal olaraq satır, yəni fermerin bu şirkətlə uzunmüddətli əməkdaşlığı və doğrudan da alacağı məbləğ var. Biz də o fermerin debitor borcunu, o şirkətdən alacağı məbləği əsas tutaraq onu maliyyələşdiririk.
Hazırda «Rabitəbank» sizin dediklərinizdən əlavə innovativ məhsul hazırlayırmı?
- Hazırda biz yeni - debitor borcun satın alınması məhsulu üzərində işləyirik. Bu nə deməkdir? Tutaq ki, «A» MMC-nin «B» MMC-dən alacağı var. «A» MMC gəlib banka bildirir ki, alacağı borcu banka satmaq istəyir. Məsələn 100 min manat alacağı var, onu banka müəyyən güzəşt ilə satır. Bank razılaşır və tərəflər arasında 3 tərəfli (bank, alacaqlı və borclu) müqavilə imzalanır. Nəticədə «B» MMC şirkəti borcunu «A» şikətinə deyil, banka ödəyir. Beləliklə, həm «A» şirkəti vəsaitini daha tez əldə edir, biznesin likvid, nağd dövriyyə vəsaitini artırır. Bu məhsul üzərində işləyirik, yaxın vaxtlarda işə düşəcək.
Biz indiyədək yalnız sahibkarlar və biznes üçün məhsullardan danışırıq. Ənənəvi istehlakçılar üçün hansı yeniliyiniz var?
- Ümumiyyətlə qeyd edim ki, bizim bankımız universal bankdır, istehlak, mikro, kiçik və orta biznes, korporativ seqmentdə fəaliyyət göstərir.
Bizim «Kartmane» məhsulumuz var - həm yığım, həm də kəşbək kartıdır. Vəsaitlərinizi kartda saxlaya bilərsiniz, bura yatırdığınız vəsaitə bank faiz ödəyir, illik 6%-ə qədər, həm də hər alış-verişdə minimum 2%-ə qədər sizə ödəniş eləyirik. Restoran və marketlərdə kəşbək səviyyəsi 5%-ə çatır. Yanacaq satışında isə «Kartmane» üzrə 10% kəşbək veririk. Benzinin qiyməti qalxanda bizim keşbek kartında o artımı kompensasiya edə bilirik.
Eləcə də istehlakçı müştərilər üçün illik 12%-dən başlayan istehlak kreditlərimiz var.
Aydın müəllim, Bankın öz vəziyyətiylə bağlı, artıq ilin ilk yarısı arxada qalıb. Yarım ilin nəticələri necədir?
- Ölkədəki 26 bank arasında 7-ci sıradayıq, aktivlərimizin həcmi 1 milyard manata yaxındır. Yarım milyardın üstündə kredit portfelimiz vardır, onun əksər hissəsi sahibkarlığa, biznesə verilən.
Aydın müəllim, «Rabitəbank» xarici ölkədə işləyən iş adamlarına, xarici şirkətlərə kredit verilməsi məsələsinə necə yanaşır? Belə kreditləriniz varmı?
- Bizim hal-hazırda əsas diqqətimiz ilk növbədə Azərbaycandakı, yerli sahibkarların və şirkətlərin maliyyələşməsinə yönəlib. Çünki sahibkarlar indiyədək girovlu, təminatlı ipotekalı kreditləri kifayət qədər alıblar. Onlara alternativ məhsul yaratmaq lazımdır ki, müxtəlif daşınar əmlak təminatlı vəsaitlərə çıxış olsun. Biz ilk növbədə daxili bazarın belə tələbatlarını ödəməliyik ki, daha sonra xaricə çıxaq. O ki qalda xarici şirkətlərə, xarici şirkətlərin Azərbaycandakı filial, nümayəndəliklərinidə maliyyələşdirmişik.
Bildiyimizə görə, «Rabitəbank» sindikativ kreditlərdə də iştirak etməyə başlayıb. Bu sahədə tərəfdaşlarınız kimlərdir?
- Bəli, Türkiyənin «İş Bankası», Garanti Bank və «Ziraat Bank»ının sindikativ kreditlərində iştirak etmişik.